Vətən Müharibəsi Azərbaycanın yeni tarixinə Qarabağla bağlı iki simvol bəxş etdi: Xarıbülbül və Dəmir Yumruq. Bunlardan birincisi Şuşanın (Qarabağın) azadlığının və bu yolda canından keçən şəhidlərimizin, ikincisi isə Zəfərin əsasında duran Lider-Xalq-Dövlət-Ordu birliyinin rəmzinə çevrildi.
Zəfər Günü Azərbaycan tarixinin mürəkkəb və çətin mərhələlərindən sonra əldə olunmuş qələbənin təcəssümüdür. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal edilməsi, bir milyondan çox insanın doğma yurdlarından didərgin salınması xalqımızın həyatında ağır izlər buraxmışdı. İşğal altında qalan şəhər və kəndlər, dağıdılan tarixi abidələr, doğma torpaqlarından uzaqda yaşamağa məcbur olan ailələrin həsrəti hər bir azərbaycanlının yaddaşında yaşayırdı. Buna baxmayaraq, xalqımız öz torpaqlarına qayıtmaq əzmindən dönmədi, milli hüquqlarının bərpasına və tarixi ədalətin təmin olunmasına inamını qorudu.
Qələbənin əldə olunmasında Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylik də mühüm rol oynadı. Müharibə dövründə cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşdi. İnsanlar ön cəbhədə döyüşən hərbçilərimizə mənəvi dəstək göstərir, arxa cəbhədə öz imkanları daxilində Vətən uğrunda mübarizəyə töhfə verirdilər. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli maraqlar və Vətən sevgisi qarşısında bütün fərqlər arxa plana keçir. Bu birlik qələbəmizin mənəvi dayaqlarından biri oldu.
Zəfərin əldə edilməsi şəhidlərin fədakarlığı və qazilərin qəhrəmanlığı sayəsində mümkün oldu. Vətən uğrunda canından keçən igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün vətənpərvərlik, cəsarət və sədaqət məktəbidir. Dövlətimiz şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu diqqət və qayğı Vətən qarşısında xidmət göstərmiş insanların əməyinə verilən yüksək qiymətin ifadəsidir.
2020-ci ildə əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyünün tam bərpası istiqamətində mühüm tarixi mərhələ olsa da, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi bütün ərazisində tam bərpa edildi. Beləliklə, Azərbaycan müstəqillik tarixinin ən mühüm strateji məqsədlərindən birinə nail oldu. Bu hadisələr sübut edir ki, dövlətin gücü yalnız hərbi imkanlarla deyil, milli maraqlarını qorumaq əzmi, siyasi qətiyyəti və xalqın birliyi ilə müəyyən edilir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, enerji və kommunikasiya xətləri çəkilir, sosial infrastruktur yaradılır. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Uzun illər Vətən həsrəti ilə yaşayan insanların öz evlərinə dönməsi Zəfərin ən sevindirici nəticələrindən biridir. Qarabağ və Şərqi Zəngəzur bu gün quruculuğun, dirçəlişin və gələcəyə inamın məkanına çevrilir.
Vüqar İsmayılov
YAP Xocalı rayon təşkilatının əməkdaşı