PDF Oxu

Siyasət

  • 619

Müstəqillik tariximizin ən parlaq səhifəsi - ŞƏRH

Müstəqillik tariximizin ən parlaq səhifəsi - ŞƏRH

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər XXI əsrin hərb tarixinə, regionun geosiyasi xəritəsinə və Azərbaycan xalqının milli kimliyinə birdəfəlik həkk olunmuş tarixi dönüş nöqtəsidir. Bu qələbə sadəcə torpaqların işğaldan azad edilməsi deyil, həm də otuz illik ədalətsizliyə, beynəlxalq hüququn işləməyən mexanizmlərinə qarşı dövlətin və xalqın öz gücü ilə qoyduğu nöqtədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları hərb elmində “beşinci nəsil müharibə” modelinin ilk uğurlu nümunəsi kimi qəbul edildi. Mürəkkəb dağlıq relyef şəraitində, 30 il ərzində qurulmuş güclü mühəndis-istehkam xətlərinin cəmi 44 gün ərzində yarılması hərbi strategiyanın mükəmməlliyini sübut etdi. Zəfəri şərtləndirən ən mühüm amillərdən biri döyüş meydanındakı uğurların diplomatik müstəvidə düzgün idarə olunması idi. Azərbaycan müharibəni öz suveren ərazilərində apardı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edərək, beynəlxalq hüququ özü icra etdi. Prezident İlham Əliyevin müharibə dövründə xarici KİV-lərə verdiyi 30-dan çox müsahibə, Azərbaycana qarşı yönəlmiş qara piar kampaniyalarını darmadağın etdi və ölkənin haqlı mövqeyini dünyaya çatdırdı. Müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alındı. Prezident İlham Əliyev münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr mediamızın fəaliyyətinə istiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlı müsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyası hesab edilə bilər. Müsahibələr ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsi ilə aparılırdı. Müsahibələri real mübarizə və silah üsuluna çevirən Azərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən Prezident İlham Əliyevin hər bir sözü, hər bir fikri xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. Vətən müharibəsi ərəfəsində, müharibə zamanı və sonrakı dövrdə siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Vətən müharibəsinin gedişini özündə əks etdirən, Prezident İlham Əliyevin təşəbbüsü ilə salınmış Hərbi Qənimətlər Parkının açılışı 2021-ci il 12 aprel tarixində oldu. 5 hektar ərazini əhatə edən Parkda eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdır. Sərəncamdan dərhal sonra Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. 2024-cü il noyabrın 8-də kompleksdə Zəfər parkının açılış mərasimi keçirilib. Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub. 2025-ci ilin noyabrın 8-də Zəfər muzeyinin açılışı olmuşdur. Burada 8 ekspozisiya zalı yaradılıb: “Qarabağ və Şərqi Zəngəzur. Əsrlərin hekayəsi”, “Ermənistan–Azərbaycan münaqişəsi. Tarixə baxış”, “44 günlük Vətən müharibəsi. “Dəmir yumruq” əməliyyatı”, “Şanlı Zəfər. Şuşanın azad olunması”, “Qəhrəmanlar yolu”, “Qarabağ Azərbaycandır!”, “Dövlət suverenliyinin bərpası. 20.09.2023”, “Qarabağ və Şərqi Zəngəzur. Dirçəliş”. Muzeyin girişində tarixi Qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası və Prezident İlham Əliyevin çıxışından fikirlər əks olunur. Muzeyi əhatə edən divarda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı ehtiram əlaməti kimi həkk edilib. Muzeyin ekspozisiya zallarında isə Qarabağda Vətən müharibəsinədək və Zəfər Günündən sonra həlak olmuş şəhidlərimizin adları var. Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımlar davamlıdır. Canları, qanları ilə tarix yazan Vətən övladlarının hər birinin qəhrəmanlığı, şücaəti bir dastana çevrilib. İndiki və gələcək nəsillər bu dastanı öyrənərək böyüməli, onların əziz xatirəsini hər zaman uca tutmalı və vətənpərvərlik nümunəsi kimi yaşatmalıdırlar. Vətən naminə canından keçən qəhrəmanlarımızın yazdığı bu tarix, sadəcə keçmişimizin şərəf lövhəsi deyil, həm də gələcəyimizin bələdçisidir. İndiki və gələcək nəsillər bu dastandan ilham alaraq milli kimliyi və dövlətçilik şüurunu dərindən dərk edir, Vətənə qarşılıqsız sevgi və sadiqlik hissini mənimsəyir, azadlığın və müstəqilliyin necə qazanıldığını unutmur. Onlar, həmçinin şəhidlərimizin və qazilərimizin əmanəti olan torpaqları göz bəbəyi kimi qorumaq məsuliyyətini daşıyır. Bu qəhrəmanlıq salnaməsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq və nəsildən-nəslə ötürülən ən böyük mənəvi irs olaraq qalacaqdır.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Digər xəbərlər