Azərbaycanın müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi siyasi böhran, daxili qarşıdurma, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi, ordu quruculuğunun əsaslarını gücləndirdi və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi.
Ulu Öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında atəşkəsin əldə olunması Azərbaycana müharibənin ağır nəticələrini aradan qaldırmaq, iqtisadiyyatını bərpa etmək, ordu quruculuğunu davam etdirmək və beynəlxalq mövqelərini gücləndirmək imkanı verdi. Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun mühüm istiqamətlərindən biri güclü dövlət, güclü iqtisadiyyat və qüdrətli ordu quruculuğu idi. Bu strateji yanaşma Azərbaycanın gələcək Qələbəsinin siyasi, iqtisadi və institusional əsaslarının formalaşmasına xidmət etdi.
Ulu Öndərin ən böyük xidmətlərindən biri Azərbaycan xalqında milli birlik və dövlətə sədaqət ruhunu möhkəmləndirməsi idi. Onun dövlətçilik fəlsəfəsində müstəqilliyin qorunması, milli maraqların üstün tutulması və Azərbaycanın gələcəyinə inam xüsusi yer tuturdu. Bu ideyalar sonrakı illərdə də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq davam etdirildi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və müasir ordu quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirildi. Azərbaycanın iqtisadi gücünün artması dövlətimizin müdafiə potensialının yüksəlməsinə də mühüm töhfə verdi. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində tədbirlər görüldü. Azərbaycan Ordusu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirildi. 2020-ci ilin sentyabrında Ermənistanın hərbi təxribatları və Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində sentyabrın 27-də Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əks-hücum əməliyyatına başladı. Xalqımızın uzun illər qəlbində yaşatdığı torpaqların azad olunması arzusu artıq real tarixi prosesə çevrildi.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi yadda qaldı. Müharibənin ilk günlərindən etibarən cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdi. Ön cəbhədə Azərbaycan əsgəri və zabiti döyüşür, arxa cəbhədə isə milyonlarla insan ordumuza mənəvi dəstək göstərirdi. Bu müharibə Azərbaycan xalqının öz dövlətinə, ordusuna və Ali Baş Komandanına olan inamının nümayişinə çevrildi. Gənclərimiz könüllü olaraq Vətənin müdafiəsinə qoşulmaq istəyir, ailələr əsgərlərimizə dəstək olur, informasiya məkanında Azərbaycanın haqq səsinin dünyaya çatdırılması üçün fəal iş aparılırdı. Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının böyük hissəsi, Hadrut qəsəbəsi, Suqovuşan və çoxsaylı yaşayış məntəqələri işğaldan azad edildi. Azərbaycan Ordusu mürəkkəb relyef və çətin döyüş şəraitində yüksək peşəkarlıq, döyüş əzmi və fədakarlıq nümayiş etdirdi. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi yaşayacaq. Həmin gün Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı, milli-mənəvi yaddaşımızın müqəddəs məkanlarından biri olan Şuşa şəhəri işğaldan azad edildi. Şuşanın azad edilməsi hərbi və siyasi baxımdan müharibənin taleyinə həlledici təsir göstərdi. Şəhərin mürəkkəb dağlıq relyefi, sıldırım qayaları və istehkam mövqeləri əməliyyatı olduqca çətinləşdirirdi. Azərbaycan xüsusi təyinatlılarının böyük qəhrəmanlıq və peşəkarlıq göstərərək şəhəri azad etməsi hərb tariximizin şanlı səhifələrindən birinə çevrildi. Şuşa Azərbaycan xalqı üçün sadəcə bir şəhər deyil. Bura milli musiqimizin, poeziyamızın, incəsənətimizin, tarixi yaddaşımızın və mənəvi kimliyimizin mühüm mərkəzidir. Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün və bir çox görkəmli şəxsiyyətlərin adı ilə bağlı olan bu şəhərin azad edilməsi xalqımız üçün xüsusi mənəvi əhəmiyyət daşıyırdı. Şuşanın azad olunması ilə Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdi ki, milli iradə, peşəkarlıq və Vətən sevgisi qarşısında ən çətin maneələr belə dəf edilə bilər. Bu Qələbə Azərbaycanın hərbi qüdrətinin, siyasi qətiyyətinin və milli ruhunun təntənəsi oldu. Prezident İlham Əliyevin Şuşanın azad edilməsi münasibətilə xalqa müraciəti isə müharibənin ən yaddaqalan tarixi anlarından birinə çevrildi. Həmin müraciət xalqımızın illərlə gözlədiyi müjdəni bütün dünyaya çatdırdı. Şuşanın azad edilməsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanat imzalandı. Sənəd hərbi əməliyyatların dayandırılmasını və regionda yeni mərhələnin başlanmasını nəzərdə tuturdu. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları müəyyən edilmiş qrafik üzrə Azərbaycana qaytarıldı. Bununla da 44 günlük müharibənin nəticələri əsasında uzun illər davam edən işğalın mühüm mərhələsinə son qoyuldu. Bu sənəd Azərbaycanın hərbi uğurlarının diplomatik müstəvidə rəsmiləşdirilməsində mühüm rol oynadı. Eyni zamanda regionda təhlükəsizlik, nəqliyyat əlaqələri və gələcək əməkdaşlıq məsələləri üçün yeni siyasi reallıq yaratdı. Lakin 2020-ci il Qələbəsi Azərbaycanın ərazi bütövlüyünün tam bərpası prosesinin son mərhələsi deyildi. Qarabağda separatçı qurumun mövcudluğu və Ermənistanın bölgədəki hərbi-siyasi fəaliyyəti müəyyən müddət davam edirdi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini ölkənin bütün ərazisində bərpa etdi. Beləliklə, 2020-ci ilin hərbi Qələbəsi və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası Azərbaycanın müasir tarixində bir-birini tamamlayan iki mühüm mərhələ oldu. Bu hadisələr dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli maraqlarını qorumaq əzminin təzahürü idi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan Bayrağını ucaltması isə dövlət suverenliyinin bərpasının rəmzi hadisələrindən biri kimi tarixə düşdü. Üçrəngli bayrağımızın uzun illər işğal altında olmuş torpaqlarımızda dalğalanması xalqımızın tarixi arzusunun gerçəkləşməsini ifadə etdi.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
Yeni Azərbaycan Partiyasının fəal üzvü