Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış etmişdir.
Bu platforma Azərbaycanın multikulturalizm və tolerantlıq modelini dünyaya təqdim etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan tarixən Avropa ilə Asiya arasında mədəniyyət körpüsü olmuş, multikulturalizm və etnik, dini dözümlülük ənənələrini qoruyub saxlamışdır. Bu dəyərlər ölkənin sabit inkişafının təməlində dayanır.
Keçirilən Forumun əsas missiyası yalnız mədəniyyətlərarası dialoqu gücləndirmək deyil, həm də qlobal sülh, təhlükəsizlik və dayanıqlı inkişaf üçün ortaq dəyərlərin formalaşdırılmasına töhfə verməkdir. Prezidentin çıxışı da Azərbaycanın bu sahədə oynadığı rolu, ölkənin tolerantlıq və multikulturalizm dəyərlərinə verdiyi önəmi bir daha nümayiş etdirir.
İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələrinin birlik nümayiş etdirməsi cənab Prezident İlham Əliyev tərəfindən Forumda diqqətə çatdırılan mövzulardandır: “Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan “Dəmir yumruq” kimi vuruşdular”.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət və beynəlxalq təşəbbüslər ölkəmizin qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmişdir. 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünün tam bərpası, ardınca sülh təşəbbüsünün irəli sürülməsi Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmişdir.
Azərbaycanın sülh təşəbbüsü, ikili standartlara qarşı mübarizə və qlobal tərəfdaşlıqların genişləndirilməsi ölkəmizin beynəlxalq nüfuzunu artıran əsas amillərdir.
Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan yaxın illərdə iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək: “Gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcəyik və biz demək olar ki, 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcəyik. Bunu siyasətimizə, dinimizə, ənənələrimizə və dəyərlərimizə olan münasibətin, hörmətin əlaməti kimi qəbul edirik. 2028-ci ildə biz Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Bu format artıq dörd ildir ki, mövcuddur və Zirvə görüşlərinin keçirilməsinə yalnız 2022-ci ildən başlanılıb. Beləliklə 2028-ci ildə Zirvə Görüşü Bakıda keçiriləcəkdir. Avropa Siyasi Birliyində 50-dən çox ölkə var”.
Azərbaycan artıq iki super güclə strateji tərəfdaşlıq münasibətləri qurmuşdur. 2025-ci ilin aprelində Çinlə Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi, avqustunda isə ABŞ ilə Strateji Xartiya imzalanmışdır. Bununla Azərbaycan həm Çin, həm də ABŞ ilə strateji tərəfdaşlıq formatına malikdir. Prezident İlham Əliyev çıxışı zamanı bunu Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi və mədəniyyətlərarası dialoqun aparıcı qüvvəsi kimi dəyərləndirmişdir.
Türkan Əhmədova
ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü