PDF Oxu

Siyasət

  • 502

Şuşa – Qarabağ Zəfərinin tacı, milli qürurumuzun zirvəsi - ŞƏRH

Şuşa – Qarabağ Zəfərinin tacı, milli qürurumuzun zirvəsi - ŞƏRH

Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Şuşa şəhəri Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş böyük Zəfərin rəmzidir. Bu tarix yalnız qədim Şuşa şəhərinin işğaldan azad edildiyi gün deyil, həm də Azərbaycan xalqının milli iradəsinin, sarsılmaz birliyinin, dövlətçilik əzminin və tarixi ədalətə qovuşmasının təntənəsidir. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın azadlığı Vətən müharibəsinin taleyini müəyyənləşdirən mühüm hadisə kimi tarixə düşmüşdür.
Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Müstəqil Azərbaycan dövlətinin möhkəm təməllərinin formalaşdırılması, milli ordunun qurulması, ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi bu tarixi qələbənin əsasını təşkil edən mühüm amillər idi. Ulu Öndər hər zaman Qarabağın azad olunacağına, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük inam bəsləyirdi. Onun müəyyən etdiyi dövlətçilik strategiyası və siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirildi. Beləliklə, möhkəm dövlətçilik dayaqları, güclü iqtisadiyyat, müasir ordu quruculuğu və ardıcıl diplomatik fəaliyyət Qarabağ Zəfərinə aparan yolun əsas istiqamətlərinə çevrildi.
Şuşaya gedən yol isə uzun, mürəkkəb və böyük sınaqlarla dolu idi. 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən şəhər 28 ildən artıq müddətdə xalqımızın qəlbində nisgil, həsrət və qayıdış arzusu kimi yaşadı. Bu illər ərzində Azərbaycan dövləti öz gücünü artırdı, beynəlxalq müstəvidə prinsipial mövqeyini qorudu, işğalla heç vaxt barışmayacağını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan gücləndi, müasir və qüdrətli ordu formalaşdı. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın illərlə gözlədiyi tarixi anın yaxınlaşdığını göstərdi. 44 gün davam edən müharibə Azərbaycan əsgərinin qəhrəmanlığı, xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfərlə nəticələndi.
Qarabağ Zəfərinin zirvəsi isə Şuşa əməliyyatı oldu. Şuşanın təbii-coğrafi mövqeyi, sıldırım qayalarla əhatə olunması və mürəkkəb relyefi şəhərin hərbi baxımdan alınmasını olduqca çətinləşdirirdi. Lakin Azərbaycan hərbçiləri qeyri-adi cəsarət, peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mürəkkəb dağlıq ərazidən, meşələrdən və sıldırım qayalardan keçməklə şəhərə daxil oldular. Ağır texnikanın tətbiqinin mümkün olmadığı şəraitdə aparılan döyüşlərdə əsgərlərimizin əlbəyaxa mübarizəsi, yüksək döyüş ruhu və Vətən sevgisi həlledici rol oynadı. Şuşa əməliyyatı Azərbaycan hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yer aldı.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan etdi. Dövlət başçısının “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri həmin an milyonlarla insanın qəlbində sevinc, qürur və fəxarət hissinə çevrildi. Bu müjdə yalnız Şuşanın deyil, bütövlükdə Qarabağın azadlığına gedən yolun həlledici mərhələsi oldu.
Şuşanın azad edilməsindən sonra şəhərin tarixi və mədəni simasının bərpasına, infrastrukturun yenidən qurulmasına, milli-mədəni irsin qorunmasına başlanıldı. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, burada beynəlxalq tədbirlərin, Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” musiqi festivalının yenidən keçirilməsi şəhərin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edir. Doğma yurda qayıdış prosesi isə tarixi Zəfərin real nəticələrini nümayiş etdirir.
Bu gün Şuşa azadlığın, dirçəlişin, milli kimliyin və əbədi qayıdışın rəmzidir. Onun hər küçəsində qəhrəman əsgərlərimizin izləri, hər daşında xalqımızın tarixi, hər guşəsində Azərbaycan ruhu yaşayır. 8 Noyabr – Şuşa şəhəri Günü bizə bir daha xatırladır ki, dövlətin gücü, xalqın birliyi və Vətən sevgisi bir araya gəldikdə ən çətin hədəflər belə gerçəkləşir.
Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin fədakarlığı heç vaxt unudulmayacaq. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, qalib Azərbaycanın bu günü və gələcəyidir.

Turac İbrahimova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər