PDF Oxu

Siyasət

  • 660

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının şanlı tarixinin, milli birliyinin və dövlət qüdrətinin təntənəsi - ŞƏRH

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının şanlı tarixinin, milli birliyinin və dövlət qüdrətinin təntənəsi - ŞƏRH

8 Noyabr Azərbaycan xalqının tarixində əbədi yaşayacaq, milli qürur və iftixar hissi ilə qeyd olunan ən möhtəşəm günlərdən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, milli iradəmizin, dövlətimizin gücünün və qəhrəman Azərbaycan Ordusunun qüdrətinin bütün dünyaya nümayiş etdirildiyi şanlı Zəfər Günüdür. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, əzmini və mübarizə ruhunu ortaya qoyaraq noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi qələbənin ən mühüm mərhələsinə çatdı.

Zəfər Günü yalnız hərbi qələbənin ildönümü deyil, həm də Azərbaycan dövlətçiliyinin möhkəmliyinin, xalqımızın milli həmrəyliyinin və ərazi bütövlüyümüz uğrunda aparılan mübarizənin təntənəsidir. Bu qələbə uzun illər ərzində işğal altında qalmış torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin məntiqi nəticəsi oldu.

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi tarixə düşdü. Dövlət başçısının qətiyyətli mövqeyi, siyasi iradəsi və diplomatik fəaliyyəti müharibənin gedişində mühüm əhəmiyyət daşıdı. Prezident İlham Əliyevin müharibə dövründə beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, xalqa müraciətləri və çıxışları Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyi bir daha nümayiş etdirildi.

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir hərbi texnologiyalardan istifadə bacarığı və qəhrəmanlıq nümunələri ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Əsgər və zabitlərimizin göstərdiyi misilsiz şücaət, onların Vətən sevgisi və torpaq uğrunda fədakarlığı qələbəmizin əsas amillərindən oldu. Azərbaycan əsgəri yalnız hərbi əməliyyatlarda iştirak etmədi, eyni zamanda xalqımızın milli qürurunu, tarixi ədalətə olan inamını və azadlıq iradəsini döyüş meydanında nümayiş etdirdi.

Şuşanın azad edilməsi Zəfər tariximizin ən parlaq səhifələrindən biridir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı və milli-mənəvi dəyərlərimizin rəmzi olan Şuşanın azadlığı hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı. Şuşa əməliyyatı Azərbaycan hərbçilərinin misilsiz qəhrəmanlığının, peşəkarlığının və Vətənə bağlılığının parlaq təcəssümü oldu. Məhz bu tarixi hadisədən sonra müharibənin taleyini müəyyən edən proseslər sürətləndi və noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı.

Zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin misilsiz xidmətləri xüsusi ehtiramla yad edilməlidir. Vətənimizin azadlığı, xalqımızın təhlükəsizliyi və dövlətimizin suverenliyi naminə canından keçən qəhrəman şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların fədakarlığı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri kimi gələcək nəsillərə örnək olacaq. Döyüşlərdə sağlamlığını itirən qazilərimizin qəhrəmanlığı da xalqımızın yaddaşında əbədi yaşayacaq. Dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Vətən qarşısında xidmətlərin yüksək qiymətləndirilməsinin mühüm ifadəsidir.

Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr meydana çıxdı. İşğaldan azad edilmiş ərazilərin bərpası, infrastrukturun yenidən qurulması, şəhər və kəndlərin müasir tələblərə uyğun inkişaf etdirilməsi, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz torpaqlarına qayıdışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Böyük Qayıdış prosesinin uğurla davam etdiyini göstərir.

Azad edilmiş ərazilərdə yeni yolların, tunellərin, körpülərin, hava limanlarının, yaşayış komplekslərinin, məktəblərin və digər sosial obyektlərin inşası Azərbaycanın iqtisadi imkanlarını və quruculuq əzmini nümayiş etdirir. Şuşa, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın və digər yaşayış məntəqələrində aparılan bərpa işləri tarixi torpaqlarımızın yenidən dirçəldilməsinə xidmət edir. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma evlərinə qayıtması isə Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.

Zəfər Günü həm də gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Gənclərimiz bu tarixi qələbənin hansı çətinliklər və fədakarlıqlar hesabına əldə edildiyini bilməli, şəhidlərimizin qəhrəmanlığını unutmamalı və dövlətimizin müstəqilliyinin qorunmasını özlərinin ən ali vəzifələrindən biri hesab etməlidirlər. Məktəblərdə, ali təhsil müəssisələrində və ictimai təşkilatlarda keçirilən tədbirlər Zəfər tariximizin təbliğinə, milli yaddaşımızın möhkəmləndirilməsinə xidmət edir.

Bu gün Azərbaycan qalib dövlət kimi regionda yeni reallıqların formalaşmasında mühüm rol oynayır. Ölkəmizin beynəlxalq nüfuzu, siyasi və iqtisadi imkanları, hərbi qüdrəti və diplomatik mövqeyi daha da möhkəmlənib. 2020-ci ildə əldə edilən Zəfər 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bütün ərazilərində tam bərpa olunması ilə daha da möhkəmləndi. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi istiqamətində tarixi mərhələ tamamlandı.

8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin və Vətən sevgisinin rəmzidir. Bu gün biz həm böyük qələbəmizin sevincini yaşayır, həm də həmin qələbə uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi qarşısında baş əyirik. Şəhidlərimizin qanı ilə yazılan bu tarix heç zaman unudulmayacaq, onların göstərdiyi qəhrəmanlıq daim ehtiramla anılacaq.

Əminliklə demək olar ki, Zəfər Günü Azərbaycan xalqının tarixində yalnız keçmişin şanlı səhifəsi deyil, həm də gələcəyə inamla baxmağın, milli birliyi qorumağın və güclü dövlət quruculuğunu davam etdirməyin mühüm mənəvi dayağıdır. Bu qələbə sübut etdi ki, xalq öz dövlətinin ətrafında birləşdikdə, milli məqsədlər naminə vahid iradə nümayiş etdirdikdə qarşıya qoyduğu ən böyük hədəflərə belə nail ola bilər.

8 Noyabr – Zəfər Günü mübarək! Qoy üçrəngli Azərbaycan bayrağı daim ucalarda dalğalansın, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşasın, müstəqil və suveren Azərbaycanımızın zəfərləri davamlı olsun!

Xəyyam Vəliyev,

YAP Gədəbəy rayon təşkilatının əməkdaşı

Digər xəbərlər