PDF Oxu

Siyasət

  • 899

Xarıbülbülün nəğməyə çevrilən vətəni – Şuşa musiqi sənətinin beşiyidir - ŞƏRH

Xarıbülbülün nəğməyə çevrilən vətəni – Şuşa musiqi sənətinin beşiyidir - ŞƏRH

Musiqi insan ruhunun dilidir. Elə məkanlar var ki, onların tarixini, mənəvi zənginliyini və gözəlliyini sözlə ifadə etmək çətindir. Şuşa da belə müqəddəs məkanlardan biridir. Bu şəhərin hər küçəsində bir musiqi ahəngi, hər daşında bir tarix, hər guşəsində isə milli mədəniyyətimizin izləri yaşayır. Mən bir musiqiçi kimi Şuşanı yalnız Azərbaycanın qədim şəhərlərindən biri deyil, həm də milli musiqi sənətimizin ruhunu yaşadan, muğamımızın, xalq mahnılarımızın və sənət ənənələrimizin beşiyi hesab edirəm.
Şuşanın musiqi tarixindən danışarkən ilk növbədə onun yetişdirdiyi böyük sənətkarları xatırlamamaq mümkün deyil. Bu torpaq Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu kimi Azərbaycan musiqi mədəniyyətinə əvəzsiz töhfələr vermiş şəxsiyyətlərin adları ilə zəngindir. Onların sənəti təkcə bir dövrün deyil, bütöv bir xalqın mənəvi sərvətinə çevrilib. Şuşada formalaşan musiqi mühiti muğam sənətimizin inkişafına, xanəndəlik məktəbinin zənginləşməsinə və Azərbaycan musiqisinin dünyada tanınmasına böyük təsir göstərib.
Məhz belə zəngin musiqi ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı xüsusi əhəmiyyət daşıyır.
1989-cu ilin may ayında ilk dəfə təşkil olunan festivalın əsas məqsədi milli musiqi ənənələrimizi tanıtmaq, xalqlar arasında mədəni əlaqələri genişləndirmək idi. Məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyinə həsr edilən bu sənət bayramı qısa müddətdə beynəlxalq miqyasda tanındı. 1990-cı ildən beynəlxalq status qazanan festival müxtəlif ölkələrin musiqi və folklor kollektivlərini bir araya gətirdi. Lakin Qarabağda baş verən hadisələr, Şuşanın işğalı bu gözəl ənənəyə uzun illər ara verdi.
Bir musiqiçi kimi düşünürəm ki, musiqinin ən böyük gücü insanları birləşdirmək, onların qəlbində ortaq duyğular oyatmaqdır. Şuşanın işğaldan azad edilməsindən sonra 2021-ci il mayın 12–13-də Cıdır düzündə “Xarıbülbül” festivalının yenidən keçirilməsi Azərbaycan mədəniyyət tarixində xüsusi hadisəyə çevrildi. Bu, sadəcə musiqi festivalının bərpası deyildi. Bu, illərlə susdurulmuş bir şəhərin yenidən öz nəğməsinə qovuşması, milli mədəniyyətimizin öz doğma ünvanına qayıtması idi. Cıdır düzündə səslənən muğamlarımız, xalq mahnılarımız, klassik musiqi nümunələrimiz Şuşanın yenidən dirçəlişinin rəmzinə çevrildi.
“Xarıbülbül” festivalının ən gözəl xüsusiyyətlərindən biri də onun müxtəlif xalqların musiqi mədəniyyətini bir araya gətirməsidir. Burada Azərbaycan muğamı ilə dünya musiqisinin müxtəlif janrları, milli rəqslərlə fərqli xalqların folklor nümunələri eyni səhnədə təqdim olunur. Bu festival göstərir ki, hər xalqın özünəməxsus musiqi dili olsa da, sənətin dili hamı üçün anlaşılandır. 2024-cü ildə VII festivalın Şuşa ilə yanaşı, Laçında da keçirilməsi bu mədəniyyət bayramının əhatəsinin genişləndiyini göstərdi.
Mənim üçün “Xarıbülbül” festivalının səhnəsi adi konsert səhnəsindən daha böyük məna daşıyır. Orada ifa olunan hər bir əsər xalqımızın yaddaşına, milli kimliyinə, tarixinə və mənəvi dəyərlərinə bağlıdır. Şuşanın musiqi mühiti bizə öyrədir ki, sənətkar yalnız musiqi ifa etməməli, həm də yaşadığı xalqın ruhunu, düşüncəsini və duyğularını sənəti vasitəsilə ifadə etməlidir.
Bu gün Şuşa yenidən Azərbaycanın mədəniyyət paytaxtı kimi öz tarixi missiyasını davam etdirir. “Xarıbülbül” festivalı isə bu missiyanın beynəlxalq səviyyədə təbliğinə xidmət edir. Festivalın hər dəfə keçirilməsi Azərbaycan musiqisinin zənginliyini dünyaya tanıtmaqla yanaşı, Şuşanın tarixi-mədəni irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına da töhfə verir.
İnanıram ki, Şuşanın Cıdır düzündə səslənən hər bir musiqi sədası gələcək nəsillərin yaddaşında yaşayacaq. Çünki Şuşada musiqi sadəcə ifa olunmur, burada musiqi tarix danışır, Vətən sevgisini ifadə edir, milli ruhumuzu yaşadır. Xarıbülbül isə bu ruhun, bu gözəlliyin və bu sənət ənənəsinin təbiətdəki rəmzidir.
Şuşa musiqinin beşiyi, “Xarıbülbül” isə bu beşiyin dünyaya yayılan nəğməsidir!
Zamil Kərimov
YAP Sədərək rayon təikilatı,
Şərur Regional Mədəniyyət idarəsinin Sədərək rayon sektoru ƏPT sədri

Digər xəbərlər