PDF Oxu

Siyasət

  • 732

Şuşanın azadlığı – Azərbaycan xalqının tarixi iradəsinin və qəhrəmanlığının təntənəsi - ŞƏRH

Şuşanın azadlığı – Azərbaycan xalqının tarixi iradəsinin və qəhrəmanlığının təntənəsi - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik tarixində elə hadisələr var ki, onlar yalnız bir dövrün deyil, bütöv bir xalqın taleyində dönüş nöqtəsinə çevrilir. Şuşanın azad olunması da məhz belə tarixi hadisələrdən biridir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı və milli-mənəvi dəyərlərimizin beşiyi olan Şuşanın azadlığı xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış Zəfər salnaməsinin ən parlaq səhifələrindəndir. Bu möhtəşəm qələbə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoymaqla yanaşı, xalqımızın milli birliyini, sarsılmaz iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Şuşaya aparan yol uzun və mürəkkəb tarixi proseslərdən keçmişdir. Azərbaycan torpaqlarının işğalı nəticəsində Qarabağ bölgəsində yaranmış ağır vəziyyət, doğma yurdlarından didərgin düşmüş insanların taleyi, dağıdılmış şəhər və kəndlər xalqımızın yaddaşında dərin iz buraxmışdı. Şuşanın işğalı isə bu ağrının ən ağır səhifələrindən biri idi. Çünki Şuşa sadəcə coğrafi məkan deyil, Azərbaycanın tarixini, mədəniyyətini, musiqisini, ədəbiyyatını və milli kimliyini özündə yaşadan müqəddəs şəhərdir. Bu şəhərin itirilməsi xalqımız üçün böyük mənəvi sınaq olmuş, onun azad edilməsi isə hər bir azərbaycanlının ən böyük arzularından birinə çevrilmişdi.
Uzun illər ərzində Azərbaycan dövləti ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, ordu quruculuğunun inkişaf etdirilməsi, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi bu strategiyanın əsas istiqamətlərini təşkil edirdi. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun güclü dövlətlərindən birinə çevrildi. Güclü iqtisadiyyat, müasir silahlı qüvvələr və xalq-iqtidar birliyi gələcək tarixi Qələbənin mühüm əsaslarını formalaşdırdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddət ərzində böyük hərbi uğurlara imza atdı. Bir-birinin ardınca yaşayış məntəqələrinin, strateji yüksəkliklərin və mühüm ərazilərin azad edilməsi xalqımızda Qələbəyə olan inamı daha da artırdı. Ordumuzun nümayiş etdirdiyi peşəkarlıq, döyüş hazırlığı və yüksək mənəvi ruh Azərbaycan hərb tarixinin şanlı səhifələrini yaratdı.
Şuşa əməliyyatı isə Vətən müharibəsinin ən mürəkkəb və həlledici mərhələlərindən biri kimi tarixə düşdü. Dağlıq relyefi, çətin coğrafi şəraiti və strateji əhəmiyyəti ilə seçilən şəhərin azad edilməsi böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz şücaət, Vətənə bağlılıq və döyüş əzmi bu tarixi missiyanın uğurla başa çatmasını təmin etdi. Şuşanın azadlığı Azərbaycanın hərbi gücünü və milli iradəsini nümayiş etdirən mühüm hadisəyə çevrildi.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini Azərbaycan xalqına çatdırdı. Bu xəbər ölkəmizin hər bir guşəsində böyük sevinc və qürur hissi ilə qarşılandı. Həmin gün Azərbaycan tarixində Zəfər Günü kimi əbədi yerini aldı. Şuşanın azad olunması Vətən müharibəsinin taleyini müəyyənləşdirən əsas hadisələrdən biri oldu və müharibənin başa çatmasına aparan siyasi-hərbi proseslərdə həlledici rol oynadı.
Şuşa Zəfərinin əhəmiyyəti yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu qələbə Azərbaycanın tarixi ədalətin bərpası istiqamətində apardığı mübarizənin təntənəsi idi. Uzun illər işğal altında qalan doğma torpaqlarımızın azad edilməsi beynəlxalq hüququn prinsiplərinin və ölkəmizin suveren hüquqlarının bərpası baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan xalqı sübut etdi ki, milli birliyə, güclü dövlətə və qətiyyətli siyasi iradəyə malik olan xalq öz tarixi məqsədlərinə nail ola bilər.
Şuşanın azadlığı həm də milli-mədəni irsimizin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Şuşa Azərbaycan musiqisinin, muğam sənətinin, poeziyasının və incəsənətinin inkişafında müstəsna rol oynamış şəhərdir. Burada yetişmiş görkəmli sənətkarlar, bəstəkarlar, xanəndələr, şairlər və ziyalılar Azərbaycan mədəniyyətinin zənginləşməsinə böyük töhfələr vermişlər. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski və digər görkəmli şəxsiyyətlərin adı Şuşanın mədəni siması ilə sıx bağlıdır. Bu şəhərin azad edilməsi onların irsinin doğma məkanda yenidən yaşadılması üçün geniş imkanlar yaratdı.
Şuşanın azad olunmasından sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi və dini abidələrin bərpası, infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yaşayış və ictimai binaların yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirildi. Şəhərin tarixi görkəminin qorunması, onun mədəni həyatının canlandırılması və turizm potensialının inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Şuşa yenidən Azərbaycanın mədəni həyatının mühüm mərkəzi kimi formalaşmağa başladı.
2021-ci ildə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu tarixi şəhərə verilən yüksək dəyərin ifadəsi oldu. Eyni zamanda, Şuşanın 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi onun beynəlxalq mədəni nüfuzunu daha da artırdı. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, konfranslar və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətinin bərpasına xidmət etdi. Bu tədbirlər bir daha göstərdi ki, Şuşa yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının mədəni və mənəvi irsində xüsusi yer tutur.
Bu gün Şuşa Zəfəri Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının rəmzidir. Şəhərin azad edilməsi ilə xalqımızın uzun illər davam edən həsrətinə son qoyuldu. Şuşada Azərbaycan bayrağının dalğalanması dövlət suverenliyimizin və milli qürurumuzun təntənəsinə çevrildi. Bu Qələbə gələcək nəsillərə Vətən sevgisinin, milli həmrəyliyin və tarixi yaddaşın nə qədər mühüm olduğunu aşılayan əvəzsiz örnəkdir.
Şuşa Zəfərinə gedən yol bir daha göstərdi ki, güclü dövlət, müasir ordu, xalqın birliyi və qətiyyətli rəhbərlik tarixi məqsədlərin reallaşmasında həlledici amillərdir. Azərbaycan xalqı öz torpaqlarına sahib çıxmaq əzmini bütün dünyaya nümayiş etdirdi. Şuşanın azadlığı ilə yalnız bir şəhər deyil, xalqımızın milli qüruru, tarixi yaddaşı və mənəvi dəyərləri də öz layiqli yerinə qayıtdı.

Bağırova Cəmilə
YAP Ordubad rayon təşkilatında məsləhətçi

Digər xəbərlər