Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin inkişafında müstəsna rol oynamış bu qədim şəhər –Şuşa xalqımızın yaddaşında hər zaman xüsusi yer tutub. Bu gün Şuşa həm də Azərbaycanın gücünün, iradəsinin, milli birliyinin və tarixi ədalətin təntənəsinin rəmzidir.
8 Noyabr – Şuşa Şəhəri Günü xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış 2020-ci il noyabrın 8-də əldə edilən tarixi Zəfərin mənəvi təcəssümüdür. Həmin gün Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı, əsgər və zabitlərimizin fədakarlığı nəticəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu hadisə yalnız hərbi uğur deyil, eyni zamanda milli ruhun, dövlətçilik iradəsinin və xalq-lider-ordu birliyinin möhtəşəm təntənəsi oldu.
Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən mühüm hadisələrdən biri idi. Mürəkkəb relyefi, sıldırım qayaları və strateji mövqeyi ilə seçilən şəhərin düşməndən azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlığının və hərbi peşəkarlığının parlaq nümunəsinə çevrildi. Xüsusi təyinatlı qüvvələrimizin qayalara dırmaşaraq, ağır döyüş şəraitində Şuşaya daxil olması hərb tariximizdə misilsiz əməliyyatlardan biri kimi yadda qaldı. Bu Zəfərin arxasında illərlə aparılan məqsədyönlü siyasət, güclü dövlət quruculuğu, iqtisadi inkişaf, müasir ordu quruculuğu və xalqımızın sarsılmaz iradəsi dayanırdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün istiqamətlərdə gücünü artıraraq tarixi hədəfinə doğru inamla irəlilədi. 44 günlük Vətən müharibəsi göstərdi ki, güclü dövlət, güclü ordu və milli birlik qarşıya qoyulan ən mürəkkəb vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
Şuşanın azad olunması xəbərini Azərbaycan xalqı böyük sevinc və qürur hissi ilə qarşıladı. Bu xəbər illərlə doğma torpaqlarının həsrəti ilə yaşayan milyonlarla insanın qəlbində ümidləri gerçəkliyə çevirdi. Şuşanın azad edilməsi ilə xalqımızın tarixi yaddaşında ağır bir səhifə bağlandı, yeni və şərəfli mərhələnin əsası qoyuldu. Şuşanın əhəmiyyəti, əlbəttə ki, onun hərbi-strateji mövqeyi ilə məhdudlaşmır. Bu şəhər Azərbaycan mədəniyyətinin canlı tarixidir. Məhz burada böyük sənətkarlar yetişib, milli musiqimizin və ədəbiyyatımızın qiymətli nümunələri yaranıb. Xan qızı Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Mir Möhsün Nəvvab kimi görkəmli şəxsiyyətlərin adları Şuşanın mədəniyyət salnaməsinə əbədi həkk olunub.
Şuşa muğamın, xanəndəlik sənətinin, poeziyanın və milli təfəkkürün inkişafında əvəzsiz xidmətlər göstərib. Təsadüfi deyil ki, bu şəhər uzun illər Azərbaycanın musiqi mədəniyyətinin əsas mərkəzlərindən biri kimi tanınıb. Şuşanın hər küçəsi, hər məhəlləsi, hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir. Bu baxımdan Şuşanın işğaldan azad olunması həm də milli mədəni irsimizin öz doğma ünvanına qayıdışı demək idi.
Azərbaycan dövləti Şuşanın azad edilməsindən dərhal sonra şəhərin bərpasına və yenidən qurulmasına başladı. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşada genişmiqyaslı quruculuq işləri həyata keçirildi. Tarixi abidələrin bərpası, infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yaşayış və ictimai binaların tikintisi şəhərin yeni inkişaf mərhələsinin əsasını qoydu. Şuşada aparılan bərpa işləri sadəcə tikinti və abadlıq tədbirləri deyil. Bu proses, hər şeydən əvvəl, tarixi yaddaşın qorunması, milli-mədəni irsin gələcək nəsillərə çatdırılması və şəhərin əvvəlki şöhrətinin qaytarılması məqsədi daşıyır. Şəhərin tarixi simasının qorunmasına xüsusi həssaslıqla yanaşılması dövlətin bu məsələyə verdiyi əhəmiyyətin göstəricisidir.
Şuşanın dirçəlişində mühüm hadisələrdən biri də onun 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü il üçün isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasıdır. Bu statuslar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə Türk və İslam dünyasının mədəniyyət xəritəsində mühüm yer tutduğunu bir daha təsdiqlədi. Digər tərəfdən, Şuşanın 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək qiymətin ifadəsi idi. Burada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, konfranslar və mədəniyyət layihələri Şuşanı yenidən dünyanın diqqət mərkəzinə gətirdi. Xüsusilə ənənəvi olaraq təşkil edilən Vaqif Poeziya Günləri və Xarıbülbül Musiqi Festivalı şəhərin mədəni həyatına yeni nəfəs verdi. Bu gün Şuşa həm də Azərbaycanın sülh, quruculuq və inkişaf gündəliyinin mühüm ünvanlarından biridir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində insanların doğma torpaqlarına qayıdışı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Şuşada həyatın bərpası, sosial infrastrukturun yaradılması və sakinlərin doğma yurdlarına qayıtması tarixi ədalətin real nəticələridir.
Şuşanın dirçəlişi Azərbaycanın bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin ayrılmaz hissəsidir. Bu torpaqlarda yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar, sosial obyektlər və iqtisadi layihələr reallaşdırılır. Məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, burada müasir, təhlükəsiz və dayanıqlı həyat mühiti yaratmaqdır.
8 Noyabr – Şuşa Şəhəri Günü həm də şəhidlərimizin əziz xatirəsi qarşısında ehtiram günüdür. Bu torpaqların azadlığı uğrunda canından keçən qəhrəman Vətən övladlarının fədakarlığı heç zaman unudulmayacaq. Şuşanın hər bir küçəsi, hər bir daşı bizə həmin qəhrəmanlığı, xalqımızın azadlıq əzmini və müstəqilliyə sədaqətini xatırladır.
Bu gün Şuşa artıq həsrət şəhəri deyil. O, azad Azərbaycanın, qalib xalqın, güclü dövlətin və gələcəyə inamla baxan cəmiyyətin rəmzidir. Şuşada dalğalanan üçrəngli bayrağımız xalqımızın tarixi haqqının bərpasını, milli qürurumuzun yenidən yüksəlişini ifadə edir. Əminliklə demək olar ki, Şuşanın bugünkü inkişafı Azərbaycanın gələcək uğurlarının da mühüm göstəricilərindən biridir. Bu şəhər öz tarixi missiyasını davam etdirərək milli mədəniyyətimizin təbliğinə, beynəlxalq əlaqələrin genişlənməsinə və ölkəmizin nüfuzunun yüksəlməsinə xidmət edir.
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə hər bir azərbaycanlının qəlbində eyni hisslər baş qaldırır: qürur, minnətdarlıq və sonsuz sevgi. Bu gün biz Şuşanı azad edən qəhrəmanlarımızı ehtiramla yad edir, tarixi Zəfərimizin memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilmiş nailiyyətləri yüksək qiymətləndiririk.
Şuşa inkişaf edir, Şuşa yenidən dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilir. Onun zirvəsində dalğalanan Azərbaycan bayrağı isə xalqımızın sarsılmaz iradəsinin və əbədi müstəqilliyinin rəmzi olaraq daim ucalarda dalğalanacaq!
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri