PDF Oxu

Siyasət

  • 538

Şuşa – Zəfərimizin və qürurumuzun ünvanı - ŞƏRH

Şuşa – Zəfərimizin və qürurumuzun ünvanı - ŞƏRH

Şuşa Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin tarixinin, mədəniyyətinin və dövlətçilik ənənələrinin təcəssümüdür. Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı olan bu qədim şəhər xalqımızın tarixi yaddaşında və milli kimliyində xüsusi yer tutur. Şuşanın hər küçəsi, hər daşı, hər tarixi abidəsi Azərbaycan xalqının çoxəsrlik mədəni irsindən xəbər verir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük qəhrəmanlıq və şücaət nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Vətən müharibəsinin taleyini həll edən tarixi hadisələrdən biri kimi yaddaşlara həkk olundu. Bu möhtəşəm Qələbə Azərbaycan xalqının iradəsinin, birliyinin, əzminin və yenilməz ruhunun təntənəsinə çevrildi. Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Çətin relyef şəraitində, mürəkkəb döyüş vəziyyətində Azərbaycan əsgərlərinin göstərdiyi misilsiz qəhrəmanlıq dünya hərb tarixində xüsusi yer tutdu. Şəhərin azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ gerçəkləşdi. Şuşanın azad olunması xalqımızın onilliklər ərzində qəlbində yaşatdığı ən böyük arzularından birinin reallaşması idi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 8 noyabr tarixinin Zəfər Günü elan edilməsi bu tarixi hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqləyir. Şuşanın azad edilməsi Azərbaycan xalqının heç vaxt işğalla barışmadığını, milli birliyini və mübarizə əzmini qoruduğunu nümayiş etdirdi. Bu gün Şuşa yenidən quruculuq və inkişaf dövrünü yaşayır. Şəhərdə genişmiqyaslı bərpa və abadlıq işləri həyata keçirilir, tarixi-mədəni abidələrimiz öz əvvəlki görkəminə qaytarılır, infrastruktur yenilənir, şəhərin tarixi siması qorunmaqla müasir inkişafı təmin olunur. Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları və müxtəlif layihələr şəhərin əvvəlki şöhrətinin bərpasına mühüm töhfə verir. Şuşanın dirçəlişi Azərbaycanın gücünün, siyasi iradəsinin və gələcəyə inamının bariz göstəricisidir. Bu qədim şəhərin yenidən qurulması həm də xalqımızın tarixi və mədəni irsinə sahib çıxmaq əzminin ifadəsidir. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, müasir Azərbaycanın inkişafının, suverenliyinin və milli qürurunun rəmzidir. Şuşanın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Qazilərimizin qəhrəmanlığı, hərbçilərimizin fədakarlığı və xalqımızın sarsılmaz həmrəyliyi bu tarixi Qələbənin əsasını təşkil edir. Şuşa bizimdir, Şuşa Azərbaycandır! Bu şəhərin azadlığı milli birliyimizin, dövlətçilik iradəmizin və müstəqilliyimizin əbədi rəmzi kimi tarixdə yaşayacaq. Şuşanın hər bir uğuru Azərbaycanın uğuru, onun hər bir inkişaf mərhələsi isə gələcək nəsillərə ötürülən böyük Zəfər salnaməsinin davamıdır.

Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı

Digər xəbərlər