8 Noyabr – Şuşa şəhəri günü həm tarixi Zəfərin, həm də milli irsimizə sahib çıxmaq əzminin təntənəsidir. Bu şəhərin Azərbaycan tarixindəki xüsusi yeri onun işğaldan əvvəlki şöhrəti ilə məhdudlaşmır. Bu şəhərin qorunması və gələcək nəsillərə çatdırılması məsələsi hələ müstəqilliyimizin bərpasından əvvəl dövlətçilik gündəliyində mühüm yer tuturdu. Ulu Öndər Heydər Əliyevin 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan edilməsi təşəbbüsü bunun bariz nümunəsidir. Həmin qərar şəhərin memarlıq irsinin və özünəməxsus tarixi simasının qorunmasına yönəlmiş uzaqgörən addım idi. Sonrakı illərdə baş verən hadisələr isə bu irsin qorunmasının nə qədər böyük əhəmiyyət daşıdığını bir daha göstərdi.
Şuşanın uzun müddət işğal altında qalması xalqımızın yaddaşında dərin iz buraxdı. Şəhərdəki tarixi abidələrə, mədəniyyət nümunələrinə və milli irsimizə vurulan ziyan yalnız maddi itkilərlə məhdudlaşmırdı. Məqsəd Azərbaycan xalqının əsrlər ərzində yaratdığı mədəni sərvətləri öz tarixi mühitindən ayırmaq, bu torpaqlardakı milli varlığımızın izlərini silmək idi. Lakin heç bir dağıntı Şuşanın Azərbaycan kimliyini dəyişə bilmədi. Xalqımız bu şəhəri yaddaşında yaşatdı, onun azad olunacağına inamını qorudu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti həmin inamın gerçəkliyə çevrilməsinə imkan yaratdı. Azərbaycanın iqtisadi qüdrətinin artırılması, ordunun müasirləşdirilməsi, hərbi hazırlığın gücləndirilməsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi torpaqlarımızın azadlığı üçün zəruri şərait formalaşdırdı. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbələr bu hazırlığın nəticəsini nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi isə hərbi əməliyyatların ən parlaq səhifələrindən birinə çevrildi.
Azadlıqdan sonra şəhərin inkişafı məqsədilə görülən işlər də məhz bu tarixi məsuliyyətdən irəli gəlir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Həmin il mayın 31-də qəbul edilən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Qanun şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi.
Şuşanın beynəlxalq mədəniyyət məkanında mövqeyinin güclənməsi də diqqətəlayiqdir. Şəhərin 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi onun zəngin irsinə göstərilən ehtiramın təzahürüdür. 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi isə Şuşanın tarixi-mədəni imkanları ilə yanaşı, turizm potensialının da beynəlxalq səviyyədə diqqət çəkdiyini göstərir. Bu statuslar şəhərin Azərbaycanın hüdudlarından kənarda da tanıdılmasına, mədəni əlaqələrin genişlənməsinə və turizmin inkişafına imkan yaradır.
Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcəyinin uzunmüddətli düşünülmüş yanaşma əsasında qurulduğunu göstərir. Tarixi məhəllələrin qorunması, təbii landşaftın mühafizəsi, nəqliyyat və sosial xidmət infrastrukturunun inkişafı bu qədim şəhərin özünəməxsus simasını saxlamaqla müasir yaşayış məkanına çevrilməsini hədəfləyir.
8 Noyabr – Şuşa şəhəri günü xalqımıza qürur verən tarixi hadisəni xatırlatmaqla yanaşı, azadlığın qorunmasının və milli irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini də ifadə edir. Şuşanın dirçəlişi Heydər Əliyev siyasi irsinin davamlılığının, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin və Azərbaycan xalqının birliyinin nəticəsidir. Bu gün Şuşa keçmişin şöhrətini yaşadan, müasir inkişafı ilə gələcəyə yönələn və milli kimliyimizin əbədi rəmzi kimi ucalan şəhərdir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri