PDF Oxu

Siyasət

  • 1 233

“Azərbaycanın yeni inkişaf mərhələsi strateji hədəflərlə müəyyənləşir“ - MİLLƏT VƏKİLİ

“Azərbaycanın yeni inkişaf mərhələsi strateji hədəflərlə müəyyənləşir“ - MİLLƏT VƏKİLİ

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin yeni inkişaf mərhələsində qarşıya qoyulan strateji hədəflərin və prioritet vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpasından sonrakı dövrdə keçirilməsi tədbirin siyasi və tarixi əhəmiyyətini daha da artırır:“Qurultay ölkəmizin formalaşmış yeni geosiyasi reallıqlar şəraitində gələcək inkişaf istiqamətlərinin və strateji vəzifələrinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.Dövlət başçısının çıxışında da vurğulandığı kimi, Azərbaycanın tarixi nailiyyətlərinin təməlində xalq-iqtidar birliyi, milli həmrəylik, güclü dövlətçilik ənənələri və ardıcıl siyasi kurs dayanır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfər, eləcə də 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsidir.Yeni Azərbaycan Partiyasının fəaliyyətini Azərbaycanın müasir dövlətçilik tarixindən ayrı qiymətləndirmək mümkün deyil. 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya həmin dövrdə ölkədə hökm sürən siyasi, iqtisadi və sosial böhrandan çıxış yolu axtaran xalqın güclü siyasi liderə və təşkilatlanmış siyasi qüvvəyə olan ehtiyacından yaranmışdı. 1993-cü ildə Ümummilli Liderin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizin qorunması, siyasi sabitliyin təmin edilməsi və Azərbaycanın gələcək inkişaf strategiyasının formalaşdırılması baxımından həlledici rol oynadı.Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. Güclü dövlət quruculuğu, müstəqil xarici siyasət, iqtisadi dayanıqlılıq, müasir və qüdrətli ordu, milli maraqların qorunması bu siyasi kursun əsas istiqamətləridir.Ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası Azərbaycanın qarşıya qoyduğu mühüm tarixi məqsədlərə nail olduğunu təsdiqlədi. Bununla yanaşı, yeni reallıqlar ölkəmizin qarşısında əlavə vəzifələr müəyyənləşdirdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi hazırkı mərhələnin başlıca prioritetlərindəndir.Hazırda Böyük Qayıdış proqramı çərçivəsində mühüm nəticələr əldə olunur. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq tədbirləri görülür, yeni yaşayış kompleksləri salınır, müasir yol, enerji, rabitə və sosial infrastruktur yaradılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr Azərbaycanın iqtisadi imkanlarını və quruculuq potensialını nümayiş etdirməklə yanaşı, vətəndaşlarımızın doğma torpaqlarına qayıdışını da sürətləndirir.Dövlət başçısının çıxışında təhlükəsizlik məsələlərinə xüsusi yer ayırması da mövcud beynəlxalq şəraitdən irəli gəlir. Dünyada geosiyasi gərginliyin artdığı, müxtəlif regionlarda münaqişələrin davam etdiyi bir dövrdə Azərbaycanın müdafiə imkanlarının gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Güclü ordu, müasir hərbi texnologiyalar və etibarlı təhlükəsizlik sistemi dövlət müstəqilliyimizin qorunmasının, milli maraqlarımızın müdafiəsinin və müstəqil siyasətimizin əsas təminatıdır.Bununla yanaşı, ideoloji təhlükəsizliyin təmin edilməsi də xüsusi diqqət tələb edən istiqamətlərdəndir. İnformasiya müharibələrinin genişləndiyi, dezinformasiyaların cəmiyyətə təsir imkanlarının artdığı müasir dövrdə milli-mənəvi dəyərlərin qorunması, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, tarixi həqiqətlərin təbliği və sağlam ictimai düşüncənin formalaşdırılması mühüm vəzifələr sırasındadır.Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayır. Bu gün dövlətimiz müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir, qarşılıqlı hörmət və milli maraqlar əsasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini genişləndirir. Azərbaycanın beynəlxalq təşəbbüsləri, regional və qlobal dialoqa verdiyi töhfələr, müxtəlif dövlətlərlə qurduğu tərəfdaşlıq münasibətləri ölkəmizin artan nüfuzunun göstəricisidir.İqtisadi inkişafın davamlılığının təmin edilməsi və əhalinin sosial rifahının yüksəldilməsi də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi əsas hədəflərdəndir. Qurultayda gələcək dövrdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı səsləndirilən fikirlər sosial siyasətin prioritet olaraq saxlanıldığını göstərir. İqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, maliyyə sabitliyinin qorunması və yeni iş yerlərinin yaradılması əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edən mühüm amillərdir.Enerji siyasəti və nəqliyyat-logistika imkanları Azərbaycanın iqtisadi və geosiyasi mövqeyini gücləndirən əsas istiqamətlərdəndir. Dövlət başçısının qurultaydakı çıxışında qeyd etdiyi kimi, Azərbaycan müxtəlif növ enerji resurslarının hasilatı, istehsalı və ixracı sahəsində geniş imkanlara malik ölkələr sırasındadır. Neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi, neft-kimya məhsulları və gübrə istehsalı ölkəmizin enerji sektorunun çoxşaxəli xarakterini göstərir. Azərbaycan enerji resursları ilə yalnız daxili iqtisadi inkişafını təmin etmir, eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinə də mühüm töhfə verir. Qlobal enerji bazarında dəyişən tələblər fonunda etibarlı tərəfdaş mövqeyinin qorunması, yeni yataqların işlənməsi, hasilat imkanlarının genişləndirilməsi və ixrac marşrutlarının inkişafı ölkəmizin gələcək iqtisadi potensialı baxımından mühüm əhəmiyyət daşıyır.Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan yeni inkişaf mərhələsinə konkret strateji məqsədlər və müəyyənləşdirilmiş prioritetlərlə qədəm qoyur. Qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılması üçün siyasi sabitliyin qorunması, xalq-iqtidar birliyinin möhkəmləndirilməsi və milli həmrəyliyin davamlı olması vacib şərtlərdir.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı bir daha təsdiqlədi ki, partiyanın əsas fəaliyyət istiqamətlərindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinə dəstək vermək, Azərbaycanın davamlı inkişafına töhfə göstərmək, müstəqilliyimizi və dövlətçiliyimizi daha da möhkəmləndirməkdir.Əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri qarşıdakı dövrdə də üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, dövlətimizin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılmasında fəal iştirak edərək Azərbaycanın yeni uğurlarına öz töhfələrini verəcəklər”.
Müəllif: Günay Hacıyeva

Digər xəbərlər