PDF Oxu

Siyasət

  • 670

Şuşa – Zəfərimizin, milli ruhumuzun və mədəniyyətimizin əbədi ünvanı - ŞƏRH

Şuşa – Zəfərimizin, milli ruhumuzun və mədəniyyətimizin əbədi ünvanı - ŞƏRH

Hər bir xalqın tarixində elə şəhərlər var ki, onlar yalnız coğrafi məkan deyil, həm də milli yaddaşın, mənəvi dəyərlərin və tarixi kimliyin daşıyıcısıdır. Şuşa Azərbaycan xalqı üçün məhz belə müqəddəs ünvanlardan biridir. Qarabağın döyünən ürəyi, Azərbaycan musiqisinin beşiyi, görkəmli şəxsiyyətlər yetirən bu qədim şəhər əsrlər boyu xalqımızın mədəniyyətinə, incəsənətinə və ictimai fikir tarixinə misilsiz töhfələr verib. Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa özünəməxsus memarlığı, zəngin tarixi, təbiəti və yetirdiyi böyük sənətkarlarla Azərbaycanın milli-mədəni sərvətinə çevrilib. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən şəhər 28 ildən artıq müddətdə həsrət və nisgil ünvanı olsa da, xalqımız Şuşaya qayıdacağına, onun üzərində Azərbaycan bayrağının yenidən dalğalanacağına inamını heç vaxt itirmədi. 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi xalqımızın tarixinə qızıl hərflərlə yazıldı. Bu Qələbə yalnız hərbi uğur deyil, həm də milli qürurumuzun, tarixi ədalətin və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin təntənəsi oldu.
Şuşanın azad edilməsindən sonra şəhərin tarixi simasının bərpası, mədəni irsinin qorunması və əvvəlki şöhrətinə qovuşması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunması da şəhərin tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək qiymətin ifadəsi idi. Sonrakı illərdə Şuşanın beynəlxalq miqyasda qazandığı statuslar onun mədəni nüfuzunu daha da genişləndirdi. 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə isə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi Şuşanın yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk və İslam dünyası üçün mühüm mədəniyyət mərkəzi olduğunu bir daha nümayiş etdirdi. Bu adlar şəhərin zəngin irsinə, tarixi mövqeyinə və bəşər mədəniyyətinə verdiyi töhfələrə beynəlxalq səviyyədə göstərilən ehtiramın təzahürüdür.
Dövlət başçısının azad olunmuş Şuşaya çoxsaylı səfərləri şəhərin dirçəliş prosesinin daim diqqət mərkəzində saxlanıldığını göstərir. Prezident İlham Əliyev hər səfərində Şuşanın gələcək inkişafı, tarixi görkəminin qorunması, infrastrukturunun yenilənməsi və mədəni həyatının canlandırılması ilə bağlı mühüm fikirlər səsləndirib, bir sıra layihələrin təməlini qoyub və açılışlarında iştirak edib. Zəfər yolunun istifadəyə verilməsi, elektrik yarımstansiyasının açılışı, məscidlərin, tarixi abidələrin, muzeylərin və mədəniyyət ocaqlarının bərpası, yeni yaşayış və sosial infrastruktur layihələrinin həyata keçirilməsi şəhərin yenidən qurulmasının mühüm mərhələləridir. Cıdır düzündə “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən keçirilməsi, Vaqif Poeziya Günlərinin bərpası, tarixi şəxsiyyətlərimizin heykəllərinin öz əvvəlki yerlərinə qaytarılması Şuşanın mədəni həyatına yeni nəfəs verib. Burada keçirilən beynəlxalq tədbirlər, Türk Dövlətləri Təşkilatının Zirvə görüşü və digər mühüm toplantılar şəhərin regional və beynəlxalq əhəmiyyətini daha da artırıb. Bütün bunlar Şuşanın yalnız bərpa olunmadığını, eyni zamanda müasir inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Şuşanın azadlığı uğrunda döyüşən hərbçilərimizin qəhrəmanlığı da dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsdiq edilən “Şuşanın azad olunmasına görə” medalı həmin tarixi Qələbənin əldə olunmasında iştirak edən hərbi qulluqçuların igidlik və şücaətinin rəmzinə çevrilib. Dekabrın 29-da Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şuşanın azad edilməsi uğrunda döyüşlərdə şəxsi igidlik göstərmiş hərbi qulluqçuların bu medalla təltif edilməsi onların tarixi xidmətlərinə verilən qiymətdir. Eyni zamanda, dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə hər il noyabrın 8-nin Şuşa Şəhəri Günü kimi qeyd edilməsi təsis olunub. Bu tarix həm də Zəfər Günüdür. Şuşanın azadlığı ilə xalqımızın uzun illər davam edən həsrətinə son qoyuldu, şəhərdə quruculuq işləri ilə yanaşı, doğma yurda qayıdış prosesi də başladı. Bu gün Şuşa öz sakinlərini qarşılayan, tarixi irsini yaşadan, mədəni tədbirlərə ev sahibliyi edən, beynəlxalq görüşlərin keçirildiyi canlı şəhərdir. Şuşa artıq yalnız keçmişimizin qürur mənbəyi deyil, həm də gələcəyə inamımızın, milli birliyimizin və Zəfər tariximizin əbədi rəmzidir.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Digər xəbərlər