“Oktyabrın 27-də Bakıda keçirilən “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələri, beynəlxalq təşkilatları və mədəniyyətləri təmsil edən iştirakçıları bir araya gətirdi. Forum müasir dünyanın aktual problemlərinin müzakirəsi üçün mühüm platforma kimi diqqət çəkir. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı isə ölkəmizin suverenlik, beynəlxalq hüquq, regional sülh və qarşılıqlı əməkdaşlıq məsələlərinə dair prinsipial mövqeyini bir daha nümayiş etdirib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın Forumun keçirildiyi məkan kimi seçilməsi təsadüfi deyil. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin və dinlərin qarşılaşdığı, qarşılıqlı təsir göstərdiyi məkan olub. Bu ənənə müasir dövrdə də davam edir. Azərbaycanda müxtəlif etnik və dini icmaların dinc yanaşı yaşaması, milli və dini müxtəlifliyin dövlət siyasətində qorunması multikulturalizmin cəmiyyətimizin həyat tərzinə çevrildiyini göstərir. Bu modelin əsasını isə ümumi dövlətçilik maraqları, vətəndaş həmrəyliyi və qarşılıqlı hörmət təşkil edir. Azərbaycanın müasir tarixində milli birliyin əhəmiyyəti xüsusilə Vətən müharibəsi zamanı aydın göründü. 2020-ci ildə qazanılan tarixi Zəfər xalqın vahid məqsəd ətrafında birləşməsinin və milli iradəsinin təntənəsi idi. Prezident İlham Əliyevin çıxışında “Dəmir yumruq” rəmzinə istinad da bu həmrəyliyin siyasi və mənəvi məzmununu ifadə edir. Azərbaycanın təcrübəsi göstərir ki, cəmiyyətin birliyi və müstəqil qərarvermə iradəsi dövlətçiliyin əsas dayaqlarındandır.
Deputat bildirib ki, dövlət başçısının çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunulması beynəlxalq hüquq məsələsini yenidən gündəmə gətirir. Uzun illər ərzində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edən dörd qətnaməsinin icra edilməməsi beynəlxalq qərarlarla real fəaliyyət arasındakı ziddiyyəti göstərirdi. Bir milyona yaxın azərbaycanlının doğma yurdlarından didərgin düşməsi və işğal nəticəsində tarixi-mədəni irsimizə vurulan ziyan həmin dövrdə beynəlxalq ictimaiyyətin reaksiyasının yetərliliyi ilə bağlı ciddi suallar doğururdu. 2020-ci ildə Vətən müharibəsində qazanılan Qələbə və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri regionda yeni reallıqlar yaratdı. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü təmin etdikdən sonra diqqəti sülh gündəliyinə yönəltdi. Bu yanaşma göstərir ki, ölkəmizin məqsədi əldə olunmuş nəticələri qorumaqla yanaşı, regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün şərait yaratmaqdır.
“2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin paraflanması, eləcə də üç ölkənin liderlərinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması bu istiqamətdə mühüm diplomatik mərhələ oldu. Lakin əldə edilən razılaşmaların davamlı sülhə çevrilməsi tərəflərin öhdəliklərinə əməl etməsindən və münasibətlərin beynəlxalq hüquq əsasında qurulmasından asılıdır. Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn bütün dövlətlərə eyni prinsiplərlə tətbiq olunmasının vacibliyinə diqqət yetirilməsi də məhz bu baxımdan əhəmiyyətlidir. Hüquqi normaların siyasi maraqlardan asılı olaraq fərqli tətbiqi beynəlxalq sistemə etimadı zəiflədir və münaqişələrin həllini çətinləşdirir” – deyən millət vəkili əlavə edib ki, Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri milli maraqlara əsaslanan müstəqil kurs və müxtəlif tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıqdır. Ölkəmizin enerji təhlükəsizliyi, nəqliyyat-logistika əlaqələri və regional iqtisadi layihələrdə artan rolu onun beynəlxalq münasibətlər sistemində mövqeyini gücləndirir. Şərqlə Qərb, Şimalla Cənub arasında yerləşən Azərbaycan coğrafi üstünlüklərini müasir infrastruktur və məqsədyönlü diplomatiya vasitəsilə əməkdaşlıq imkanlarına çevirir. 2025-ci ildə Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin və ABŞ ilə Strateji Xartiyanın imzalanması isə Azərbaycanın müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini paralel inkişaf etdirdiyini göstərir. Bu yanaşma ölkəmizə dəyişən beynəlxalq şəraitdə milli maraqlarını qorumaqla yanaşı, yeni tərəfdaşlıq əlaqələri qurmağa imkan verir.
Pərvin Kərimzadə diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq platformalarda fəallığı və mühüm tədbirlərə ev sahibliyi etməsi də diplomatik əlaqələrin genişlənməsinə xidmət edir: “İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün 2027-ci ildə, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün isə 2028-ci ildə Bakıda keçirilməsi ilə bağlı açıqlamalar ölkəmizin müxtəlif regional və siyasi platformalarla əməkdaşlığa verdiyi əhəmiyyəti göstərir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşü platformasına tamhüquqlu üzv qəbul olunması və AQEM-də sədrliyin uzadılması Avrasiya məkanında əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir”.
“VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas məqsədi müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirməklə qarşılıqlı anlaşma üçün imkanlar yaratmaqdır. Geosiyasi rəqabətin artdığı, münaqişələrin davam etdiyi və mədəni-dini fərqlərin bəzən qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda belə platformaların əhəmiyyəti daha da artır. Ancaq dialoqun nəticəsi yalnız keçirilən tədbirlərin miqyası ilə deyil, qarşılıqlı etimadın möhkəmlənməsinə və konkret əməkdaşlıq təşəbbüslərinin yaranmasına verdiyi töhfə ilə ölçülür. Prezident İlham Əliyevin Forumdakı çıxışı isə Azərbaycanın milli maraqlarını, beynəlxalq münasibətlərə dair yanaşmasını və regional sülhə baxışını vahid siyasi çərçivədə təqdim edir. Azərbaycanın təcrübəsi göstərir ki, davamlı inkişaf üçün milli birlik və suverenliklə yanaşı, dövlətlər arasında bərabərliyə, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər də vacibdir. Bakıda keçirilən Forum isə bu prinsiplərin müzakirəsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün Azərbaycanın yaratdığı platformanın əhəmiyyətini bir daha önə çıxarır” – deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.