PDF Oxu

Siyasət

  • 527

Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli

Mədəniyyətlərarası dialoqun Azərbaycan modeli

Bu gün Azərbaycan bir çox yüksək səviyyəli tədbirə ev sahibliyi edir. Bu, dünyanın diqqətinin ölkəmizə və bütövlükdə regiona cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif ölkələri təmsil edən nümayəndələrin bu tədbirdə iştirakı ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirir və Azərbaycanın mühüm dialoq mərkəzi kimi mövqeyini gücləndirir. Dövlətimizin ortaya qoyduğu əməkdaşlıq modeli dünya üçün əsl nümunədir. Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışında dövlətimizin başçısı bir daha bununla bağlı fikirlərini ifadə etdi. Çıxışda Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyi, milli birliyin dövlətçilik üçün əhəmiyyəti, müasir dünyada ideoloji təhlükəsizlik və münaqişələrin həlli mövzusunda həm siyasi, həm də ideoloji baxımdan mühüm mesajlar səsləndirildi.

Azərbaycan tarix boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi multikultural ənənələri ilə seçilib. Müxtəlif xalqlara və dinlərə məxsus insanlar burada birgəyaşayış ənənələri formalaşdırmışlar. Onlara qarşı ayrı-seçkiliyə yol verilməmiş, ölkənin bütün vətəndaşlarının bərabər hüquqlara malik olması əsas prinsip kimi qəbul edilmişdir. Bu, Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edib. Müasir dünyada mədəniyyətlərarası və dinlərarası münasibətlər sahəsində ciddi problemlərin yaşandığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət bu gün uğurla davam etdirilir. Azərbaycanın təcrübəsi multikulturalizmin müasir nümunələrindən biri kimi diqqət çəkir. Cənab Prezidentin çıxışında qeyd olundu ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir.
Bu gün müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin təmsilçiləri arasında qarşılıqlı anlaşma yaratmaq həm də beynəlxalq təhlükəsizliyin, siyasi sabitliyin və davamlı inkişafın mühüm şərtlərindən biridir. Milli birlik mədəni fərqliliklərin inkarı deyil, həmin fərqliliklərin ümumi dövlətçilik və vətəndaşlıq dəyərləri ilə uzlaşdırılmasıdır.
Dövlətimizin başçısı çıxışında Asiya ilə Avropa arasında yerləşən Azərbaycanın əsrlər boyu mədəniyyət körpüsü rolunu oynadığını vurğuladı. Azərbaycanın Şərq və Qərb arasında yerləşməsi müxtəlif mədəniyyətlərlə təmas üçün əlverişli şərait yaradıb. Tarixən ticarət yollarının, xüsusilə İpək Yolunun üzərində yerləşməsi ölkəmizin həm iqtisadi, həm də mədəni əlaqələrin inkişafına şərait yaradıb. Əlbəttə, coğrafi mövqeyimizin yaratdığı bu imkanları beynəlxalq əməkdaşlığa çevirmək siyasi iradə və düzgün qurulmuş diplomatik münasibətlərdən asılıdır. Bu baxımdan ölkəmizin təşəbbüsləri mühüm əhəmiyyət daşıyır.
Dövlət başçısı Azərbaycanın daxili risklərlə üzləşmədiyini vurğulayaraq hüdudlarımızdan kənardan gələn risklərə diqqət çəkdi, həmçinin ideoloji təhdidlərin də fiziki təhdidlər qədər təhlükəli olduğunu bildirdi. Ona görə də Prezident bir daha hamını ayıq-sayıq olmağa, özünəməxsusluğumuzu, dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumağa çağırdı. Müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın əsas məqsədi işğal altında olan torpaqların azad olunması, ərazi bütövlüyünün bərpası idi. Bu gün isə artıq torpaqlarımız azaddır, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Cənab Prezident çıxışında qeyd etdi ki, biz müharibədən sonra Ermənistana sülh təklif etdik. Bu, misli görünməmiş bir haldır. Müharibələrin tarixinə nəzər salsaq, yəqin ki, son qanlı toqquşmadan iki il belə keçməmiş ölkələrin sülhə nail olması nümunəsinə rast gəlmərik.
Əlbəttə, burada əsas məqsəd bölgədə dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək idi və artıq Azərbaycanın təşəbbüsü ilə hazırlanmış sülh sazişi paraflanıb.
Müasir dövrdə təhlükəsizlik anlayışı ərazi bütövlüyünün və sərhədlərin qorunması ilə yanaşı, informasiya məkanının, milli-mənəvi dəyərlərin və ictimai düşüncənin müdafiəsini də əhatə edir. İnformasiya sərhədlərinin zəifləməsi, sosial şəbəkələr vasitəsilə yayılan yanlış məlumatlar ictimai münasibətlərə təsir göstərə bilir. Ona görə də cəmiyyət bu cür təhdidlərə qarşı hazırlıqlı olmalı, əhalinin informasiya savadlılığı artırılmalıdır. Azərbaycan heç bir dövlətin işlərinə qarışmadığı kimi, heç bir kənar qüvvə də bizim işlərimizə qarışmamalı, bizə necə yaşamalı olduğumuzu öyrətməməlidir. Bizə diqtə etmək istəyənlər həmişə olduğu kimi indi də dövlətimizin konkret mövqeyi ilə qarşılaşırlar. Azərbaycanın bu qətiyyətli mövqeyi Prezident İlham Əliyev tərəfindən son dövrlərdə dəfələrə açıq şəkildə ifadə olunub.
Çıxışda Azərbaycanın müstəqil xarici siyasəti, enerji bazarındakı rolu, nəqliyyat-kommunikasiya imkanları və müxtəlif beynəlxalq platformalarda iştirakı da vurğulanaraq qeyd olundu ki, ölkəmizin rolu son dərəcə sürətlə artır. Artıq Azərbaycan qeyri-sabit regionda sabitliyin dayağı kimi qəbul edilir. Beynəlxalq birliyin etibarlı və hörmətli bir üzvü kimi ölkəmiz dünyanın iki böyük gücü – Amerika Birləşmiş Ştatları və Çinlə tərəfdaşlıq əlaqələri qurub. Artıq müasir beynəlxalq münasibətlərdə dövlətin mövqeyi hərbi və iqtisadi imkanlarla yanaşı, diplomatik çevikliyi, tərəfdaşlıq əlaqələri və mədəni-humanitar əməkdaşlıq imkanları ilə də müəyyənləşir. Azərbaycan həm də dünyada mötəbər beynəlxalq tədbirlərin uğurla keçirildiyi, bu sahədə ciddi təcrübəsi olan bir dövlət kimi çıxış edir. Bu tədbirlər həm də əməkdaşlıq imkanlarının genişlənməsinə, davamlı dialoqun və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.
Bu gün mədəniyyətlərarası dialoq yalnız müxtəlif xalqların bir-birini tanıması vasitəsi deyil, həm də dövlətlərin təhlükəsizlik, suverenlik və beynəlxalq əməkdaşlıqla bağlı fikirlərini ifadə etmək üçün mühüm platformadır. Müasir dünyada sülhün və sabitliyin qorunması üçün dövlətlərarası dialoq çox vacibdir. Prezident İlham Əliyevin tədbirdəki çıxışında səslənən mühüm mesajlar Azərbaycanın bu məsələlərdəki mövqeyini, son illərdə görülən işlərin mənzərəsini və regionda sülhə verdiyi töhfələri aydın şəkildə ifadə etdi. Çıxışda ölkənin multikulturalizm ənənələri, müasir dövrün çağırışları, suverenlik və təhlükəsizlik, beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər əhatəli şəkildə təqdim olundu.
Bütün bunlar göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də milli birliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan dəyərləri ilə müəyyənləşir. Müasir dünyanın mürəkkəb çağırışları fonunda bu dəyərlərin qorunması dövlət müstəqilliyinin möhkəmləndirilməsi və davamlı inkişafın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru

Digər xəbərlər