PDF Oxu

Siyasət

  • 957

Şuşa tariximizin dəyişməz həqiqəti - ŞƏRH

Şuşa tariximizin dəyişməz həqiqəti - ŞƏRH

Şuşa Azərbaycan xalqının tarixində özünəməxsus yeri olan, milli kimliyimizi, mənəvi dəyərlərimizi, zəngin mədəniyyətimizi və dövlətçilik ənənələrimizi özündə yaşadan müqəddəs şəhərdir. Şuşa sadəcə bir coğrafi məkan deyil, xalqımızın tarixi yaddaşı, milli ruhu, qüruru və mənəvi varlığının ayrılmaz parçasıdır. Bu şəhərin hər daşı, hər küçəsi, hər qayası Azərbaycanın keçmişindən xəbər verən, milli kimliyimizi və tarixi bağlılığımızı yaşadan canlı salnamədir.

8 Noyabr 2020-ci il Azərbaycan tarixində əbədi yaşayacaq şanlı bir gündür. Şuşanın azad edilməsi ilə xalqımızın onilliklər ərzində qəlbində yaşatdığı həsrətə son qoyuldu, tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ gerçəkləşdi. Bu hadisə yalnız hərbi qələbə deyil, həm də milli iradənin, dövlət-xalq birliyinin, Vətən sevgisinin və sarsılmaz əzmin təntənəsi kimi tarixə düşdü. Şuşanın azadlığı Azərbaycan dövlətinin gücünü, xalqımızın birliyini və milli məqsədlər ətrafında səfərbər olmaq iradəsini nümayiş etdirdi.

Şuşanın azadlığına aparan yol asan olmadı. Bu yol şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, bütöv bir xalqın səbr və dözümü bahasına keçildi. Buna görə də Şuşa zəfərindən danışarkən yalnız qələbənin nəticəsini deyil, bu nəticənin arxasında dayanan böyük fədakarlığı, yarımçıq qalan arzuları və Vətən uğrunda canından keçən qəhrəmanlarımızı da unutmamalıyıq. Şuşanın azadlığı hər bir azərbaycanlı üçün həm sonsuz qürur mənbəyi, həm də gələcək nəsillər qarşısında müqəddəs məsuliyyətdir.

Bu tarixi hadisə bir daha sübut etdi ki, milli birlik, dövlətçilik iradəsi və Vətənə bağlılıq xalqın ən böyük mənəvi gücüdür. Şuşanın azad olunması Azərbaycan dövlətinin suverenliyinin və ərazi bütövlüyünün bərpası yolunda tarixi əhəmiyyət daşıyan hadisə olmaqla yanaşı, gələcək nəsillərə ötürüləcək mühüm dövlətçilik dərsidir. Bu dərsin mahiyyəti ondan ibarətdir ki, torpağa sahib çıxmaq, milli dəyərləri qorumaq və dövlətçiliyi möhkəmləndirmək hər bir nəslin qarşısında dayanan tarixi vəzifədir.

Şuşanın əhəmiyyəti onun hərbi-strateji mövqeyi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan musiqisinin, poeziyasının, ədəbiyyatının və incəsənətinin beşiyidir. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün, Xan Şuşinskinin və digər görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan Şuşa milli mədəniyyətimizin formalaşmasında müstəsna rol oynayıb. Qarabağ muğam məktəbinin, musiqi və poeziya ənənələrinin yaşadığı bu şəhərin yenidən dirçəlməsi, əslində, milli mədəni irsimizin öz doğma ünvanına qayıdışıdır. Şuşanın hər bir tarixi məkanı, hər bir mədəniyyət nümunəsi xalqımızın əsrlər boyu yaratdığı mənəvi sərvətin ayrılmaz hissəsidir.

Bu gün Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, tarixi abidələrin yenidən həyata qaytarılması, müasir infrastrukturun yaradılması, mədəni tədbirlərin keçirilməsi və şəhərin əvvəlki həyat ritminə qovuşması azadlığın real nəticələrini nümayiş etdirir. Şuşanın dirçəlişi yalnız yeni binaların inşası, yolların salınması və infrastrukturun yenilənməsi demək deyil. Bu, həm də tarixi yaddaşın qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, mədəni irsin gələcək nəsillərə ötürülməsi və doğma torpaqlarda həyatın davamlı şəkildə bərpasıdır.

Şuşanın yenidən qurulması Azərbaycanın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə sahib çıxmasının bariz nümunəsidir. Şəhərin tarixi-memarlıq simasının qorunması ilə müasir inkişafın uzlaşdırılması gələcək nəsillərə həm zəngin irs, həm də müasir şəhər mühiti bəxş etmək məqsədi daşıyır. Şuşada həyatın bərpası, insanların doğma yurda qayıdışı və mədəni ənənələrin yenidən canlanması Böyük Qayıdış prosesinin mənəvi mahiyyətini daha da zənginləşdirir. Çünki bir torpağın həqiqi dirçəlişi yalnız onun yenidən qurulması ilə deyil, orada həyatın, ümidin və gələcəyə inamın bərpası ilə ölçülür.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dayanıqlı yaşayış mühitinin yaradılması, su təchizatı və kanalizasiya sistemlərinin, mühəndis-kommunikasiya infrastrukturunun bərpası Böyük Qayıdışın mühüm şərtlərindəndir. İnsanların doğma yurdlarına təhlükəsiz, rahat və davamlı həyat şəraitində qayıtması üçün həyata keçirilən hər bir layihə Azərbaycanın gələcəyinə xidmət edir. Bu baxımdan Şuşanın və bütövlükdə Qarabağın inkişafı yalnız quruculuq prosesi deyil, həm də dövlətimizin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətidir.

Şuşa bizə bir həqiqəti də xatırladır: torpağı azad etmək böyük qəhrəmanlıqdırsa, onu qorumaq, inkişaf etdirmək, tarixi simasını yaşatmaq və gələcək nəsillərə ötürmək də eyni dərəcədə böyük məsuliyyətdir. Vətənə sevgi yalnız əlamətdar günlərdə səsləndirilən sözlərlə deyil, gündəlik fəaliyyətimizdə, gördüyümüz işlərdə, dövlətə və cəmiyyətə faydalı xidmətimizdə öz əksini tapmalıdır. Bu gün hər birimizin üzərinə düşən vəzifə əldə olunmuş tarixi nailiyyətləri qorumaq, dövlətçiliyimizi möhkəmləndirmək və azad edilmiş torpaqlarımızın inkişafına öz töhfəmizi verməkdir.

Şuşa bu gün azadlığın, qayıdışın, dirçəlişin və milli qürurun ünvanıdır. Onun zirvələrində dalğalanan üçrəngli bayrağımız xalqımızın tarixi yaddaşını, müstəqillik iradəsini və gələcəyə olan inamını təcəssüm etdirir. Şuşanın azadlığı keçmişə olan borcumuzun yerinə yetirilməsi, onun dirçəlişi bu günümüzün quruculuq məsuliyyəti, gələcək nəsillərə ötürülməsi isə milli-mənəvi borcumuzdur.

Şuşa yalnız tariximizin bir səhifəsi deyil, Azərbaycanın bu günü və gələcəyidir. Şuşanın azadlığı Zəfərimizin, dirçəlişi dövlətimizin quruculuq iradəsinin, əbədi yaşaması isə xalqımızın milli yaddaşının təntənəsidir!

8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, Şuşanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə şəfa, müharibə iştirakçılarına möhkəm cansağlığı arzulayırıq.

Kamran Quliyev

YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini.

Digər xəbərlər