“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu tarixi bəyanatı Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş qürur və sevinc anlarının ifadəsidir. Şuşanın azad edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm hadisə, milli iradənin, qəhrəmanlığın və Vətən sevgisinin parlaq təcəssümü oldu.
Şuşanın azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ olmaqla yanaşı, xalqımızın tarixi ədalətə qovuşmasının rəmzinə çevrildi. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə edildi. Dağlıq ərazidə yerləşən, mürəkkəb relyefi və strateji mövqeyi ilə seçilən Şuşanın azad olunması hərb tariximizə qəhrəmanlıq nümunəsi kimi yazıldı.
Şuşa təkcə strateji əhəmiyyətə malik şəhər deyil, həm də Azərbaycan xalqının milli-mənəvi yaddaşının, mədəniyyətinin və dövlətçilik tarixinin ayrılmaz parçasıdır. Bu şəhərin azadlığı ilə xalqımız öz tarixi və mədəni irsinə yenidən qovuşdu, Qarabağın tacı olan Şuşada Azərbaycan bayrağı dalğalanmağa başladı.
Prezident İlham Əliyevin azad olunmuş Şuşaya səfərləri şəhərin həyatında yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçısının Şuşaya hər səfəri bu qədim diyarın dirçəlişinə, tarixi simasının bərpasına və gələcək inkişafına göstərilən xüsusi diqqətin bariz nümunəsidir. Həmin səfərlər zamanı şəhərdə həyata keçirilən bərpa və quruculuq işlərinin gedişi ilə tanışlıq, tarixi-mədəni abidələrin qorunması və Şuşanın əvvəlki şöhrətinin özünə qaytarılması istiqamətində görülən tədbirlər əsas diqqət mərkəzində olub.
Müzəffər Ali Baş Komandanın azad edilmiş Şuşaya səfərləri həm də böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu səfərlər Azərbaycanın öz tarixi torpaqlarına qayıdışının, suverenliyinin və dövlət iradəsinin təntənəsinin ifadəsidir. Dövlət başçısının Şuşada Azərbaycan bayrağını ucaltması, şəhərin gələcək inkişafı ilə bağlı mühüm mesajlar verməsi xalqımızın qələbə sevincini daha da gücləndirdi.
Bu gün Şuşada aparılan genişmiqyaslı quruculuq işləri şəhərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Tarixi və memarlıq abidələri bərpa olunur, mədəniyyət ocaqları yenidən fəaliyyətə başlayır, şəhərin sosial infrastrukturu müasir tələblərə uyğun qurulur. Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi öz layiqli mövqeyini möhkəmləndirir, ölkəmizin mədəni və ictimai həyatında mühüm yer tutur.
Şuşanın azadlığı və sonrakı dirçəlişi Azərbaycan xalqının birlik və həmrəyliyinin, milli ruhunun və qətiyyətinin təntənəsidir. Bu şəhər artıq yalnız keçmişin zəngin tarixini yaşadan məkan deyil, həm də müstəqil Azərbaycanın gücünü, əzmini və gələcəyə inamını nümayiş etdirən rəmzdir.
Şuşaya qayıdış tarixi ədalətin bərpası, milli qürurun yenidən yüksəlişi və xalqımızın öz doğma torpaqlarına əbədi bağlılığının təsdiqidir. Məhz buna görə də 8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün Zəfərimizin, qəhrəmanlığımızın və milli qürurumuzun əbədi bayramıdır.
Səbinə Səlimova
YAP Masallı rayon təşkilatının əməkdaşı