PDF Oxu

Siyasət

  • 643

Şuşa – Zamanın sınağından keçən tarix, işğaldan Zəfərə uzanan qürur salnaməsi - ŞƏRH

Şuşa – Zamanın sınağından keçən tarix, işğaldan Zəfərə uzanan qürur salnaməsi - ŞƏRH

Şuşanın tarixini vərəqlədikcə bir şəhərin taleyində bütöv bir xalqın yaddaşını, mədəniyyətini, dövlətçilik ənənələrini və azadlıq mübarizəsini görürük. Bu şəhər Azərbaycanın coğrafi xəritəsindəki mövqeyi ilə deyil, milli-mədəni həyatımızda tutduğu xüsusi yerlə, əsrlər boyu formalaşdırdığı mənəvi dəyərlərlə seçilir. Şuşa haqqında danışmaq Azərbaycanın tarixi keçmişindən, Qarabağın ictimai-siyasi həyatından, zəngin musiqi irsindən və nəhayət, xalqımızın azadlıq əzminin təcəssümündən danışmaqdır.

Qarabağ silsiləsinin dağlıq ərazisində yerləşən Şuşa özünəməxsus relyefi, sıldırım qayalıqları, təbii müdafiə imkanları və strateji mövqeyi ilə tarixən diqqət mərkəzində olub. Şəhərin yerləşdiyi yüksəkliklər ona yalnız coğrafi üstünlük qazandırmayıb, həm də Şuşanın əsrlər boyu hərbi-strateji əhəmiyyət daşımasına səbəb olub. Məhz bu təbii xüsusiyyətlər şəhərin qurulmasında və müdafiə sisteminin formalaşmasında mühüm rol oynayıb. Şuşanın şəhər kimi təşəkkülü XVIII əsrin ortalarına, Qarabağ xanı Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir. 1750-ci illərdə əsası qoyulan şəhər əvvəlcə Pənahabad adlandırılıb, sonralar Şuşa adı ilə tanınıb. Qarabağ xanlığının siyasi və inzibati mərkəzinə çevrilən bu şəhər qısa müddətdə bölgənin mühüm ticarət, sənətkarlıq və mədəniyyət ocaqlarından biri olub. Şuşa qalasının inşası isə onun müdafiə baxımından əhəmiyyətini daha da artırıb. XIX əsrdə Şuşa yalnız Qarabağın deyil, bütövlükdə Azərbaycanın ictimai və mədəni həyatının aparıcı mərkəzlərindən birinə çevrildi. Burada memarlıq, ədəbiyyat, musiqi, xalçaçılıq və sənətkarlıq inkişaf etdi. Şuşa Azərbaycan mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etdi. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu və daha neçə-neçə sənətkarın adı Şuşanın mədəni kimliyi ilə ayrılmaz şəkildə bağlıdır. Qarabağ xanəndəlik məktəbinin formalaşmasında Şuşanın xüsusi rolu şəhərin “Qafqazın konservatoriyası” kimi tanınmasına səbəb olub. Şuşanın tarixi əhəmiyyəti onun memarlıq abidələrində də yaşayır. Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi, qala divarları, tarixi məhəllələr, karvansaralar və yaşayış evləri şəhərin çoxəsrlik inkişaf yolunun daş yaddaşıdır. Bu abidələr yalnız keçmişin yadigarı deyil, Azərbaycan xalqının quruculuq və şəhərsalma ənənələrinin mühüm nümunələridir. Lakin Şuşanın tarixində yalnız yüksəliş və tərəqqi səhifələri deyil, ağır sınaqlar, müharibələr və itkilərlə yadda qalan dövrlər də var. XX əsrin əvvəllərində baş verən siyasi proseslər, 1905–1906-cı və 1918–1920-ci illərdə bölgədə yaşanan qarşıdurmalar şəhərin həyatına ciddi təsir göstərdi. Buna baxmayaraq, Şuşa öz tarixi və mədəni kimliyini qoruyaraq Azərbaycan xalqının yaddaşında xüsusi yerini saxladı.

1992-ci il mayın 8-i isə Şuşanın çoxəsrlik tarixinin ən ağrılı tarixlərindən birinə çevrildi. Ermənistan silahlı qüvvələrinin şəhəri işğal etməsi nəticəsində minlərlə insan doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. Şuşa sakinlərinin həyatında məcburi köçkünlük dövrü başlandı, şəhərin tarixi-mədəni irsi isə ciddi dağıntılara və talanlara məruz qaldı. Rəsmi məlumatlara görə, işğal zamanı Şuşada 195 nəfər həlak olmuş, 165 nəfər yaralanmış, 58 nəfər əsir və ya girov götürülmüş, təxminən 24 min nəfərdən çox Şuşa sakini doğma yurdundan didərgin düşmüşdü. Şəhərin məscidləri, tarixi tikililəri, muzeyləri və mədəniyyət ocaqları da bu işğalın ağır nəticələrini yaşadı. Şuşanın işğalı təkcə bir şəhərin itirilməsi deyildi. Bu, Azərbaycan xalqının musiqi yaddaşına, ədəbiyyatına, memarlıq irsinə və milli mənəviyyatına vurulmuş ağır zərbə idi. Vaxtilə muğam sədalarının ucaldığı məclislər susmuş, sənətkarların yaşayıb-yaratdığı küçələr boşalmış, Cıdır düzü və Şuşa qalası uzun illər doğma sakinlərinin qayıdışını gözləmişdi. Ancaq şəhərin fiziki olaraq işğal altında qalması onun Azərbaycan xalqının qəlbindəki yerini dəyişə bilmədi. Şuşa yaddaşlarda yaşadı, nəsildən-nəslə ötürüldü, azadlıq arzusu isə zaman keçdikcə daha da möhkəmləndi. Bu gözləntinin gerçəkliyə çevrilməsi üçün Azərbaycan uzun illər ərzində siyasi, diplomatik, iqtisadi və hərbi istiqamətlərdə ardıcıl fəaliyyət göstərdi. Ordunun modernləşdirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq münasibətlər sistemində ölkənin mövqeyinin möhkəmləndirilməsi və milli birliyin qorunması Azərbaycanın qarşısında duran əsas vəzifələr sırasında idi. Şuşaya qayıdış arzusu isə xalqın tarixi yaddaşında heç vaxt arxa plana keçmədi.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi bu tarixi mübarizənin həlledici mərhələsinə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu əks-hücum əməliyyatları həyata keçirərək işğal altındakı ərazilərin azad edilməsi istiqamətində mühüm hərbi uğurlar qazandı. Müharibənin gedişində Şuşanın azad edilməsi isə öz mürəkkəb coğrafi şəraiti və hərbi-strateji mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Şuşaya aparan yol adi hərbi irəliləyiş yolu deyildi. Dağlıq relyef, sıldırım qayalıqlar, çətin keçidlər və düşmənin müdafiə mövqeləri Azərbaycan hərbçilərindən yüksək peşəkarlıq, fiziki dözüm, çevik taktika və xüsusi hazırlıq tələb edirdi. Şəhərin azad edilməsi əməliyyatında Azərbaycan əsgərlərinin dağlıq ərazidə göstərdiyi döyüş bacarığı, yaxın məsafəli döyüşlərdə nümayiş etdirdiyi cəsarət və fədakarlıq hərb tariximizin mühüm səhifələrindən birinə çevrildi. Bu əməliyyat göstərdi ki, müasir müharibədə yalnız texniki imkanlar deyil, hərbçinin hazırlığı, döyüş ruhu, şəraitə uyğun qərarvermə və əməliyyatın düzgün planlaşdırılması da həlledici əhəmiyyət daşıyır.

8 noyabr 2020-ci il! Bu tarix Azərbaycan xalqının yaddaşında Şuşanın azadlığa qovuşduğu gün kimi əbədi yer aldı. Məhz həmin gün cənab İlham Əliyev Azərbaycan xalqına müraciət edərək Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bu xəbər 28 ildən artıq davam edən həsrətə son qoyan, ölkənin hər yerində böyük sevinc və qürur hissi yaradan tarixi hadisə idi. Şuşanın azad edilməsi 44 günlük Vətən müharibəsinin gedişinə və nəticəsinə mühüm təsir göstərdi. Burada xüsusi vurğulanmalı məqam ondan ibarətdir ki, Şuşanın azadlığı yalnız hərbi əməliyyatın uğurlu nəticəsi kimi qiymətləndirilə bilməz. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin, dövlətin siyasi iradəsinin, Silahlı Qüvvələrin döyüş hazırlığının və xalqın birliyinin tarixi nəticəsi idi. Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın müharibə dövründə göstərdiyi həmrəylik bu qələbənin əsas amilləri sırasında yer aldı. Şuşa uğrunda döyüşlərdə canından keçən şəhidlərimizin xatirəsi isə bu tarixin ən müqəddəs səhifəsidir. Şuşanın azad edilməsindən sonra qarşıda yeni vəzifə dayanırdı - uzun illər işğal altında qalmış şəhəri yenidən dirçəltmək, tarixi simasını qorumaq, dağıdılmış infrastrukturu bərpa etmək və sakinlərinin doğma yurda qayıdışını təmin etmək. Bu istiqamətdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Tarixi abidələrin təmiri, yolların yenidən qurulması, yaşayış və ictimai binaların inşası, kommunal infrastrukturun yaradılması Şuşanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərinə çevrildi. 7 may 2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2022-ci il ölkəmizdə Şuşa İli elan olundu. Bu qərarlar şəhərin yalnız tarixi əhəmiyyətinin deyil, həm də Azərbaycan mədəniyyətinin gələcək inkişafında daşıdığı missiyanın dövlət səviyyəsində təsdiqi idi. Bu gün Şuşada keçirilən beynəlxalq tədbirlər, mədəniyyət festivalları, konsertlər və elmi toplantılar şəhərin yenidən regional və beynəlxalq mədəniyyət məkanına çevrilməsinə xidmət edir. Xüsusilə ənənəvi “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən Şuşada keçirilməsi şəhərin musiqi ruhunun dirçəlişinin rəmzi hadisələrindəndir. Vaxtilə Üzeyir bəy Hacıbəyli, Bülbül və Xan Şuşinski kimi sənətkarların adı ilə şöhrət qazanan bu şəhərdə musiqi sədalarının yenidən eşidilməsi tarixi yaddaşın bərpası baxımından xüsusi məna daşıyır. Şuşanın yenidən qurulması həm də Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir. Doğma yurdlarına qayıdan sakinlərin şəhərin sosial həyatına qoşulması, yeni yaşayış məkanlarının yaradılması, təhsil, səhiyyə və digər xidmətlərin bərpası Şuşanın gələcəyini formalaşdıran əsas amillərdir. Burada görülən işlər keçmişin izlərini qorumaqla yanaşı, şəhərin müasir inkişaf tələblərinə uyğunlaşdırılmasını da nəzərdə tutur.

Şuşanın tarixinə nəzər saldıqda bir həqiqət aydın görünür - bu şəhərin taleyi Azərbaycanın tarixi taleyi ilə sıx bağlıdır. XVIII əsrdə qala-şəhər kimi yaranan, XIX əsrdə mədəniyyət və sənət mərkəzinə çevrilən, XX əsrin sonlarında işğalın ağır nəticələrini yaşayan və 2020-ci ildə azadlığına qovuşan Şuşa indi yeni inkişaf mərhələsini yaşayır. Bu gün Şuşa yalnız keçmişin xatirəsi deyil, gələcəyə ünvanlanan böyük quruculuq ideyasının daşıyıcısıdır. Onun hər bir küçəsi, hər bir tarixi abidəsi, hər bir daşında yaşanan tarix Azərbaycan xalqının yaddaşını yaşadır. Şuşa qalasının divarları əsrlərdən gələn bir tarixdən xəbər verir, Cıdır düzü azadlığın sevincini xatırladır, Xarıbülbül isə bu torpağın özünəməxsus təbiətini və mədəni simvolunu yaşadır. Şuşanın azadlığı bir tarixi səhifənin bağlanması deyil, Azərbaycanın yeni tarixində mühüm bir səhifənin açılmasıdır. Bu səhifədə Pənahəli xanın qurduğu qala-şəhərin tarixi, Natəvanın poeziyası, Üzeyir bəyin musiqisi, Bülbülün səsi, işğal illərinin ağrısı, şəhidlərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı bir-biri ilə qovuşur. Şuşa bu gün öz doğma sakinlərinə qovuşan, mədəni həyatını yenidən canlandıran, tarixi abidələri bərpa olunan və gələcəyə doğru inkişaf edən Azərbaycan şəhəridir. Onun keçdiyi yol bir daha göstərir ki, şəhərlərin taleyi yalnız coğrafi mövqeləri ilə deyil, onları yaşadan xalqın yaddaşı, tarixi irsi və gələcəyə dair arzuları ilə müəyyən olunur. Şuşa tarixin yaddaşı, mədəniyyətimizin beşiyi, azadlığa qovuşan yurdumuz və gələcək nəsillərə ötürəcəyimiz milli irsimizin əvəzsiz parçasıdır.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər