Azərbaycan müasir dünyanın çağırışlarına cavab verən istənilən beynəlxalq təşkilatın güclənməsinə və dövlətlərarası əməkdaşlığın xalqların maraqlarına uyğun inkişaf etdirilməsində maraqlıdır və aparılan siyasət də məhz buna uyğun həyata keçirilir. Xüsusilə də, ölkəmiz həm Türk dünyasının güclənməsinə, həm də Qafqazda birliyin möhkəmlənməsinə, sülhün və təhlükəsizliyin yaranmasına, iqtisadi əlaqələrin inkişaf etdirilməsinə önəm verir. Bu baxımdan Azərbaycan regional siyasətin avanqardı, aparıcı qüvvəsi hesab olunur. Ancaq bəzi qüvvələr, əsasən də Ermənistandakı revanşistlər xaricdəki erməni lobbisindən, eləcə də Paşinyanın kabinetində kök salan qaranlıq dairələrdən dəstək alaraq Azərbaycana qarşı sərsəm açıqlamalarla çıxış edir və yenidən regionda gərginlik ocağı yaratmağa çalışırlar.
Təbii ki, erməni revanşistlərini narahat edən əsas məqam 44 günlük Vətən Müharibəsində Azərbaycanın Ermənistana vurduğu sarsıdıcı zərbə və bu zərbə nəticəsində 30 il işğal altında olmuş torpaqlarımızın azad edilməsidir. Erməni revanşistləri, o cümlədən özünü “sülhpərvər” dövlət rəsmisi kimi göstərməyə çalışan Paşinyan qorxurlar ki, Azərbaycan əzəli torpaqları olan Qərbi Azərbaycana sahib olmaq və ev -eşiyindən didərgin düşən 300 minə yaxın soydaşımızın yurd yerlərinə qayıdışını təmin etmək üçün növbəti əməliyyatlar keçirə bilər. Ancaq Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevində dediyi kimi “biz Qərbi Azərbaycana tanklarla yox, maşınlarla, sülhlə qayıdacağıq".
Prezident İlham Əliyev əhali ilə görüşlərində qeyd edib ki, bizim başqa ölkənin torpağında gözümüz yoxdur: “Halbuki, bugünkü Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim torpaqlarımızdır. Ancaq buna baxmayaraq, biz ölkələrin ərazi bütövlüyü prinsipini müdafiə edirik. Mən əminəm ki, biz istədiyimizə nail olacağıq”. Fateh Sərkərdə İlham Əliyev onu da xatırladıb ki, “Hamı yaxşı bilir ki, indiki Ermənistan əzəli Azərbaycan torpaqlarında yaradılıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı – bütün bunlar Azərbaycan torpaqlarıdır. 1918-ci ildə İrəvan Ermənistana bağışlandı. O tarixdən 100 il keçməmiş bizə qarşı yeni iddia qaldırılır. Azərbaycan torpaqlarında bir erməni dövləti yaradıldı”.
Ali Baş Komandan səviyyəsində qeyd olunan fikirlərə, bəyanatlara baxmayaraq Ermənistanda Paşinyan və komandası daxil olmaqla, revanşist qüvvələr müəyyən konfranslarda, tədbirlərdə müdafiə olunmaları ilə bağlı çıxışlar edirlər. Hətta Ermənistan himayədarlarının dəstəyi ilə böyük həcm də hərbi-texnika, silah-sursat alır. Təbii ki, bütün bunlar erməni təfəkkürünün, ağılsız düşüncəsinin yüz illər sonra da dəyişmədiyini göstərir.
Mövcud fakt ondan ibarətdir ki, Azərbaycan hər zaman müharibələrin əleyhinə olub. Ölkəmiz 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi.
Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” açıqlaması Ermənistanın işğalçılıq siyasətinin ən bariz etiraflarından birinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə sərt reaksiya verdi.
Azərbaycan Prezidenti İlham Əliyev bu dövrü aydın şəkildə təsvir edir: “Bəli, onlar Dağlıq Qarabağı müstəqil dövlət adlandırdılar, növbəti mərhələdə yeni xəritələr çap etdilər və bütün ətraf rayonlarımızı Dağlıq Qarabağ adlandırmağa başladılar. Şəhər və kəndlərimizin adları dəyişdirildi və nəhayət, bizi yeni ərazilər uğrunda yeni müharibə ilə hədələməyə başladılar. Bunu deyən onların Tonoyan soyadlı müdafiə naziri idi. O bəyan etmişdi ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır”.
2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsini ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaqdan ibarət idi. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək ona layiqli cavab verdi.
2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də xalqa ilk müraciətində demişdir: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Haqq savaşında qüdrətli Azərbaycan xalqı, Müzəffər ordumuz Lideri, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəlməli idi və belə də oldu. 2020-ci il noyabrın 8-də Şuşanın erməni terrorçu-hərbi birləşmələrindən azad edilməsi ilə Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.
2020-ci il noyabrın 10-da Ermənistanın kapitulyasiya aktı- “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” imzalandı. Həmin gün xalqa sayca səkkizinci müraciətində İlham Əliyev milli şüara çevrilmiş “Qarabağ Azərbaycandır və nida” ifadəsinin artıq bütün Qarabağı əhatə etdiyini və Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu elan etdi: “…nə oldu bəs status? …yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq. Ona görə, bu sənədin çox böyük mənası var. Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Mən də xoşbəxtəm ki, bu xoş xəbərləri, bu müjdəni Azərbaycan xalqına verirəm. Xoşbəxtəm ki, bu tarixi sənədə imza atmışam. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”.
2023-cü ilin sentyabrın 19-da başlayan antiteror əməliyyatları ilə Qarabağdakı Ermənistana məxsus ordunun qalıqları məhv edildi. Bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçdi, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, 2 ədəd zenit-raket qurğusu, 6-dan çox "Martira" radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirildi. Xeyli sayda canlı qüvvə məhv edildi. Eyni zamanda qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu 6 “Ural” markalı hərbi avtomobil və 4 minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürüldü. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatan, 1 tank, 2 piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirildi. Bunla yanaşı Ordumuz Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsdi, bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarət tam təmin olundu. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırdı, təslim olduqlarını bəyan etdilər. Bu dünya miqyasında terrorçuluğun ən qısa müddət ərzində ləğv edilməsi istiqamətində həyata keçirilən anti-teror əməliyyat idi. Azərbaycanın Müzəffər Ordusu 23 saat ərzində 15-18 minlik hərbi-terrorçu silahlı dəstəni təslim olmağa məcbur etdi, 30 illik işğal dövründə insanlıq əleyhinə cinayətlər törətmiş hərbi canilər isə həbs edilərək istintaqa təhvil verildilər. Artıq onlara qarşı Məhkəmə prosesi keçilib və hər biri layiq olduqları cəzanı alıblar.
Bu gün Azərbaycanımız bütövdür və bütün çətinliklər, ağrı-acı, torpaq, yurd həsrəti arxada qalıb. Bu gün Azərbaycan ən sabit, təhlükəsiz dövlət olaraq bölgənin sabitlik adası hesab olunur. İnsanlar işğaldan azad edilən ərazilərə qayıdıb, yenidən öz həyatlarını qurur və Allaha şükürlər - etməklə həyatlarını yaşayırlar.
İ.ƏLİYEV