Azərbaycan tarixində elə günlər var ki, onlar dövlətçilik salnaməsində yeni mərhələnin başlanğıcını müəyyənləşdirən mühüm hadisələr kimi xalqın milli yaddaşına həkk olunur. 8 Noyabr – Zəfər Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün Azərbaycan xalqının uzun illər qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşib, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirib. Şuşanın azad edilməsi ilə nəticələnən tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ olmaqla yanaşı, xalqımızın birlik və həmrəyliyinin parlaq ifadəsinə çevrildi.
Uzun illər ərzində Azərbaycan xalqı torpaqlarımızın işğalı ilə barışmadı, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın Vətən həsrətini unutmadı. İşğal nəticəsində yüz minlərlə ailə öz evindən, doğma el-obasından ayrı düşdü, şəhər və kəndlər dağıntılara məruz qaldı, tarixi və mədəni irsimizə ciddi ziyan vuruldu. Lakin bütün bu çətinliklər xalqımızın mübarizə əzmini sarsıda bilmədi. Azərbaycan cəmiyyəti əmin idi ki, gec-tez tarixi ədalət bərpa olunacaq, işğal altındakı torpaqlarımız azad ediləcək və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Bu məqsədə çatmaq üçün Azərbaycan dövləti uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Ölkənin iqtisadi potensialı gücləndirildi, müdafiə qabiliyyəti artırıldı, müasir silah və texnologiyalar əldə edildi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsinə xüsusi diqqət yetirildi. Eyni zamanda, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, münaqişənin hüquqi və siyasi əsaslarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm addımlar atıldı. Bütün bu fəaliyyətin əsasında vahid məqsəd – ölkəmizin ərazi bütövlüyünün bərpası və milli suverenliyin təmin edilməsi dayanırdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Azərbaycanın əsgəri və zabitləri döyüş meydanında böyük qəhrəmanlıq göstərərək şəhər və kəndləri bir-birinin ardınca işğaldan azad etdi. Hər bir uğurlu əməliyyat cəbhədə qələbəyə, arxa cəbhədə isə xalqımızın qürur və inamının daha da möhkəmlənməsinə xidmət edirdi.
Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad olunması oldu. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi və milli kimliyimizin rəmzlərindən biri olan Şuşanın azadlığı müharibənin taleyini müəyyənləşdirən tarixi hadisəyə çevrildi. Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Mürəkkəb relyef və çətin döyüş şəraitində qəhrəmanlıq göstərən hərbçilərimiz öz cəsarətləri, fədakarlıqları və peşəkarlıqları ilə əsl Vətən sevgisinin nümunəsini yaratdılar.
Şuşanın azad olunması yalnız hərbi qələbə deyildi. Bu, Azərbaycan xalqının mədəniyyətinə, tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmasının, illərlə davam edən həsrətin sona yaxınlaşmasının rəmzi idi. Məhz buna görə 8 noyabr xalqımızın yaddaşında xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər dövlətimizin siyasi iradəsinin, xalqımızın həmrəyliyinin və Azərbaycan Ordusunun gücünün vəhdətini nümayiş etdirdi.
Qələbənin əldə olunmasında Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik də mühüm rol oynadı. Müharibə dövründə cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdi. İnsanlar ön cəbhədə döyüşən hərbçilərimizə mənəvi dəstək göstərir, arxa cəbhədə öz imkanları daxilində Vətən uğrunda mübarizəyə töhfə verirdilər. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli maraqlar və Vətən sevgisi qarşısında bütün fərqlər arxa plana keçir. Bu birlik qələbəmizin mənəvi dayaqlarından biri oldu.
Zəfərin əldə edilməsi şəhidlərin fədakarlığı və qazilərin qəhrəmanlığı sayəsində mümkün oldu. Vətən uğrunda canından keçən igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və sədaqət məktəbidir. Dövlətimiz şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu diqqət və qayğı Vətən qarşısında xidmət göstərmiş insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
2020-ci ildə əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində mühüm tarixi mərhələ olsa da, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa edildi. Beləliklə, Azərbaycan müstəqillik tarixinin ən mühüm strateji məqsədlərindən birinə nail oldu. Bu hadisələr sübut edir ki, dövlətin gücü yalnız hərbi imkanlarla deyil, milli maraqlarını qorumaq əzmi, siyasi qətiyyəti və xalqın birliyi ilə müəyyən edilir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, enerji və kommunikasiya xətləri çəkilir, sosial infrastruktur yaradılır. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Uzun illər Vətən həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi Zəfərin ən sevindirici nəticələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur bu gün quruculuğun, dirçəlişin və gələcəyə inamın məkanına çevrilir.
Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də əldə edilmiş tarixi nailiyyətləri qorumaq, ölkədə sabitliyi və davamlı inkişafı təmin etməkdir. Zəfər Günü bizə xatırladır ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü xalqın ən böyük sərvətlərindəndir. Bu dəyərlərin qorunması hər bir vətəndaşın məsuliyyətidir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli tariximizin öyrənilməsi və şəhidlərimizin xatirəsinin yaşadılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının öz gücünə inamının, milli birliyinin və tarixi ədalət uğrunda mübarizəsinin təntənəsidir. Bu gün yalnız keçmiş qələbəni xatırlamaq deyil, həm də gələcək nəsillərə müstəqil, suveren və güclü Azərbaycanı qorumaq məsuliyyətini aşılamaq deməkdir. Qazanılmış Zəfər dövlətimizin tarixində əbədi yaşayacaq, şəhidlərin müqəddəs xatirəsi daim ehtiramla yad ediləcək. Azərbaycan xalqı bundan sonra da birliyini qoruyaraq, milli maraqlarını müdafiə edərək və quruculuq yolunda inamla irəliləyərək tarixi Qələbəsinin bəhrələrini gələcək nəsillərə ötürəcək.
Mahir Süleymanlı
Milli Məclisin deputatı