PDF Oxu

Siyasət

  • 1 183

“Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4, Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyüb” - VÜQAR BAYRAMOV

“Zəfərdən sonra Qarabağın iqtisadiyyatı 4, Şərqi Zəngəzurun iqtisadiyyatı 30 dəfə böyüyüb” - VÜQAR BAYRAMOV

İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri, infrastruktur layihələri və məskunlaşma prosesi davam edir. Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi göstəricilərdə də ciddi artım qeydə alınıb.SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.O bildirib ki, Böyük Qayıdışla bağlı birinci Dövlət Proqramının icrası bu il başa çatacaq, növbəti proqram isə 2027–2030-cu illəri əhatə edəcək. Deputatın sözlərinə görə, indiyədək yalnız dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 26 milyard manat vəsait ayrılıb.V.Bayramov qeyd edib ki, həmin ərazilərdə ümumi uzunluğu 3720,5 kilometr olan 64 avtomobil yolunun tikintisi həyata keçirilir. İndiyədək 1338 kilometr uzunluğunda 17 avtomobil yolunun tikintisi başa çatdırılıb, strateji əhəmiyyət daşıyan üç beynəlxalq hava limanı istifadəyə verilib.Deputat vurğulayıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın vətəndaş yaşayır, işləyir və təhsil alır. Onlardan 41 213 nəfəri daimi məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Ən çox məskunlaşma Ağdam rayonunda qeydə alınıb. Belə ki, rayonda 8300 nəfər, Cəbrayılda isə 7112 keçmiş məcburi köçkün məskunlaşıb.O bildirib ki, infrastrukturun qurulması ərazilərdə məskunlaşmanın genişlənməsi üçün zəmin yaradır. Növbəti aylarda və 2027-ci ildə bu ərazilərdə daha genişmiqyaslı məskunlaşmanın həyata keçirilməsi nəzərdə tutulur. Hər bir keçmiş məcburi köçkünə doğma yurdunda ev təklif ediləcək və heç kim bu prosesdən kənarda qalmayacaq.V.Bayramovun sözlərinə görə, Prezident İlham Əliyev Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərə 600 dəfədən çox səfər edib. Dövlət başçısı həmin səfərlər çərçivəsində 180-dən çox layihənin təməlini qoyub, 170-dən artıq obyektin açılışında iştirak edib.Deputat iqtisadi göstəricilərə də diqqət çəkərək bildirib ki, Zəfərdən sonra Qarabağ iqtisadi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 2020-ci ildəki 1 milyard 548 milyon manatdan 6 milyard manata yüksəlib. Bu, iqtisadiyyatın təxminən dörd dəfə böyüməsi deməkdir.O əlavə edib ki, Şərqi Zəngəzur iqtisadi rayonunda isə müvafiq göstərici 2020-ci ildəki 134 milyon manatdan 4 milyard manatı ötüb. Beləliklə, regionun iqtisadiyyatı 30 dəfədən çox böyüyüb. Hazırda Şərqi Zəngəzurda 100 milyon manatlıq sənaye, 170 milyon manatdan artıq aqrar sektor formalaşıb.

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər