2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə çıxış edərək mədəniyyətlərarası və dinlərarası dialoqun əhəmiyyətini, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini və Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırıb.
Dövlət başçısı çıxışında Forumun ötən illər ərzində beynəlxalq səviyyədə mühüm dialoq platformasına çevrildiyini vurğulayıb. Bildirilib ki, tədbirdə 100-dən artıq ölkədən nümayəndələrin iştirakı və 2000-dən çox şəxsin qeydiyyatdan keçməsi bu təşəbbüsə göstərilən böyük marağın göstəricisidir. Prezident İlham Əliyev Forumun təşkilində tərəfdaşların, xüsusilə BMT-nin Sivilizasiyalar Alyansının rolunu qeyd edərək, uzun illər ərzində qurulan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Möhtərəm Prezident çıxışında Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin birgə yaşadığı məkan olduğunu diqqətə çatdırıb. Ölkəmizdə formalaşmış multikulturalizm ənənələri, qarşılıqlı hörmət və tolerantlıq mühiti xalqımızın zəngin mənəvi dəyərlərinin mühüm tərkib hissəsidir. Azərbaycan müxtəlif mədəniyyətlərin yaxınlaşmasına, xalqlar arasında anlaşmanın möhkəmləndirilməsinə və beynəlxalq dialoqun inkişafına daim töhfə verir.
Müasir dünyada münaqişələrin, qarşıdurmaların və qarşılıqlı etimadsızlığın artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da yüksəlir. Belə bir dövrdə dövlətlər və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, fərqli baxışlara hörmətlə yanaşılması və ortaq maraqların müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Forum müxtəlif ölkələrin nümayəndələrinə aktual qlobal problemləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün mühüm şərait yaradır.
Azərbaycanın beynəlxalq təşəbbüsləri sırasında Bakı Prosesi xüsusi yer tutur. Mədəniyyətlər və dinlər arasında dialoqun təşviqinə yönəlmiş bu təşəbbüs ölkəmizin qlobal miqyasda sülhün, qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfələrin bariz nümunəsidir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də Azərbaycanın beynəlxalq dialoqun inkişafına və humanitar əməkdaşlığın genişlənməsinə verdiyi önəmi bir daha nümayiş etdirir.
Forumun “Ortaq gələcək naminə dialoq” mövzusu müasir dövrün əsas çağırışları ilə səsləşir. Çünki bəşəriyyətin davamlı inkişafı yalnız qarşılıqlı hörmət, anlaşma və birgə fəaliyyət əsasında mümkündür. İnsanların dini, milli və mədəni fərqliliklərinə baxmayaraq, sülh və təhlükəsizlik naminə bir araya gəlməsi, ümumi problemlərin həlli istiqamətində səylərini birləşdirməsi böyük əhəmiyyət kəsb edir. Beləliklə, cənab Prezident VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın multikulturalizm dəyərlərinə sadiqliyini, beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfələri və qlobal dialoqun gücləndirilməsindəki rolunu bir daha ön plana çıxarıb. Bakıda keçirilən bu mötəbər tədbir xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və daha təhlükəsiz, sabit gələcəyin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini