PDF Oxu

Siyasət

  • 923

Şuşa Zəfəri: döyüş meydanında yazılan tarixi ədalət və milli qürurun təntənəsi - ŞƏRH

Şuşa Zəfəri: döyüş meydanında yazılan tarixi ədalət və milli qürurun təntənəsi - ŞƏRH

Müasir Azərbaycanın dövlətçilik və hərb tarixinə qızıl hərflərlə həkk olunmuş 8 noyabr 2020-ci il tarixi, otuz illik həsrətin, bükülmüş qəddin və tapdanmış qürurun bərpa edildiyi Böyük Qələbə günüdür. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa etdiyi tarixi müraciət – “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” müjdəsi təkcə bir şəhərin qurtuluş xəbəri deyil, bütöv bir xalqın milli ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsi idi. Şuşanın azad olunması 44 günlük Vətən müharibəsinin taleyini həll edən əsas strateji, siyasi və mənəvi dönüş nöqtəsi oldu.
Əsrlər boyu Qarabağın mədəniyyət, incəsənət, dahi şəxsiyyətlər və strateji müdafiə qalası sayılan Şuşa, həm də bütün münaqişə boyunca Azərbaycanın milli qürur rəmzi olmuşdur. 1992-ci ilin mayında Şuşanın işğala məruz qalması xalqımızın qəlbində dərin bir yara açmışsa da, bu itki heç vaxt barışmaq niyyətində olmadığımız bir reallıq idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illərdə həyata keçirilən ordu quruculuğu, güclü iqtisadiyyat və məqsədyönlü diplomatiya strategiyası məhz Şuşanı və digər doğma torpaqlarımızı zəfərlə azad etmək kimi müqəddəs bir məqsədə xidmət edirdi.
İllər boyunca beynəlxalq təşkilatlar və vasitəçilər münaqişənin yalnız dinc, diplomatik yolla həll olunmalı olduğunu bəyan edirdilər. Lakin işğalçı Ermənistanın destruktiv mövqeyi, dalana dirənmiş danışıqlar və beynəlxalq birliyin ikili standartları prosesi mənasız bir vaxt itkisinə çevirmişdi. Dövlət başçısının öz çıxışında qətiyyətlə vurğuladığı kimi, Azərbaycan dəfələrlə bəyan etmişdi ki, münaqişənin hərbi həll yolu da var və bu hüquq beynəlxalq qanunvericiliklə, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə ölkəmizə tanınır. 2020-ci ilin payızında Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının 30 yıla yaxın kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra edərək, diplomatik masalarda həll olunmayan ədaləti birbaşa döyüş meydanında bərpa etdi.
Şuşa əməliyyatı hərbi professionalizm, görünməmiş qəhrəmanlıq və fədakarlıq baxımından daxil olduğu dünya hərb tarixində analoqu olmayan bir hərbi möcüzəyə çevrildi. Sıldırım qayalıqları yaran, ağır hava şəraitində keçilməz meşə yolları ilə irəliləyən xüsusi təyinatlılarımız və igid əsgərlərimiz yüngül silahlarla, əlbəyaxa döyüşlərdə düşmənin ağır artilleriyasını və möhkəmləndirilmiş istehkamlarını məhv etdilər. Bu əməliyyat Azərbaycan əsgərinin sarsılmaz ruhunu, vətən sevgisini və yüksək peşəkarlığını bütün dünyaya nümayiş etdirdi.
Şuşanın azad edilməsi düşmənin bütün müqavimət gücünü tamamilə qırdı və Ermənistanı cəmi iki gün sonra kapitulasiya aktına imza atmağa məcbur etdi. Bu Zəfər göstərdi ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünün pozulması ilə heç vaxt barışmayacaq və öz torpaqlarının sahibi olduğunu qətiyyətlə sübut etməyə qadirdir. Noyabrın 8-nin ölkəmizdə rəsmi olaraq Zəfər Günü kimi təsis edilməsi, dövlətimizin öz qəhrəman şəhidlərinə və qazilərinə olan sonsuz ehtiramının, eləcə də gələcək nəsillərə ötürüləcək şanlı irsin göstəricisidir.
Bu gün azad Şuşada dalğalanan üçrəngli dövlət bayrağımız, yenidən qurulan, dirçələn və beynəlxalq tədbirlərə ev sahibliyi edən Qarabağ, Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış bu tarixi Qələbənin əbədi rəmzidir. 8 noyabr Zəfəri Azərbaycanın regionda və dünyada yeni reallıqlar yaradan qüdrətli dövlət olduğunu bütün aləmə sübut etdi. Şuşa azaddır, sahibi olan Azərbaycan xalqının qoynundadır və bu tarixi qələbə müstəqillik dastanımızda əbədi yaşayacaqdır.

Badisəba Məmmədli
Yap Ordubad Rayon Təşkilatı üzrə Əndəmic kənd ƏPT sədri

Digər xəbərlər