PDF Oxu

İqtisadiyyat

  • 953

Süni intellektə böyük investisiyalar: təhlükə siqnalları artır

Süni intellektə böyük investisiyalar: təhlükə siqnalları artır

Dünya maliyyə bazarları hazırda bir neçə ciddi təzyiqlə üz-üzədir. Müharibələr, dövlət borclarının artması və beynəlxalq ticarətdəki gərginliklər iqtisadi sabitliyi zəiflədir. Yaponiya və Fransada dövlət istiqrazlarının ucuzlaşması, inkişaf etməkdə olan ölkələrin valyutalarının dəyər itirməsi bu problemlərin artıq özünü göstərdiyinə işarədir.

Son illərdə investorların nikbinliyini qoruyan əsas amillərdən biri süni intellekt sektoruna yatırılan böyük investisiyalar olub. Bu sərmayələr fond bazarlarını rekord səviyyələrə yüksəldib və dünya iqtisadiyyatının təxminən 3 faizlik artımına dair gözləntiləri dəstəkləyib. Lakin hazırda investorlar bu investisiyaların nə qədər gəlir gətirəcəyini sorğulamağa başlayıblar.

Oktyabr ayında texnologiya səhmlərində ciddi satış dalğası yaşandı. ABŞ-ın ən böyük fond birjalarından biri Nasdaq 100 indeksinin bazar dəyərindən bir ay ərzində 2 trilyon dollardan çox vəsait silinib. Bunun əsas səbəblərindən biri texnologiya nəhənglərinin süni intellekt layihələrinə yatırdıqları vəsaitin nə qədər müddətdə geri qayıdacağına dair narahatlıqlardır.

Bəzi məlumat mərkəzi layihələri maliyyə tapmaqda çətinlik çəkir, texnologiya şirkətlərinin istiqrazlarını sığortalamağın dəyəri yüksəlir. Cənubi Koreya, Çin və ABŞ-da texnologiya səhmlərinin ucuzlaşması da investorların narahatlığını artırır.

Digər tərəfdən, süni intellekt infrastrukturu üçün xərclər azalmır. ABŞ-ın iri texnologiya şirkətlərinin 2026-cı ildə bu sahəyə təxminən 900 milyard dollar, 2027-ci ildə isə 1,2 trilyon dollar investisiya yatıracağı proqnozlaşdırılır. Bu qədər böyük sərmayənin gəlir gətirməməsi maliyyə bazarlarında daha geniş problemlər yarada bilər. Hazırkı vəziyyətdə diqqət çəkən digər məsələ dövlətlərin yüksək borclanmasıdır. İnflyasiyanın davam etməsi mərkəzi bankları faiz dərəcələrini artırmağa məcbur edə bilər. Bu isə həm dövlətlərin, həm də şirkətlərin borc yükünü ağırlaşdıracaq.

Xüsusilə Fransa və Yaponiyada istiqraz bazarlarında yaranan gərginlik narahatlıq doğurur. Fransada dövlət istiqrazlarının gəlirliliyi 2012-ci ildəki Avrozona borc böhranı dövründən bəri müşahidə olunmayan səviyyələrə yüksəlib. Yaponiyada isə istiqraz gəlirliliyi son 30 ilin ən yüksək həddinə çatıb. İran müharibəsinin uzanması da dünya enerji bazarına təsirsiz ötüşmür. Neft təchizatında yaranan problemlər qiymətləri yüksəldib. Reuters yazır ki, noyabrın 3-nə olan vəziyyətə görə, neftin bir barelinin qiyməti 105 dollar ətrafında olub. Bu, ilin əvvəlindən təxminən 75 faiz artım deməkdir. Neftin bahalaşması xüsusilə enerji idxalından asılı olan ölkələr üçün əlavə iqtisadi çətinliklər yaradır. İndoneziya və Filippin kimi inkişaf etməkdə olan ölkələrdə milli valyutaların dəyər itirməsi mərkəzi bankları faiz dərəcələrini artırmağa vadar edir.

Beynəlxalq Maliyyə İnstitutunun məlumatlarına əsasən, dünya üzrə ümumi borcun həcmi 350 trilyon dolları ötüb. Bu, qlobal iqtisadiyyatın ümumi ölçüsündən təxminən üç dəfə çoxdur. Süni intellekt investisiyalarının kəskin azalması bu vəziyyəti daha da ağırlaşdıra bilər. Çünki xarici investorların ABŞ maliyyə bazarlarına yatırdığı vəsaitin həcmi çox böyükdür. Süni intellekt hazırda dünya iqtisadiyyatının əsas inkişaf mühərriklərindən biri olsa da, bu sahəyə yatırılan vəsaitin gözlənilən gəliri gətirməməsi qlobal maliyyə bazarlarında domino effekti yarada bilər.

Lalə Mehralı

Digər xəbərlər

Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?
Çinin kritik minerallar üzərində 60 illik hökmranlığı başa çatır..?

ABŞ və Avropanın əsas vəzifəsi alternativ təchizat zəncirlərini yaratmaqdır...