Azərbaycan torpaqlarının işğalı xalqımızın tarixində ən ağır və faciəli dövrlərdən biridir. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz nəticəsində ölkəmizin ərazisinin bir hissəsi işğal altına düşmüş, yüz minlərlə insan doğma yurd-yuvasından didərgin salınmışdır. Bu hadisələr xalqımızın yaddaşında silinməz izlər buraxmışdır.
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha da güclənmiş, Dağlıq Qarabağda separatçılıq meyilləri artmışdır. 1991–1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi nəticəsində Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. Bu işğal nəticəsində Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonları böyük dağıntılara məruz qalmışdır.
İşğal dövründə Azərbaycan xalqı ağır faciələrlə üzləşmişdir. Xocalı soyqırımı xalqımızın tarixində ən dəhşətli hadisələrdən biri kimi yadda qalmışdır. Dinc əhaliyə qarşı törədilən cinayətlər nəticəsində çoxlu sayda insan həlak olmuş, yaralanmış və əsir götürülmüşdür. Bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İnsanlar öz doğma evlərini, torpaqlarını, tarixi və mədəni irsini itirmişlər.
İşğal altında olan ərazilərimizdə Azərbaycanın tarixi abidələri, məscidləri, qəbiristanlıqları və digər mədəniyyət nümunələri dağıdılmışdır. Şəhər və kəndlərimiz viran qoyulmuş, yaşayış məntəqələri tamamilə məhv edilmişdir. Uzun illər ərzində xalqımız doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamışdır.
Azərbaycan dövləti bütün bu illər ərzində öz ərazi bütövlüyünün bərpası istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası ölkəmizin güclənməsində, ordumuzun formalaşmasında və milli birliyimizin möhkəmlənməsində mühüm rol oynamışdır. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi sahələrdə böyük inkişaf yolu keçmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır. 44 gün davam edən Vətən müharibəsi xalqımızın tarixi Zəfəri ilə nəticələnmişdir. Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etmiş, noyabrın 8-də Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən mühüm hadisəyə çevrilmişdir. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırılmış, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana qaytarılmışdır.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi bütün ərazisində tam bərpa edilmişdir. Beləliklə, uzun illər davam edən işğala son qoyulmuşdur.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Yeni yollar, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri tikilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkün ailələri mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, bu torpaqlarda həyat canlanır.
Azərbaycan torpaqlarının işğalı xalqımıza böyük ağrılar yaşatsa da, xalqımızın iradəsini və mübarizə əzmini sarsıda bilmədi. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər milli birliyimizin, güclü ordumuzun və qətiyyətli siyasətimizin nəticəsi oldu.
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tariximizin ən şərəfli səhifələrindən biridir. Bu gün müstəqil Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş güclü dövlətdir. Qarabağ Azərbaycandır və əbədi olaraq Azərbaycanın ayrılmaz hissəsidir!
Ələmdar Cabbarov
YAP Ordubad rayon təşkilatının müavini