Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı.
Şübhəsiz ki, ölkəmizə rəhbərlik etdiyi dövrdə cənab İlham Əliyevin müdrikliyi və uğurlu siyasəti ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərdi.
Yeri gəlmişkən, müharibənin davam etdiyi günlərdə dövlət başçısı xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələri ilə də respublikamızın haqq səsini dünya ictimaiyyətinə tutarlı arqumentlərlə çatdırdı, həmçinin Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı.
Hərbi əməliyyatların gedişi zamanı Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu, xalqın dövlətimizin başçısına, rəşadətli ordumuza inamını gücləndirirdi.
Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür.
Ölkə rəhbəri Füzuli, Cəbrayıl və Ağdam rayonlarına tarixi səfər etməklə “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu zəfərin müəllifi kimi tarixə əbədi yazıldı.
Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzalamışdır. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşa əməliyyatı çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutur. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.
Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla, əminliklə bildirirdi. Yağı tapdağından qurtulan yurd yerlərimizin xilası ilə bağlı qələbə müjdələri ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla reallaşdıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin təsdiqinə çevrildi. Ali Baş Komandan Qarabağın tacı, incisi olan Şuşanın işğaldan azad edilməsi xəbərini isə Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin birgə bəyanat imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirdi ki, “biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik.
Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Azərbaycanın Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarması da tarixi qələbələrimizdəndir. Ağdamın siyasi yolla azad olunması böyük hərbi və diplomatik qələbəmizin nəticəsi idi.
Ən əsası isə Azərbaycan Ordusu bir güllə belə atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur etməklə Ağdamı işğaldan azad etdi, düşmən BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərini yerinə yetirməyə məcbur oldu.
Xalqımız öz haqq savaşında zəfər çalması ilə qalib xalq olduğunu dünyaya sübut etdi. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi və
böyük siyasi, diplomatik səy hesabına əldə edilən bütün bu uğurlar Azərbaycanın tarixi qələbəsi, işğalçı Ermənistanın və dünya erməniliyinin isə ağır, ölümcül məğlubiyyətinin ifadəsi oldu.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Sözsüz ki, bizə bu Zəfəri və qürur hissini yaşadan Müzəffər Ali Baş Komandanımız, ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında döyüşən Azərbaycan ordusu, qələbəni əldə etmək üçün misilsiz qəhrəmanlıq göstərən Vətən oğullarımız, torpaqlarımızın azadlığı uğruna canlarını fəda etmiş əziz şəhidlərimizdir.
Möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsi 44 gün çəksə də, Zəfər gününə gedən yol daha uzun və daha çətin olub. İstər hərbi müstəvidə, istər hərbi-siyasi və diplomatik müstəvidə, bu zəfərin əldə olunması üçün böyük zəhmətlər çəkilib, cəsarət nümayiş etdirilib. Biz təkcə Ermənistanı deyil, uzun illər onun arxasında duran böyük gücləri məğlub etmişik.
Tarixdən bəllidir ki, Ermənistanın Azərbaycan torpaqlarına qarşı uzunmüddətli işğalçılıq siyasəti keçmişə söykənir. Vaxtilə Azərbaycan ərazilərində məskunlaşan ermənilər zamanla öz işğalçı niyyətlərini ortaya qoymuş və bu siyasət, xüsusilə Qarabağ bölgəsinə yönəlmişdir. Ermənilər Azərbaycan ərazisində məskunlaşan vaxtdan etibarən xalqımızın toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış və əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Ərazilərimizin 20 faizinin erməni işğalı altında qaldığı 30 il müddətində münaqişənin sülh yolu ilə həll edilməsi üçün dövlətimiz və Prezidentimiz əlindən gələni etmiş, siyasi dialoqdan heç bir zaman geri durmamış, münaqişənin həlli üçün yaradılmış beynəlxalq qrumlarla sıx əməkdaşlıq edərək onlara lazımi köməyi göstərmişdir.
Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi daxil olmaqla, bütün beynəlxalq sənədlər yalnız kağız üzərində qalmış, işğalçı Ermənistana qarşı heç bir sanksiya, məcburetmə tədbiri görülməmişdir. Başda ATƏT-in Minsk qrupu olmaqla münaqişənin həlli üçün “çalışmalı olan” qurumlar nəinki münaqişənin həlli üçün heç bir iş görməmişdir.
Azərbaycan xalqı heç vaxt Ermənistanın işğalçı siyasətini qəbul etməmiş və bu işğala qarşı hər zaman mübarizə aparmışdır. Danılmaz faktdır ki, “Azərbaycan xalqı və dövləti heç vaxt işğal faktı ilə barışmayacaq” deyən Prezident İlham Əliyev Vətən müharibəsinə qədər münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini dəfələrlə ifadə etmişdir.
Xüsusilə 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ildə Tovuzda baş verən döyüşlərdə Azərbaycan Ordusu ermənilərə qarşı qətiyyətli cavab verməsinə baxmayaraq, Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmişdir.
Nəhayət 2020-ci il 27 sentyabr tarixində yenidən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata son qoymaq və öz ərazilərini işğaldan azad etmək üçün Ali Baş Komandanımız İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Bununla da Zəfər yürüşünə start verildi və əks-hücum əməliyyatları uğurla davam edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda müqəddəs Vətən Müharibəsinə çevrildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımıza müraciətində güclü siyasi iradə ifadə edərək “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! ”- deyə vurğuladı.
Beynəlxalq hüquq normalarına, o cümlədən, BMT Nizamnaməsinin 51-ci maddaəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Qüdrətli Azərbaycanın ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu hərbi birləşmələrini darmadağın etdi.
Milli ordumuzun tətbiq etdiyi müharibə strategiyası müasir dövrün hərb tarixinə qabaqcıl nümunə kimi həkk olundu. Ermənistan ordusu və ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Beləliklə, Azərbaycan Ordusu Vətən müharibəsində 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etdi. Mərd oğullarımız alınmaz qala hesab olunan Şuşaya piyada, döyüşə-döyüşə qalxdılar. Təbii istehkam olan Şuşanın sıldırım qayaları ilə şəhərə daxil olan igidlərimiz əlbəyaxa döyüşlə düşməni məhv etdi.
Məğlubiyyət ermənilər üçün
qaçılmaz idi. Ermənistan eyni zamanda mənəvi məğlubiyyətə uğradı və müharibə dövründə 10 mindən çox fərarisi oldu. Mənfur düşmən döyüş meydanını tərk edərkən insanlığa sığmayan əməllərini davam etdirərək mülki əhaliyə qarşı hərbi cinayətlər törədir, dinc əhalini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tuturdu.
Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusunun qarşısına qoyulan ilkin missiya tamamlandı. Noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən artıq yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmən onun üçün Kapitulyasiya Aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin gün Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanatla Silahlı Qüvvələrimizin hərbi cəbhədəki möhtəşəm qələbəsi diplomatik sahədə də rəsmiləşdirildi. Prezident İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. Xalq-Prezident-Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində mühüm amil oldu.
Zəfər günü bizim növbəti qələbələrimizin də yolunu açdı. Çoxları düşünürdü ki, 10 noyabr razılaşmasından sonra Azərbaycan Ordusu Qarabağda daha heç zaman hərbi əməliyyatlar həyata keçirməyəcək. Həmin vaxt Ermənistanın 10 noyabr bəyanatının şərtlərini açıq-aşkar pozması yeni zərurət yaratdı. Ağdam, Kəlbəcər, Laçın müharibəsiz Azərbaycana təhvil veriləndən sonra ordumuz digər yüksəkliklərə nəzarəti həyata keçirdi. Nəhayət ötən ilin sentyabrın 20-də ordumuz antiterror tədbirləri həyata keçirərək cəmi 23 saat ərzində bütün Qarabağı separatçılardan təmizlədi. Üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Əsgəranda dalğalandı.
Sözü ilə əməli bir olan Müzəffər Ali Baş Komandanımız 20 il bundan əvvəl ilk dəfə andiçməsi zamanı “Əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq” deyərək xalqa verdiyi sözü yerinə yetirdi. Məhz Prezident İlham Əliyev fəaliyyətinin 20 ili tamam olan gün, 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsini sözün əsil mənasında qızıl sözlər kimi hər bir insanın sevinclə, qururla təkrarladığı aksioma çevirdi.
Azərbaycan Ordusu Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla, mütərəqqi döyüş nümunəsi ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur və öyrənilir. Bu Cənubi Qafqazın lider dövlətinin hərbi qüdrətinin ifadəsidir.
Bu müharibə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayişi etdirdi.
Bu gün Qarabağ aranlı-dağlı Azərbaycanın ərazisidir. Azərbaycan öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa edərək regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa xidmət edən yeni geostrateji reallıq yaradıb.
Azərbaycanın öz tarixi Qələbəsi ilə yaratdığı yeni reallığı hər kəs qəbul etməlidir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır”.
Bu gün cənab İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, görmək istədiyi ölkəyə çevirib. Sözün əsil mənasında həyatını xalqımızın xoşbəxtliyinə həsr edən Ulu Öndərin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” ifadəsi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” ifadəsi tam reallığa çevrilib. Prezident İlham Əliyev ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirərək Qarabağın tacı olan Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqa çatdırarkən “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi bu reallıqların təsdiqidir.
Güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrilib. Azərbaycan regionda aparıcı, dünyada isə söz sahibi olan dövlətdir. 2003-cü il 15 oktyabr Prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edir və çiçəklənir.
Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qoyub. İşğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin aparılması, regionda kommunikasiyaların yaradılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəyliyin gücləndirilməsi, sosial-iqtisadi, siyasi və hüquqi islahatların dərinləşdirilməsi kimi mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etməsinə imkan verəcək.
Qürurla deyə bilərik ki, əldə olunan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Sözün əsil mənasında Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirdi, inkişafa yol açdı. Sözünə düz, vədinə sadiq-Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyev isə xalqımızın sınmış qürurunu, tapdanan ləyaqətini özünə qaytardı, suverenliyimizi təmin etdi, ölkəmizi inkişafdan-tərəqqiyə, tərəqqidən-Zəfərə çatdırdı.
Odur ki, qədirbilən xalqımız Ulu Öndərin xatirəsini daim əziz tutaraq hörmət və ehtiramla anacaq, Prezident İlham Əliyevə böyük inam və ümid bəsləyərək, dövlətimizin daha da güclənməsi və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü möhtəşəm işlərdə daim yanında olacaq, xalqımız bundan sonra da müzəffər xalq, dövlətimiz isə qalib dövlət kimi əbədi yaşayacaqdır.
Bir daha Zəfər Bayramınız mübarək olsun!
Diqqətinizə görə sağ olun!