PDF Oxu

Siyasət

  • 917

8 Noyabr – dövlətçilik tariximizin möhtəşəm səhifəsi - ŞƏRH

8 Noyabr – dövlətçilik tariximizin möhtəşəm səhifəsi - ŞƏRH

30 ildən sonra nail olduğumuz, dünyaya səs salan tarixi Zəfərimizdən bizləri dörd illik zaman məsafəsi ayırır. Bu dörd il 30 illik işğal dövrünün reallıqlarını yenidən nəzərdən keçirməyə böyük imkanlar yaratdı. Bu baxımdan ki, 44 günlük Vətən müharibəsi dövründə yaşananlar, işğalçı Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarının açıqlanması, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların seyrçi və laqeyd münasibətləri münaqişənin həlli prosesinin hansı səbəblərdən 30 il uzanmasına işıq saldı.
Azərbaycan oğulları Ermənistan ordusunu döyüş meydanında darmadağın etdi. Bununla da ermənilərin öz orduları haqqında uzun illər uydurduqları mif sabun köpüyü kimi partladı. Cəmi 44 gün ərzində bu “yenilməz ordu” məhv edildi və Azərbaycan öz gücünü, qüdrətini təkcə erməni işğalçılarına deyil, eyni zamanda, onların havadarlarına əyani surətdə göstərdi. Dövlət başçısı xalqa bütün müraciətlərində erməni vandalizmindən geniş bəhs edir, bildirirdi ki, dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə necə susmağı, seyrçi mövqedə dayanmağı özləri üçün, daha dəqiq desək, maraqlarının icrası üçün çıxış yolu hesab edirdilərsə, Vətən müharibəsi dövründə də eyni ab-havanı nümayiş etdirirlər. Cənab İlham Əliyev eyni zamanda, xəbərdarlıq edirdi ki, bu cür addım atanlar unudurlar ki, bir cinayətin cəzasız qalması digər cinayətə rəvac verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalamasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Şuşa əməliyyatı bir dastana çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi. Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirilməsi və iştirakçılara diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix - 27 sentyabr - Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 Noyabr - Zəfər Günü kimi təsis edildi. Atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin təbliğinə xidmət edir.
Zəfərimizin ən mühüm nəticələrindən biri onun yaratdığı yeni imkanların uzunmüddətli inkişaf məqsədləri ilə əlaqələndirilməsidir. Qarabağ və Şərqi Zəngəzurda quruculuq, Böyük Qayıdış, yeni iqtisadi fəaliyyət sahələrinin yaradılması və nəqliyyat bağlantılarının genişləndirilməsi bu mərhələnin əsas istiqamətlərini təşkil edir. Bu tarixi Qələbənin əldə olunmasında şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı xüsusi yer tutur. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir. Onların fədakarlığı Zəfər tariximizin ayrılmaz hissəsidir. 8 Noyabr yalnız keçmişdə qazanılmış hərbi Qələbənin deyil, həm də yeni inkişaf mərhələsinin simvoludur. Bu tarix Azərbaycanın milli birliyini, dövlətçilik iradəsini və gələcəyə yönəlmiş inkişaf strategiyasını ifadə edir. Bu gün əsas məsələ Zəfərin yaratdığı imkanları dayanıqlı inkişaf, Böyük Qayıdış, regional əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətində davam etdirməkdir. 2020-ci ilin Zəfəri beləliklə, Azərbaycan tarixində yalnız mühüm hərbi hadisə kimi deyil, dövlətçilik və milli inkişafın yeni mərhələsinin başlanğıcı kimi də xüsusi yer tutur.
Zəfərin mübarək, Azərbaycan xalqı! Eşq olsun Müzəffər Ali Baş Komandana!

Zülfüqar Cəfərov

YAP Sabunçu rayon təşkilatının sədr müavini, Vətən müharibəsi iştirakçısı

Digər xəbərlər