PDF Oxu

Siyasət

  • 1 145

“Multikulturalizmin dayanıqlılığı bərabər hüquq və qarşılıqlı hörmətlə ölçülür” - MİLLƏT VƏKİLİ

“Multikulturalizmin dayanıqlılığı bərabər hüquq və qarşılıqlı hörmətlə ölçülür” - MİLLƏT VƏKİLİ

“Dünyada dini, etnik və mədəni zəmində gərginliklərin artdığı, fərqli kimliklər arasında qarşılıqlı etimadın sınağa çəkildiyi bir dövrdə Azərbaycanın multikulturalizm təcrübəsi xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan üçün mədəniyyətlərarası dialoq tarixi ənənələrə, milli dəyərlərə və dövlət siyasətinə əsaslanan mühüm prinsipdir”.
Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Könül Nurullayeva deyib.
Onun sözlərinə görə, Azərbaycanın coğrafi mövqeyi əsrlər boyu müxtəlif sivilizasiyaların, dinlərin və mədəniyyətlərin qarşılıqlı əlaqəsinə şərait yaradıb:”Ölkəmizin multikulturalizm modelini fərqləndirən əsas məsələ müxtəlifliyin cəmiyyətin təbii zənginliyi kimi qəbul edilməsi, fərqli etnik və dini mənsubiyyətə malik insanların ümumi dövlətçilik dəyərləri ətrafında birləşməsidir.
Azərbaycanda multikulturalizm tarixi irsin qorunması ilə yanaşı, müasir dövlət quruculuğunun və ictimai həmrəyliyin mühüm istiqaməti kimi çıxış edir.
Bu birliyin ideoloji əsaslarından biri Azərbaycançılıq ideologiyasıdır. Dövlət başçısının qeyd etdiyi kimi, “Biz milli ideyalar ətrafında birləşmişik. Onlardan biri Azərbaycançılıqdır”. Azərbaycançılıq müxtəlif etnik və dini qrupları vahid Vətən, ümumi vətəndaşlıq və dövlətçilik ideyası ətrafında birləşdirərək milli birliyin möhkəmlənməsinə xidmət edir. Bu yanaşmada milli kimliyin qorunması ilə fərqli mədəniyyətlərə hörmət bir-birini tamamlayan dəyərlərdir.
Multikulturalizmin dayanıqlılığı isə bərabər hüquqların qorunması, qarşılıqlı hörmətin təşviqi və ayrı-seçkiliyə yol verilməməsi ilə ölçülür. Müasir dünyada bir çox qarşıdurmaların kökündə dini və etnik fərqlərin siyasi məqsədlər naminə istismar edilməsi, stereotiplərin yayılması və müəyyən qrupların cəmiyyət üçün təhlükə kimi təqdim olunması dayanır. Belə şəraitdə Azərbaycanın təcrübəsi dialoqun, hüquq bərabərliyinin və ictimai həmrəyliyin əhəmiyyətini ön plana çıxarır.
Bu baxımdan Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusi əhəmiyyət daşıyır. Bu platformalar müxtəlif ölkələrin, dinlərin və mədəniyyətlərin nümayəndələrini ortaq müzakirələr ətrafında bir araya gətirir. Onların əsas üstünlüyü fikir ayrılıqlarını qarşıdurmaya çevirmədən, qarşılıqlı anlaşma və əməkdaşlıq vasitəsilə həll yollarının axtarılmasına imkan yaratmasıdır.
Dialoq tərəflərin bərabərhüquqlu iştirakına və qarşılıqlı hörmətə söykəndiyi zaman davamlı nəticələr verir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq forumlar ölkənin bu istiqamətdə təşəbbüskar mövqeyini nümayiş etdirməklə yanaşı, qlobal problemlərin həllində dialoqun rolunu da gündəmə gətirir. Müxtəliflikdən qaynaqlanan fərqləri əməkdaşlıq imkanı kimi dəyərləndirmək müasir dünyanın qarşısında duran əsas vəzifələrdəndir.
Prezident İlham Əliyevin Forumun açılışındakı çıxışının mahiyyəti də bu yanaşmanı əks etdirir. Sülh və sabitliyin qorunması üçün cəmiyyətlər və dövlətlər arasında körpülər qurulmalı, qarşılıqlı etimad möhkəmləndirilməli, dialoq davamlı prosesə çevrilməlidir. Azərbaycanın multikulturalizm təcrübəsi də fərqli mədəniyyətlərin birgəyaşayışının mümkünlüyünü göstərən və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xidmət edir”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər