“44 günlük müharibədən xeyli əvvəl Azərbaycan torpaqlarının işğaldan azad olunmasından sonra həmin ərazilərdə həyata keçiriləcək bərpa və quruculuq işləri ilə bağlı geniş dövlət proqramı hazırlamışdı. “Böyük Qayıdış” adlanan bu proqramda bütün mühüm məqamlar nəzərə alınmışdı”.
Bu sözləri SİA -ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.Onun sözlərinə görə, açıq mənbələrdə Ermənistanın işğal altında saxladığı ərazilərdə genişmiqyaslı dağıntılar törətdiyi, evləri sökərək satış məqsədilə qonşu ölkələrə daşıdığı, kommunikasiya xətlərini dağıtdığı, ekologiyaya ciddi ziyan vurduğu və torpaqları minaladığı barədə məlumatlar mövcud idi:” Bütün bunlar nəzərə alınaraq əvvəlcədən ciddi hazırlıq işləri görülmüşdü.44 günlük müharibədən sonra həmin ərazilərdə genişmiqyaslı yoxlamalar aparıldı və Azərbaycanın narahatlıqlarının əsaslı olduğu təsdiqləndi. İlk növbədə, torpaqların minalardan təmizlənməsinə və kommunikasiyaların bərpasına başlanıldı. Yollar salındı, elektrik xətləri bərpa edildi, su və kanalizasiya sistemləri quruldu, yaşayış evlərinin tikintisinə start verildi. Bu məqsədlə dövlət büdcəsindən böyük həcmdə vəsait ayrılması barədə qərarlar qəbul edildi.Zəngilan rayonunun Ağalı kəndinə ilk qayıdış Azərbaycanın öz torpaqlarında yenidən həyat qurmasının ilk nümunəsi oldu. Son altı il ərzində artıq 40-dan çox yaşayış məntəqəsində yüz mindən çox Azərbaycan vətəndaşı məskunlaşıb. Onların arasında keçmiş məcburi köçkünlərlə yanaşı, həmin ərazilərdə çalışan insanlar da var.İnsanlar üçün yalnız yaşayış evləri tikilmir, eyni zamanda sosial obyektlər də istifadəyə verilir. Universitet açılıb, böyük konqres mərkəzləri inşa edilib. Müxtəlif tədbirlər işğaldan azad olunmuş ərazilərdə keçirilir.Ərazilərin geoloji xəritələri yenidən nəzərdən keçirilib. Həmin torpaqların təbii sərvətlərlə zəngin olduğu müəyyən edilib və bu sərvətlərin sənaye üsulu ilə hasilatı üçün ciddi planlar hazırlanır. Ekoloji mühitin bərpası və su hövzələrinin təmizlənməsi istiqamətində də işlər görülür.İnsanların doğma yurdlarına qayıtması ilə yanaşı, onların iş yerləri ilə təmin olunması üçün də böyük səylər göstərilir. Bizneslə məşğul olmaq istəyən keçmiş məcburi köçkünlər üçün dövlət tərəfindən əlverişli şərait yaradılır. Doğma yurdlarına qayıdan sakinlər üç il ərzində dövlət tərəfindən maddi yardımla təmin olunurlar. Həmin ərazilərdə sahibkarlıq fəaliyyətinə vergi güzəştləri tətbiq edilir. İnvestisiya yatırmaq istəyən şirkətlər üçün də geniş güzəştlər nəzərdə tutulub.Müharibədən sonra bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycana böyük maliyyə yardımları göstərəcəkləri barədə bəyanatlar vermişdilər. Lakin görünən odur ki, bu istiqamətdə real dəstək əsasən türk dövlətlərindən gəlib. Onlar müxtəlif ərazilərdə sosial obyektlərin tikintisinə töhfə veriblər. Azərbaycan isə bərpa və quruculuq işlərini, əsasən, öz gücü hesabına həyata keçirir.Əminəm ki, çox keçmədən sonuncu keçmiş məcburi köçkün də doğma yurduna qayıdacaq. Dünya Azərbaycanın öz torpaqlarında yeni şəhərlər və yaşayış məntəqələri qurmasının şahidi olacaq və bu nailiyyətləri, şübhəsiz ki, qiymətləndirəcək”.
Müəllif: Günay Hacıyeva