”Bəşəriyyətin çoxəsrlik tarixi göstərir ki, xalqların taleyini müəyyən edən əsas amillərdən biri onların milli iradəsi, siyasi uzaqgörənliyi və ədalət uğrunda mübarizə əzmi olmuşdur. Ulu Öndər Heydər Əliyevin “Ağıl olan yerdə zora ehtiyac yoxdur” müdrik kəlamı dövlət idarəçiliyinin, humanizmin və sağlam siyasi düşüncənin mahiyyətini ifadə edir”.Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, Ümummilli Lider öz fəaliyyəti ilə sübut etmişdir ki, dövlətin qüdrəti yalnız hərbi və iqtisadi potensialla deyil, həm də müdrik rəhbərlik, xalqla hakimiyyət arasında etimad və milli maraqlara söykənən siyasətlə ölçülür:”Bu siyasi fəlsəfə müasir Azərbaycanın inkişaf strategiyasının ideoloji əsaslarından birini təşkil edir. Bununla belə, beynəlxalq münasibətlər sistemində ədalətin və beynəlxalq hüququn prinsiplərinin pozulduğu şəraitdə milli təhlükəsizliyin qorunması, dövlət suverenliyinin təmin edilməsi və qətiyyətli siyasi iradənin nümayiş etdirilməsi xüsusi əhəmiyyət daşıyır.Azərbaycanın müasir tarixində bu prinsiplərin ən parlaq təzahürü 2020-ci ildə əldə edilən tarixi Zəfərdir. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın uzun illər işğal altında qalması, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşməsi və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasının təmin edilməməsi beynəlxalq hüququn tətbiqində ciddi problemləri üzə çıxarmışdı. Otuz ilə yaxın davam edən danışıqlar prosesi işğal faktının aradan qaldırılmasına gətirib çıxarmadı. Belə bir mürəkkəb geosiyasi şəraitdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlarını səfərbər edərək tarixi ədalətin bərpasına nail oldu.2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi 44 gün davam etdi və noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Müharibə dövründə Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut və Suqovuşan qəsəbələrini, eləcə də yüzlərlə yaşayış məntəqəsini və strateji yüksəklikləri işğaldan azad etdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin hərbi-siyasi taleyini müəyyənləşdirən həlledici hadisələrdən biri oldu. Şuşa əməliyyatı Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və mürəkkəb döyüş şəraitində nümayiş etdirdiyi hərbi məharəti bütün dünyaya göstərdi. Məhz bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan edildi.Tarixi Qələbənin əldə olunmasında siyasi iradə, hərbi qüdrət və xalq-ordu birliyi vahid məqsəd ətrafında birləşdi. Prezident İlham Əliyevin müharibə dövründə xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr və diplomatik müstəvidə nümayiş etdirdiyi qətiyyət Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının davam etdirilməsi, milli maraqların prioritet kimi müəyyənləşdirilməsi və ordunun müasir tələblərə uyğun inkişaf etdirilməsi Zəfərin siyasi və hərbi əsaslarını formalaşdırdı. Şəhidlərimizin misilsiz fədakarlığı, qazilərimizin qəhrəmanlığı, hərbçilərimizin döyüş əzmi və xalqımızın sarsılmaz həmrəyliyi bu Qələbəni milli tariximizin ən şanlı səhifələrindən birinə çevirdi. Zəfər bir daha təsdiqlədi ki, Vətən sevgisi yalnız mənəvi duyğu deyil, dövlətin və xalqın gələcəyi naminə məsuliyyət, sədaqət və fədakarlıq tələb edən ali dəyərdir.2020-ci il Qələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, dövlət suverenliyinin bütün ölkə ərazisində tam təmin olunması prosesi 2023-cü ildə başa çatdı. Həmin il sentyabrın 19–20-də Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin konstitusiya quruluşu və dövlət suverenliyi bütün ərazilərimizdə bərpa edildi. Bu hadisə Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. 2024-cü ildən etibarən sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi də həmin tarixi hadisənin siyasi və hüquqi əhəmiyyətini təsdiqləyir. Beləliklə, Zəfər Günü ilə Dövlət Suverenliyi Günü vahid tarixi prosesin bir-birini tamamlayan mühüm mərhələlərini ifadə edir.Tarixi Zəfər Azərbaycanın regionda və beynəlxalq münasibətlər sistemində mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirdi. İşğalın başa çatması Cənubi Qafqazda yeni siyasi və geosiyasi reallıqlar yaratdı, regional nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı, iqtisadi əməkdaşlığın genişlənməsi və davamlı sülhün təmin olunması üçün yeni imkanlar açdı. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi nailiyyətləri qorumaqla yanaşı, regionda uzunmüddətli sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramının icrası, infrastruktur layihələrinin reallaşdırılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Zəfərin real nəticələrini nümayiş etdirir. Bu baxımdan, Qələbəmiz yalnız hərbi uğur deyil, həm də ölkəmizin gələcək inkişafını müəyyənləşdirən strateji dönüş nöqtəsidir.Zəfərin qorunması və gələcək nəsillərə ötürülməsi milli birliyin, ideoloji təhlükəsizliyin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsini zəruri edir. Yeni Azərbaycan Partiyasının VIII qurultayında Prezident, partiyanın sədri İlham Əliyev qarşıda duran vəzifələri müəyyənləşdirərkən iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial rifahının yüksəldilməsi, milli maraqların qorunması və ideoloji işin gücləndirilməsinə xüsusi diqqət yetirmişdir. Bu vəzifələrin həyata keçirilməsində cəmiyyətin düzgün məlumatlandırılması, dövlət siyasətinin mahiyyətinin izah edilməsi, Heydər Əliyev irsinin və azərbaycançılıq ideologiyasının təbliği mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənc nəslə Zəfərin tarixi, siyasi və mənəvi əhəmiyyətinin obyektiv şəkildə çatdırılması, şəhidlərimizin xatirəsinin yaşadılması, qazilərimizə diqqət və qayğının göstərilməsi ümummilli məsuliyyətimizdir. Çünki milli yaddaşını qoruyan, tarixi nailiyyətlərini düzgün qiymətləndirən və dövlətçilik ənənələrinə sadiq qalan xalq gələcək çağırışlar qarşısında daha güclü olur.Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli iradənin, siyasi uzaqgörənliyin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsini ifadə edən müqəddəs gündür. Bu Qələbə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsinin, Azərbaycan Ordusunun rəşadətinin və xalqımızın sarsılmaz birliyinin nəticəsidir. Zəfərimiz dünyaya göstərdi ki, milli maraqlarını qətiyyətlə müdafiə edən, güclü dövlət və ordu quran, tarixi yaddaşına sahib çıxan xalq öz gələcəyini özü müəyyənləşdirə bilər. Bu gün hər bir azərbaycanlının borcu tarixi Qələbəmizin dəyərlərini qorumaq, dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfə vermək və milli həmrəyliyi gələcək nəsillərə ötürməkdir. Zəfər Günümüz mübarək! Bu tarixi Qələbəni bizə yaşadan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə şəfa, xalqımıza firavanlıq, dövlətimizə davamlı inkişaf və yeni uğurlar arzulayıram”!
Müəllif: Günay Hacıyeva