PDF Oxu

Siyasət

  • 650

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır

Müasir beynəlxalq münasibətlər sistemində sülhün və təhlükəsizliyin qorunması, dövlətlərin suverenliyinə hörmət olunması və ərazi bütövlüyünün təmin edilməsi qlobal nizamın əsas sütunlarını təşkil edir. Bu nizamı təmin etmək mandatı İkinci Dünya müharibəsindən sonra təsis edilmiş Birləşmiş Millətlər Təşkilatına (BMT) və onun ən səlahiyyətli orqanı olan Təhlükəsizlik Şurasına həvalə edilmişdir. BMT Nizamnaməsinə əsasən, Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr təşkilata üzv olan bütün dövlətlər üçün məcburi hüquqi qüvvəyə malikdir. Lakin müasir geosiyasi reallıqlar göstərir ki, bu qətnamələrin icrası mexanizminin olmaması və ya mövcud mexanizmlərin təsirli işləməməsi beynəlxalq hüququn nüfuzuna ciddi kölgə salır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki proqram xarakterli çıxışında beynəlxalq birliyin diqqətini məhz bu mühüm məsələyə cəlb etmişdir. Dövlət başçısı vurğulamışdır ki, beynəlxalq hüquq normalarının işlək olması üçün təkcə qərarların qəbul edilməsi kifayət deyil, həm də bu qərarların real həyatda tətbiqini təmin edən, pozuntulara qarşı adekvat və vaxtında reaksiyanı nəzərdə tutan icra mexanizmi vacibdir. Qətnamə qəbul edildikdən sonra onun icrası hüquqpozan dövlətin insafına və xeyirxah iradəsinə buraxıla bilməz. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının praktikasında bəzi qətnamələrin icrası günlər ərzində təmin olunduğu halda, digər qətnamələr onlarca il kağız üzərində qalır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu ikili standartlar yanaşması beynəlxalq ədalət prinsipinə və təşkilatın qlobal missiyasına olan inamı sarsıdan başlıca amillərdəndir.

Azərbaycanın tarixi təcrübəsi beynəlxalq hüquqdakı bu boşluğun və ədalətsizliyin əyani sübutudur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul etmişdi. Bu sənədlərdə Azərbaycan ərazilərinin işğalı pislənilir, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təsdiqlənir, işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunurdu. Lakin həmin qətnamələr təxminən 30 il ərzində kağız üzərində qaldı və onların icrasını təmin edəcək heç bir beynəlxalq mexanizm işə salınmadı. Beynəlxalq birliyin və vasitəçilərin seyrçi mövqeyi fonunda Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində öz gücü və iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi. Dövlətimizin başçısı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqində xüsusi olaraq bildirdi ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü bərpa etdi. Bu tarixi təcrübə göstərdi ki, beynəlxalq mexanizmlər işləmədikdə dövlətlər ədaləti bərpa etmək üçün öz imkanlarına arxalanmalı olurlar.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin avtomatik və vaxtında icrasını təmin etmək üçün institusional və hüquqi islahatların aparılması artıq təxirəsalınmaz zərurətdir. Mütləq şəkildə qətnamələrin icrasına monitorinq edən, müəyyən olunmuş vaxt çərçivəsində tələblər yerinə yetirilmədikdə avtomatik işə düşən sanksiyalar və məcburetmə tədbirləri paketini nəzərdə tutan universal mexanizm formalaşdırılmalıdır. Əks halda, beynəlxalq hüquq güclünün maraqlarına xidmət edən bir vasitəyə çevriləcək, kiçik və inkişaf etməkdə olan dövlətlərin təhlükəsizliyi ciddi risk altında qalacaqdır. Bununla yanaşı, Təhlükəsizlik Şurasının daimi üyələrinin veto hüququndan istifadə qaydalarına da yenidən baxılmalıdır. Bəzən bir daimi üzvün veto hüququndan şəxsi geosiyasi maraqları üçün istifadə etməsi insanlıq əleyhinə cinayətlərin, işğal faktlarının və humanitar fəlakətlərin qarşısının alınmasını imkansız edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, qətnamələrin icrası mexanizminin olmaması təcavüzkar dövlətlərdə cəzasızlıq mühiti yaradır ki, bu da yeni münaqişələrə və qlobal sabitsizliyə zəmin hazırlayır. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması təkcə ayrı-ayrı münaqişələrin həlli üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik memarlığının gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə beynəlxalq kürsülərdən bəyan etdiyi kimi, BMT-də ciddi islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməli və qəbul edilən qərarların icrası üçün effektiv işlək mexanizmlər müəyyən olunmalıdır. Yalnız qətnamələrinin icrası məcburi və qaçılmaz olan bir beynəlxalq təşkilat dünya miqyasında ədalətin, sülhün və sabitliyin həqiqi təminatçısı ola bilər. BMT-nin nüfuzunun bərpası və beynəlxalq hüququn aliliyinin təmin olunması birbaşa qətnamələrin real icra mexanizmlərinin yaradılmasından asılıdır. Beynəlxalq birlik bəşəriyyətin gələcəyi naminə siyasi iradə göstərməli, kağız üzərində qalan bəyanatlardan praktiki adımlara keçməlidir. Yalnız bu halda biz təhlükəsiz, ədalətli və hüququn aliliyinə söykənən dünya nizamını qoruyub saxlaya və gələcək nəsillərə ötürə bilərik.

Turanə Atakişiyeva

YAP Naxçıvan şəhər təşkilatı “Hüseyn Cavid küçəsi 1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,

YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü

Digər xəbərlər