Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar zaman keçdikcə öz əhəmiyyətini daha da artırır, milli yaddaşımızın əbədi və unudulmaz səhifəsinə çevrilir. 8 Noyabr – Zəfər Günü də xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış, milli qürurumuzun, birliyimizin və sarsılmaz iradəmizin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi hadisədir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azadlığı uğrunda əsl qəhrəmanlıq salnaməsi yazdı. Döyüş meydanında nümayiş etdirilən yüksək peşəkarlıq, hərbi strategiya və misilsiz şücaət nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpasına doğru tarixi addımlar atıldı.Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin taleyini həll edən ən mühüm hadisələrdən biri oldu. Mədəniyyətimizin beşiyi, Qarabağın tacı olan Şuşanın azadlığı Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamını daha da gücləndirdi. Məhz bu möhtəşəm qələbə Azərbaycanın hərbi və siyasi gücünün parlaq təcəssümü kimi tarixə düşdü. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqının illərdir qəlbində yaşatdığı torpaq həsrətinə son qoyulması istiqamətində həlledici mərhələ başlandı.2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi və Vətən müharibəsi Azərbaycanın şanlı Qələbəsi ilə başa çatdı. Bu qələbə yalnız hərbi uğur deyil, həm də Azərbaycan dövlətinin siyasi iradəsinin, iqtisadi qüdrətinin, diplomatik fəaliyyətinin və milli birliyinin nəticəsi idi.Zəfərin əldə olunmasında Azərbaycan xalqının həmrəyliyi, əsgər və zabitlərimizin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin qəhrəmanlığı müstəsna rol oynadı. Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, ölkəmizin regionda yeni reallıqlar yaratmaq gücünü nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, müasir infrastruktur layihələri, Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdan sakinlər Zəfərimizin davam edən uğurlarının bariz göstəricisidir.8 Noyabr xalqımızın milli birliyinin, dövlətə sədaqətinin və Vətən sevgisinin təntənəsidir. Bu tarix bizə bir daha sübut etdi ki, güclü dövlət, qətiyyətli rəhbərlik və milli həmrəylik qarşısında heç bir maneə dayana bilməz. Azərbaycan xalqı öz tarixi torpaqlarını azad etməklə yalnız ərazi bütövlüyünü deyil, həm də milli qürurunu və tarixi ədaləti bərpa etdi. Bu gün Zəfər Gününü böyük fəxarət hissi ilə qeyd edən hər bir azərbaycanlı həmin tarixi qələbənin məsuliyyətini və mənəvi dəyərini dərindən dərk edir. Zəfər yolu gələcək nəsillərə ötürüləcək ən böyük milli miraslarımızdan biridir. 8 Noyabr – Zəfər Günü müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın yenilməz ruhunun və milli birliyimizin əbədi rəmzidir. Bu şanlı tarix xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillər tərəfindən qürur və ehtiramla anılacaqdır.
Lalə Məmmədova
YAP Samux rayon təşkilatının əməkdaşı