PDF Oxu

Siyasət

  • 1 107

8 Noyabr: Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış gün

8 Noyabr: Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış gün

Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Şuşanın işğaldan azad edildiyi gün milli qürurumuzun, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu tarixi gün yalnız bir şəhərin azad olunması deyil, həm də Azərbaycan xalqının illərlə ürəyində yaşatdığı böyük bir arzunun gerçəkləşməsi, tarixi ədalətin bərpası və Qarabağ Zəfərinin zirvəyə çatması deməkdir.
Şuşa Azərbaycan xalqı üçün adi bir şəhər deyil. Bura milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tariximizin ayrılmaz parçasıdır. Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa əsrlər boyu xalqımızın milli kimliyinin formalaşmasında mühüm rol oynayıb. Məhz buna görə də Şuşanın işğalı Azərbaycan xalqının qəlbində sağalmaz bir yara açmışdı. 1992-ci il mayın 8-də şəhərin işğal olunması ilə başlayan həsrət 28 il sonra Azərbaycan Ordusunun qəhrəmanlığı və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi nəticəsində sona çatdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Dövlətimizin başçısı dəfələrlə bildirmişdi ki, Şuşa azad edilmədən Qarabağ uğrunda mübarizənin tam qələbə ilə başa çatması mümkün deyil. Prezidentin məşhur fikri “Şuşasız bizim işimiz yarımçıq qalar” ifadəsi xalqımızın yaddaşında tarixi bir çağırış kimi qaldı.
44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Ordusu böyük əzmkarlıq, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək Şuşaya doğru inamla irəlilədi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələrinin azad edilməsi qələbəyə aparan yolun mühüm mərhələləri oldu. Hər gün irəliyə gedən rəşadətli ordumuz düşmənin müdafiə xətlərini yararaq tarixi torpaqlarımızı işğaldan azad edirdi.Şuşa əməliyyatı isə hərb tariximizdə özünəməxsus yer tutdu. Şəhərin mürəkkəb coğrafi mövqeyi, sıldırım qayaları və düşmənin müdafiə istehkamları bu əməliyyatı son dərəcə çətinləşdirirdi. Lakin Azərbaycan əsgərinin Vətən sevgisi, döyüş əzmi və qələbə inamı qarşısında heç bir maneə dayana bilmədi. Xüsusi təyinatlı qüvvələrimiz dağları, meşələri, dərələri aşaraq, çətin keçidlərdən keçərək Şuşaya daxil oldular. Yüngül silahlarla aparılan küçə döyüşlərində nümayiş etdirilən qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq Azərbaycan hərb tarixinin şanlı səhifəsinə çevrildi.
Prezident İlham Əliyev 2022-ci il noyabrın 8-də Şuşada Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bu əməliyyatın əhəmiyyətini belə ifadə etmişdir: “Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq.”
Bu fikirlər Şuşanın yalnız strateji baxımdan deyil, həm də mənəvi və tarixi baxımdan Azərbaycan xalqı üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiqləyir. Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş yaratdı və Azərbaycanın tarixi Qələbəsini şərtləndirən əsas hadisələrdən biri oldu.
Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan xalqının illərlə gözlədiyi tarixi an yetişdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan etdi. Dövlətimizin başçısının həmin gün səsləndirdiyi bu tarixi sözlər hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu:“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”
Bu müraciət təkcə Şuşanın azad olunmasının elanı deyil, həm də xalqımızın tarixi qayıdışının, milli qürurunun və gələcəyə olan inamının ifadəsi idi. Həmin gün Azərbaycanın hər yerində sevinc, qürur və fəxarət hissi yaşanırdı. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıdışın mümkünlüyünü bütün dünyaya nümayiş etdirdi.
Şuşanın azad olunması həm də şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və minlərlə hərbçimizin fədakarlığı bahasına əldə edilmiş tarixi Qələbədir. Bu Zəfərin arxasında Vətən uğrunda canından keçən qəhrəmanlarımızın müqəddəs xatirəsi dayanır. Onların göstərdiyi şücaət heç zaman unudulmayacaq, adları Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Bu gün azad Şuşa yeni inkişaf və quruculuq dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Tarixi və mədəni abidələrimiz bərpa olunur, yeni yollar və infrastruktur layihələri reallaşdırılır, Şuşanın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. Şəhər yenidən Azərbaycanın mədəniyyət və incəsənət mərkəzinə çevrilir. Burada keçirilən beynəlxalq tədbirlər, festivallar, konsertlər və mədəniyyət layihələri Şuşanın ölkəmizin ictimai-mədəni həyatındakı mövqeyini daha da möhkəmləndirir.

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər