Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Qeri Stivenson ilə görüşüb.SİA xəbər verir ki, görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda formalaşmış multikulturalizm mühiti, birgəyaşayış ənənələri, dövlətin tolerantlıq siyasəti, eləcə də bu istiqamətdə ölkə daxilində və beynəlxalq müstəvidə həyata keçirilən tədbirlər barədə danışıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi, dinlər və mədəniyyətlər arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı hörmət və anlaşma mühitinin təşviqi istiqamətində ardıcıl siyasətin həyata keçirildiyini vurğulayıb. Dini və etnik müxtəliflik şəraitində qarşılıqlı münasibətlərdə etimadın gücləndirilməsi, etiqad azadlığının təmin olunması və dini təhlükəsizliyin qorunması məsələlərinə toxunan Ramin Məmmədov cəmiyyətdə birlik və həmrəyliyin möhkəmləndirilməsinə dövlət səviyyəsində xüsusi önəm verildiyini diqqətə çatdırıb.İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin 12 Həvarilər Kvorumunun üzvü Qeri Stivenson Azərbaycanda dinlərarası dialoq və əməkdaşlığın çox qiymətli dəyər olmasından, ölkədə tolerant və əmin-amanlıq mühitinin hökm sürməsindən məmnunluğunu ifadə edib. Ölkəmiz tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin əhəmiyyətinə də toxunan Q.Stivenson Azərbaycanın əməkdaşlıq üçün geniş imkanlar yaratdaraq dini dözümlülüyün qlobal səviyyədə təşviqinə mühüm töhfələr verdiyini vurğulayıb.Qonaqlar ölkəmizdə tarixən müxtəlif etnik qrupların nümayəndələrinin vahid bir ailə kimi dinc və sülh şəraitində yaşamalarını müsbət hal kimi qiymətləndiriblər.Qeyd edək ki, görüşdə Qeri Stivenson ilə yanaşı Stirlinq Fondunun icraçı direktoru Mayls Hansen, kilsə üzvləri Benni Tay, Cek Gerard, Pol Pikard iştirak edib.
Müəllif: Günel Fərzəliyeva