PDF Oxu

Siyasət

  • 988

"Azərbaycanın geosiyasi mövqeyi Orta Dəhlizin əhəmiyyətini daha da artırır" - ŞƏRH EDİLDİ

"Azərbaycanın geosiyasi mövqeyi Orta Dəhlizin əhəmiyyətini daha da artırır" - ŞƏRH EDİLDİ

"Hazırda dünyada baş verən qlobal qarşıdurmaların bir çoxunun birbaşa hərbi əməliyyatlara, yəni müharibələrə çevrilməsi ümumi dünya maraqları və təhlükəsizlik baxımından narahatedici haldır. Bu, Azərbaycan da daxil olmaqla, bütün dövlətlərin ciddi itkilərlə üzləşməsi ehtimalını artıran və yeni risklər yaradan reallıqdır".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, mövcud vəziyyətdə Azərbaycan bu müharibələrdən və qlobal qarşıdurmalardan ən az zərər görən, bəlkə də bir çox məsələdə ümumiyyətlə zərər görməyən nadir ölkələrdən biridir. Hətta bəzi məqamlarda qlobal qarşıdurmalar fonunda Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi daha da güclənir:"Sülh və sabitliyin təmin olunmasını müxtəlif amillərlə izah etmək olar. Ancaq mənə görə, əsas səbəblərdən biri vaxtında düzgün diplomatik xəttin seçilməsidir. Rəsmi Bakı bunu bacardığı üçün dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bir regionda yerləşməyimizə baxmayaraq, Azərbaycan bu gün hər hansı münaqişəyə cəlb olunmayıb və münaqişələrdə tərəf kimi çıxış etmir. Əksinə, münaqişə edən tərəflərin hamısı ilə diplomatik əlaqələrə malikdir. Azərbaycan bu əlaqələri vaxtında qurduğu kimi, bu gün də qoruyub saxlamağı bacarıb.Məhz buna görə də qlobal qarşıdurmalar fonunda fəaliyyəti məhdudlaşan və ya tamamilə dayanmaq təhlükəsi ilə üzləşən tranzit marşrutlarına Azərbaycan alternativ təklif edə bilir. Bu alternativlərin strateji əhəmiyyəti isə hər keçən gün daha da artır.Məsələn, Ukraynada müharibə başlayandan sonra Rusiya Qərblə münasibətlərini ciddi şəkildə korladı. Halbuki Rusiya dünyanın ən böyük enerji ehtiyatlarına malik ölkələrindən biri olmaqla yanaşı, strateji nəqliyyat və tranzit marşrutlarının keçdiyi mühüm məkanlardan biri idi. Müharibə fonunda Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edildi, ticarət əlaqələri məhdudlaşdırıldı, Rusiya enerji məhsullarının alınmasına məhdudiyyətlər qoyuldu, hətta həmin məhsulları alanlar üçün də qiymət hədləri müəyyənləşdirildi. Nəticədə, Rusiya ərazisindən keçən marşrutların əhəmiyyəti azaldı və onların gələcək fəaliyyəti ilə bağlı qeyri-müəyyənlik yarandı. Beləliklə, Qərblə ticarətdə mühüm amil olan Rusiyanın tranzit imkanlarından istifadə etmək xeyli çətinləşdi.İkinci mühüm məqam İranla bağlıdır. İran İslam inqilabından sonra uzun müddətdir sanksiyalar altındadır. Bu gün də İrana qarşı sanksiyaların davam etdiyini və daha da sərtləşdirildiyini görürük. ABŞ-ın İsraillə koordinasiyalı şəkildə İrana zərbələr endirməsindən sonra vəziyyət daha da gərginləşdi. Əvvəllər müəyyən nəticələrin əldə olunacağına və problemin həll ediləcəyinə dair ümidlər olsa da, hazırkı vəziyyət bu ehtimalları xeyli zəiflədib. Beləliklə, enerji ehtiyatları baxımından zəngin və tranzit potensialına malik İran da Qərblə ticarət əlaqələri üçün əvvəlki imkanlarını tam şəkildə reallaşdıra bilmir.Digər tərəfdən, beynəlxalq sularda yükdaşımalar zamanı da ciddi risklər yaranır. Bu ərazilərdə təhlükəsizliyin təmin olunması ilə bağlı vahid nəzarət və məsuliyyət mexanizminin olmaması bir sıra suallar doğurur. Ticarət gəmiləri təhlükəsizliklərini təmin etmək üçün özəl hərbi və mühafizə şirkətlərinə, yaxud ayrı-ayrı dövlətlərə əlavə vəsait ödəməli olsalar, bu, onların gəlirlərinin əhəmiyyətli hissəsinin itirilməsi ilə nəticələnə bilər. Digər tərəfdən, təhlükəsizlik tədbirləri görülmədikdə mülki ticarət gəmilərinin müxtəlif təhdidlərlə üzləşməsi riski artır. Gələcəkdə pirat hücumlarının da artması ehtimalı nəzərə alınarsa, dünya ticarətində böyük paya malik olan dəniz və okean nəqliyyatının gələcəyi ilə bağlı ciddi suallar yaranır.Bu şəraitdə quru nəqliyyatının əhəmiyyəti daha da artır. Şərq-Qərb ticarətində Rusiya və İran marşrutlarının imkanlarının məhdudlaşması fonunda Azərbaycan və bütövlükdə Cənubi Qafqaz, xüsusilə də Orta Dəhliz ön plana çıxır. On il əvvəl o qədər də perspektivli görünməyən alternativ kimi qiymətləndirilən bu marşrut bu gün daha təhlükəsiz və əhəmiyyətli nəqliyyat istiqamətlərindən biri kimi nəzərdən keçirilir.Bunun əsas səbəblərindən biri Azərbaycanın müxtəlif geosiyasi aktorlarla münasibətlərini qoruyub saxlaya bilməsidir. ABŞ ilə strateji əlaqələrimiz var, Rusiya və İranla münasibətlərimizi davam etdiririk, qardaş Türkiyə ilə müttəfiqliyimiz mövcuddur. Eyni zamanda, Hindistanla gələcəkdə səmimi münasibətlərin qurulması istiqamətində də mühüm mesajlar verilib. Hindistanla qarşı cəbhədə yer alan Pakistanla isə Azərbaycanı dostluq və qardaşlıq münasibətləri birləşdirir.Belə bir şəraitdə Azərbaycan üzərindən keçən Orta Dəhliz bütün tərəflər üçün əlverişli tranzit və iqtisadi əlaqə marşrutu kimi aktuallığını artırır.Bütün bunlarla yanaşı, Azərbaycanın yaşıl iqtisadiyyata keçid istiqamətində atdığı addımlar və yaşıl enerji sahəsində həyata keçirdiyi layihələr də ölkəmizin əhəmiyyətini artırır. Ənənəvi enerji sahəsində həm istehsalçı, həm də enerji ehtiyatlarının tranzitini təmin edən ölkə kimi çıxış etməyimiz, enerji resurslarını müxtəlif nəqliyyat və infrastruktur layihələri vasitəsilə digər dövlətlərə çatdırmaq potensialımız Azərbaycanın strateji mövqeyini daha da gücləndirir. Beləliklə, həm ənənəvi, həm də yaşıl enerji sahəsindəki imkanlarımız, eləcə də Orta Dəhlizin artan əhəmiyyəti Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki rolunu hər keçən gün daha da artırır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər