8 noyabr 2020-ci ildə 28 illik həsrətimizə son qoyuldu. Qarabağın tacı, döyünən ürəyi Şuşa Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən işğaldan azad edildi. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Cənab İlham Əliyevin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir yerinə yetirilməyən 4 qətnaməsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüvvələrin son 20-30 ildə yetişən fədakar, vətənpərvər gənc nəsli bu müqəddəs missiyanın yerinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəylik nümayiş etdirməsi qələbənin təmin edilməsində mühüm rol oynadı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.
Biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən altı ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu Zəfər Yolu adlandırdı. işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Şuşa sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Şəhərə ilk qayıdış 2024-cü il 10 may tarixində reallaşıb. 23 oktyabr 2026-cı il tarixinə olan məlumata görə Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində 26 ailə olmaqla 90 nəfər, ümumilikdə 420 ailə olmaqla 1579 nəfər məskunlaşıb.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək Şuşa həm tarixi, həm də coğrafi baxımdan hər şeydən ucada dayanan qədim Azərbaycan şəhəridir. Şəhərin əzəli və əbədi sahibləri ata-baba ocaqlarına qayıdandan sonra onun inkişafı daha da sürətlənib. Bu gün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Şuşanın sosial simasına yeni naxışlar vurulur, əsl müasir və modern şəhər simasını alır.
Həbib Cəfərov,
YAP Astara rayon təşkilatının sədri