Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsini, milli həmrəyliyini, beynəlxalq mövqeyini və gələcəyə yönəlmiş inkişaf strategiyasını nümayiş etdirir. “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan Forumda qeyd edilən fikirlər ölkəmizin uğurlu inkişafının təməlində yalnız iqtisadi və siyasi amillər deyil, həm də tarixi-mədəni irsə bağlılıq, cəmiyyətdə qarşılıqlı hörmət, milli birlik və dövlət maraqlarına sadiqlik prinsiplərinin dayandığını bir daha təsdiqləyir.
Azərbaycan əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynayıb. Ölkəmizdə multikulturalizm, dini və etnik dözümlülük xalqımızın tarixən qoruyub saxladığı dəyərlərdəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Bu ənənələr dövlət siyasəti ilə möhkəmlənərək ölkəmizin sabitliyinə, sosial ahəngdarlığına və beynəlxalq nüfuzuna mühüm töhfə verir.
Azərbaycan cəmiyyətinin birliyini ifadə edən əsas ideyalardan biri azərbaycançılıq məfkurəsidir. Bu ideya milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımızı vahid dövlətçilik maraqları ətrafında birləşdirir. Tarixin müxtəlif mərhələlərində fərqli siyasi sistemlərdə yaşamasına baxmayaraq, xalqımız dilini, adət-ənənələrini, milli-mənəvi dəyərlərini və özünəməxsusluğunu qoruyub saxlaya bilib. Dövlət müstəqilliyinin bərpası isə xalqımıza öz taleyini müəyyənləşdirmək, milli maraqlarına uyğun inkişaf yolunu seçmək imkanı verib. Bu gün ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, həyata keçirilən genişmiqyaslı layihələr və yaradılan müasir infrastruktur əsasən müstəqillik dövründə görülən işlərin nəticəsidir.
Milli birliyin gücü xüsusilə Ermənistanın hərbi təcavüzü və işğalı dövründə, eləcə də İkinci Qarabağ müharibəsi zamanı aydın şəkildə nümayiş olunub. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Vətən uğrunda vahid amal ətrafında birləşib. “Dəmir yumruq” rəmzinə çevrilən bu həmrəylik dövlətimizin qətiyyətini, xalqımızın iradəsini və ədalətin bərpasına olan inamını ifadə edib. Bu təcrübə bir daha sübut edib ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür; cəmiyyətin birliyi, milli məsuliyyət və ümumi məqsədlər naminə səfərbərlik də mühüm strateji amillərdir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, beynəlxalq hüququn prinsipləri və sülhün təmin olunması məsələlərinə də toxundu. Uzun illər ərzində aparılan danışıqların nəticəsiz qalması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və işğal olunmuş Azərbaycan ərazilərindən qoşunların çıxarılmasını tələb edən qətnamələrin icra edilməməsi ciddi problemlər yaratmışdı. Azərbaycan özünümüdafiə hüququna və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü bərpa etdi. 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazilərində təmin olundu. Bu hadisələr beynəlxalq münasibətlər sistemində mühüm bir məqama diqqət çəkir: beynəlxalq hüquq normaları yalnız qəbul edilməməli, eyni zamanda ardıcıl şəkildə icra olunmalıdır.
Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini təmin edən mexanizmlərin yaradılmasına dair fikirləri də bu baxımdan əhəmiyyətlidir. Əgər beynəlxalq təşkilatların qərarlarının icrası üçün təsirli mexanizmlər mövcud olmazsa, həmin qərarların praktik nəticələri məhdudlaşır, beynəlxalq ədalətə və təşkilatlara olan etimad zəifləyir. Azərbaycanın təcrübəsi beynəlxalq hüququn prinsiplərinin bütün dövlətlərə münasibətdə eyni qaydada tətbiq edilməli olduğunun göstəricisidir. Dövlətimizin başçısı qeyd edib ki, biz danışıqlarda bütün səmimiyyətimizlə və ümidlə iştirak edirdik: “Lakin bu prosesin heç bir nəticə vermədiyini gördükdə, özünümüdafiə hüququ da daxil olmaqla, BMT Nizamnaməsində, o cümlədən onun 51-ci maddəsində təsbit edilmiş qanuni hüququmuza əsaslanaraq məsələni həll etdik”.
Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi də dövlətimizin strateji yanaşmasını səciyyələndirən mühüm amillərdəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Azərbaycan hərbi əməliyyatların davam etdirilməsi əvəzinə sülhə üstünlük verib. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişinin layihəsinin paraflanması və birgə bəyannamənin imzalanması regionda münasibətlərin yeni mərhələyə keçməsi baxımından əhəmiyyətli addım olub. Müharibəyə başlamağın asan, onu başa çatdırmağın isə çətin olduğunu nəzərə alsaq, Azərbaycanın hərbi Qələbədən sonra sülhə yönəlmiş mövqeyi mühüm təcrübə kimi dəyərləndirilir. Davamlı sülhün təmin olunması üçün tərəflər qarşılıqlı öhdəliklərə əməl etməli, etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atmalıdırlar.
Dövlətimizin başçısı Azərbaycanın iqtisadi imkanlarına və beynəlxalq əlaqələr üzrə roluna da toxunub. Xarici borcun ümumi daxili məhsulun 5 faizindən bir qədər artıq olması ölkəmizin maliyyə dayanıqlılığını xarakterizə edən mühüm göstəricilərdən biridir. Enerji resurslarının beynəlxalq bazarlara etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyi, nəqliyyat infrastrukturuna yatırılan sərmayələr və regional əməkdaşlıq əlaqələri ölkəmizin strateji əhəmiyyətini artırır. Avropa ilə Asiya arasında yerləşən əlverişli coğrafi mövqeyi müasir yollar, dəmir yolları, limanlar və digər infrastruktur layihələri ilə tamamlanaraq Azərbaycanın tranzit və logistika imkanlarını genişləndirir. Bununla yanaşı, regional əlaqələrin inkişafı yalnız coğrafi mövqe və infrastrukturla məhdudlaşmır. Bu sahədə uğur qazanmaq üçün qonşu dövlətlərlə, eləcə də region ölkələrinin tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlər qurmaq vacibdir. Azərbaycanın fəal xarici siyasəti, iqtisadi potensialı, sabitliyi və əməkdaşlığa açıq mövqeyi bu imkanların reallaşmasına şərait yaradır.
Multikulturalizm və mədəniyyətlərarası dialoq ənənələri də ölkəmizin beynəlxalq tərəfdaşlarla münasibətlərinin möhkəmlənməsinə müsbət təsir göstərir. Bununla belə, müasir dünyanın mürəkkəb və proqnozlaşdırılması çətin olan reallıqları daim diqqətli olmağı tələb edir. Müxtəlif bölgələrdə münaqişələrin davam etdirilməsi, yeni gərginlik ocaqlarının yaranması və beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artması milli təhlükəsizliyin, iqtisadi dayanıqlılığın və müdafiə qabiliyyətinin möhkəmləndirilməsini zəruri edir. Azərbaycan dialoq və əməkdaşlığı dəstəkləməklə yanaşı, milli maraqların qorunmasını və mümkün risklərə hazırlıqlı olmağı da prioritet hesab edir.
Beləliklə, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı Azərbaycanın inkişaf modelinin əsas komponentlərini bir daha nümayiş etdirir. Milli birlik və multikulturalizm, beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe, sülh təşəbbüsləri, iqtisadi dayanıqlılıq və regional əməkdaşlıq ölkəmizin gələcək inkişafı üçün mühüm zəmin yaradır. Azərbaycan təcrübəsi sübut edir ki, milli-mənəvi dəyərlərini qoruyan, cəmiyyətində həmrəyliyi möhkəmləndirən və müstəqil siyasət yürüdən dövlət həm öz təhlükəsizliyini təmin edə, həm də beynəlxalq əməkdaşlığa əhəmiyyətli töhfələr verə bilər.
Nurlan Həsənov
Milli Məclisin deputatı