Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı ölkəmizin milli birliyini, multikulturalizm ənənələrini, ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirdiyi siyasəti bir daha ön plana çıxarıb.
Dövlət başçısı çıxışında əsrlər boyu Azərbaycanın Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olduğunu vurğulayaraq qeyd edib ki, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması dövlət siyasətinin mühüm nailiyyətlərindəndir. Azərbaycançılıq ideyası ətrafında birləşən cəmiyyətimiz milli həmrəyliyin və birgəyaşayış mədəniyyətinin nümunəsini nümayiş etdirir.
Azərbaycan cəmiyyətinin əsas gücü əsrlər boyu qorunub saxlanılan milli-mənəvi dəyərlərdə, qarşılıqlı hörmət və həmrəylik ənənələrində təcəssüm olunur. Ölkəmizdə müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri vahid cəmiyyətin üzvləri kimi yaşayır, Azərbaycanın inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Milli birlik, azərbaycançılıq ideologiyası və ortaq Vətənə bağlılıq dövlətimizin sabitliyini və gücünü şərtləndirən başlıca amillərdəndir. Xalqımızın birliyi xüsusilə ölkəmizin üzləşdiyi ağır sınaqlar zamanı özünü aydın şəkildə göstərib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular.
Dövlət müstəqilliyinin bərpasından ötən 35 il ərzində Azərbaycan öz milli dəyərlərini, dilini, ənənələrini və dövlətçilik irsini qoruyaraq böyük inkişaf yolu keçib. Ölkəmiz müxtəlif tarixi dövrlərdə fərqli siyasi sistemlərin tərkibində yaşasa da, milli kimliyini və müstəqillik arzusunu qoruyub saxlayıb. Müstəqilliyin bərpası isə Azərbaycan xalqına öz taleyini müəyyənləşdirmək, milli maraqlarına uyğun siyasət yürütmək və güclü dövlət qurmaq imkanı verib.
Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Uzun illər davam edən danışıqların nəticəsiz qalmasından sonra Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək ərazilərini işğaldan azad edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ölkəmizin suverenliyinin tam bərpası ilə nəticələnib. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən, lakin uzun illər icra edilməyən qətnamələrinin yerinə yetirilməsinə nail olub.
Azərbaycanın tarixi təcrübəsi beynəlxalq hüququn aliliyinin və dövlətlərin ərazi bütövlüyünə hörmətin nə qədər vacib olduğunun göstəricisidir. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən təsirli mexanizmlərin yaradılmasının zəruriliyini də vurğulayıb. Çünki beynəlxalq təşkilatların qəbul etdiyi qərarların kağız üzərində qalması ədalətin təmin olunmasına və münaqişələrin vaxtında həllinə mane olur. Beynəlxalq hüququn bütün dövlətlərə münasibətdə eyni prinsiplərlə tətbiqi qlobal təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın hərbi Qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi də dövlətimizin strateji yanaşmasının mühüm göstəricisidir. Ölkəmiz regionda yeni müharibələrin qarşısını almağı, münasibətləri normallaşdırmağı və əməkdaşlıq imkanlarını genişləndirməyi hədəfləyir. Ermənistanla sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə mühüm mərhələdir. Azərbaycanın məqsədi münaqişəni davam etdirmək deyil, tarixi ədaləti və beynəlxalq hüququn prinsiplərini əsas götürərək Cənubi Qafqazda davamlı sülhə nail olmaqdır.
Ölkəmizin iqtisadi potensialı və beynəlxalq əlaqələri də bu məqsədlərin həyata keçirilməsi üçün mühüm imkanlar yaradır. Azərbaycanın aşağı xarici borc səviyyəsi, enerji təhlükəsizliyinə verdiyi töhfələr, müasir nəqliyyat infrastrukturu və beynəlxalq bağlantıların inkişafındakı rolu onun strateji əhəmiyyətini artırır. Qonşu dövlətlərlə və müxtəlif tərəfdaşlarla qurulan münasibətlər ölkəmizin regional əməkdaşlığın genişləndirilməsindəki mövqeyini möhkəmləndirir. Bununla yanaşı, dəyişkən beynəlxalq şərait və yeni təhlükəsizlik çağırışları Azərbaycanın daim ayıq-sayıq olmasını, milli maraqlarını qətiyyətlə qorumasını zəruri edir.
Beləliklə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın keçdiyi tarixi yolun, milli həmrəyliyinin və müstəqil siyasətinin əsas istiqamətlərini nümayiş etdirir. Ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, sülhün, qarşılıqlı hörmətin və beynəlxalq əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Milli birliyə, iqtisadi gücə və multikultural dəyərlərə əsaslanan inkişaf strategiyası Azərbaycanın gələcək hədəflərinə inamla irəliləməsi üçün möhkəm zəmin yaradır.