PDF Oxu

Siyasət

  • 579

Mədəniyyətlər arası münasibətlər yeni mərhələdə - ŞƏRH

Mədəniyyətlər arası münasibətlər yeni mərhələdə - ŞƏRH

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq əməkdaşlığın, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda çıxış edərək ölkəmizin multikulturalizm ənənələri, milli birliyi, müstəqil xarici siyasəti, ərazi bütövlüyünün bərpası, beynəlxalq hüquqa münasibəti və regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirdiyi siyasət barədə fikirlərini bildirib.
Cənab Prezidentimiz Azərbaycanın tarixən fərqli mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşan mövqeyini, xalqımızın əsrlər boyu qoruyub saxladığı tolerantlıq ənənələrini və müasir dövrdə beynəlxalq dialoqun inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Dövlət başçısı vurğulayıb ki, ötən 15 il ərzində Forum mədəniyyətlərarası və dinlərarası münasibətlərin müzakirəsi, qlobal problemlərə birgə yanaşmaların müəyyənləşdirilməsi baxımından səmərəli beynəlxalq platformaya çevrilib. Həmçinin bu il 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirak etdiyi, qeydiyyatdan keçənlərin sayının isə 2000-i ötdüyü Forumun geniş coğrafiyası Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinə göstərilən marağın bariz nümunəsidir.
Çıxışda Azərbaycanın əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynadığını vurğulanıb. Ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri tarixən sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb, dini və etnik dözümlülük xalqımızın mənəvi dəyərlərinin ayrılmaz hissəsinə çevrilib. Bu ənənələr müasir Azərbaycan dövlətinin siyasətində də öz əksini tapır. Eləcə də Azərbaycançılıq ideyası ətrafında birləşən xalqımızın həmrəyliyi ölkəmizin tarixinin ən çətin sınaqları zamanı da özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, eləcə də 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin Vətənin müdafiəsi uğrunda bir amal ətrafında birləşməsi milli birliyin gücünü nümayiş etdirib.
Ölkə Prezidenti İlham Əliyev bildirib ki, xalqımız müxtəlif tarixi dövrlərdə müstəqil dövlətçilik imkanlarından məhrum olsa da, milli kimliyini, dilini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarıb. Mövcud siyasi sistemlər və tarixi şərait milli iradəni sarsıda bilməyib, müstəqilliyin bərpası ilə Azərbaycan xalqı öz taleyinin sahibinə çevrilib.
Çıxışda müstəqillik illərində əldə olunan nailiyyətlərin yalnız iqtisadi və siyasi göstəricilərlə məhdudlaşmadığını, milli-mənəvi dəyərlərin qorunması və daha da möhkəmləndirilməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb. Həmçinin, müasir dünyada ideoloji risklərin də ciddi təhlükə yaratdığını vurğulayaraq milli özünəməxsusluğun, dövlətçiliyin və müstəqilliyin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd edib.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası xüsusi yer tutub. Dövlət başçısı uzun illər davam edən danışıqlar prosesinin nəticəsiz qalmasının, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən qətnamələrin icra olunmamasının münaqişənin həllini gecikdirdiyini bildirib. Azərbaycanın beynəlxalq hüquq normalarına, o cümlədən BMT Nizamnaməsinin özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayan Prezident qeyd edib ki, 2020-ci il İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri işğala son qoyulması ilə nəticələnib. Bununla Azərbaycan tarixi ədaləti bərpa edib, beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirib. Qazanılmış Qələbədən sonra Azərbaycanın sülh təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan müharibənin davam etməsində deyil, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Prezident İlham Əliyev müharibəyə başlamağın asan, lakin ona son qoymağın çətin olduğunu vurğulayaraq Azərbaycanın təcrübəsinin münaqişələrin həlli yollarını axtaran tərəflər üçün əhəmiyyətli nümunə ola biləcəyini bildirib.
Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların regional sabitliyin təmin olunmasına xidmət etdiyini qeyd edən dövlət başçısı ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə sülh sazişi layihəsinin paraflanmasını və üçtərəfli Bəyannamənin imzalanmasını mühüm hadisə kimi dəyərləndirib. Bu prosesin Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması və uzunmüddətli qarşıdurmanın aradan qaldırılması baxımından əhəmiyyətli mərhələ olduğu bildirilib.
Dövlət başçısı beynəlxalq münasibətlər sistemində mövcud olan problemlərdən danışarkən beynəlxalq təşkilatların qərarlarının icra mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini xüsusi vurğulayıb. Beynəlxalq hüququn səmərəli tətbiqi yalnız qərarların qəbul edilməsi ilə deyil, onların yerinə yetirilməsini təmin edən təsirli mexanizmlərin mövcudluğu ilə mümkündür. Ölkə başçısı BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini tələb edən qətnamələrinin uzun illər icra olunmamasını beynəlxalq sistemin ciddi problemlərindən biri kimi qeyd edib. Ermənistanın işğal siyasətinə görə sanksiyalara məruz qalmaması, eyni zamanda digər beynəlxalq münaqişələrdə fərqli yanaşmaların tətbiq edilməsi ikili standartların mövcudluğunu göstərən amillər kimi diqqətə çatdırılıb.
Cənab Prezidentimiz bildirib ki, Azərbaycan beynəlxalq siyasətdə ikili standartlara qarşı bundan sonra da qətiyyətlə mübarizə aparacaq. Heç bir dövlətin digər ölkələrə öz iradəsini diktə etməsi və onların daxili işlərinə müdaxilə etməsi qəbulolunmazdır. Qarşılıqlı hörmət, suverenliyə ehtiram və bərabərhüquqlu əməkdaşlıq beynəlxalq münasibətlərin əsas prinsipləri olmalıdır. Bu prinsiplərə əməl edilməsi münaqişələrin azalmasına, dövlətlər arasında etimadın artmasına və daha sabit beynəlxalq mühitin formalaşmasına şərait yarada bilər.
Ölkə başçısı Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin genişləndiyini, Çinlə hərtərəfli strateji tərəfdaşlıq Bəyannaməsinin və ABŞ ilə Strateji Xartiyanın imzalanmasının ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyini əks etdirdiyini bildirib. Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq sənədlərinin mövcudluğu da Azərbaycanın xarici siyasətinin mühüm nəticələrindəndir.

Qadir İbrahimov

YAP Culfa rayon təşkilatının sədri

Digər xəbərlər