PDF Oxu

Siyasət

  • 570

Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq

Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq

Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri təbii ki, işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən ürəyi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Belə ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Müraciətində bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.

Bu gün böyük qürurla və əminliklə qeyd edirik ki, Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq, əbədi yaşayacaq. 8 noyabr şanlı Qələbəmizin, Zəfərimizin günüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir. Şəhərin tarixi simasının qorunması, infrastrukturun yenilənməsi, yaşayış məhəllələrinin yaradılması, sosial obyektlərin tikilməsi və mədəni irsin bərpası bu fəaliyyətin əsas istiqamətləridir. Zəfər yolu Şuşaya qayıdışın simvoluna çevrilib. Dağların və meşələrin içindən keçən bu yol yalnız nəqliyyat əlaqəsi deyil, həm də Azərbaycan əsgərinin qəhrəmanlığını, xalqımızın iradəsini və doğma torpağa qovuşmaq arzusunu yaşadan tarixi bir rəmzdir. Şuşada tarixi abidələrin bərpası xüsusi əhəmiyyət daşıyır. Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün ev-muzeyi, Üzeyir Hacıbəylinin irsi, məscidlər, tarixi malikanələr və digər mədəniyyət nümunələri şəhərin əvvəlki ruhunu qaytarmaq məqsədilə bərpa edilir. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərinin yenidən Şuşaya qaytarılması isə xüsusi mənəvi məna daşıyır. Bu, yalnız heykəllərin öz yerinə qoyulması deyil, xalqımızın mədəni yaddaşının və milli kimliyinin bərpasıdır.

Şuşada yeni yaşayış komplekslərinin inşası, məktəbin, xəstəxananın, hotel və xidmət obyektlərinin istifadəyə verilməsi şəhərin həyatının yenidən canlanmasına xidmət edir. Şuşanın sakinləri doğma evlərinə qayıdır, şəhərin küçələrində yenidən həyat başlayır. 2026-cı ilin oktyabrına olan məlumata görə, Şuşa şəhəri və ətraf kəndlərdə ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında illərlə ayrılıq yaşayan insanların sevincini, doğma yurda qayıtmaq arzusunun gerçəkləşməsini görürük.

Şuşanın dirçəlişi Azərbaycanın öz tarixinə, mədəniyyətinə və gələcəyinə sahib çıxmasının göstəricisidir. 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması Şuşanın tarixi və mədəni dəyərinin beynəlxalq səviyyədə təbliğinə mühüm töhfə verdi. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı kimi seçilməsi də şəhərin gələcək inkişafı üçün yeni imkanlar yaradır. Şuşada keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları, poeziya günləri, media forumları və dövlət başçılarının səfərləri şəhərin yalnız Azərbaycanın deyil, regionun və dünyanın mədəni dialoq məkanlarından birinə çevrildiyini göstərir.

Şuşa artıq öz tarixi ilə yanaşı, gələcəyi ilə də dünyaya mesaj verir: mədəniyyətin qorunması, tarixi irsə sahib çıxmaq və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi mümkündür.

Şuşanın 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi şəhərin gələcəyinin sistemli şəkildə qurulmasına yönəlmiş mühüm addımdır. Bu plan tarixi-mədəni irsin qorunmasını, təbii landşaftın mühafizəsini, müasir infrastrukturu və sakinlərin rahat yaşayışını bir arada nəzərdə tutur.

Şuşanın inkişafı yalnız yeni binaların tikilməsi ilə ölçülməməlidir. Əsas məsələ şəhərin özünəməxsus tarixi simasının qorunması, mədəni həyatının zənginləşdirilməsi və gələcək nəsillər üçün yaşanılan, inkişaf edən bir məkana çevrilməsidir.

Çünki Şuşa bizim keçmişimizdir, bu günümüzdür və gələcəyimizdir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası

Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər