Müasir tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsi ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası ilə nəticələnən şanlı Zəfər salnaməmizdir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, xalqımızın birlik və həmrəyliyinin, ordumuzun yüksək döyüş ruhunun təcəssümü olan haqq savaşımız nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq, qürur və milli qələbə rəmzi kimi əbədi yer aldı. Xüsusilə Qarabağın incisi olan Şuşa şəhərinin düşmən tapdağından xilas edilməsi Vətən müharibəsinin ən möhtəşəm və taleyüklü hadisələrindən biri olmaqla, xalqımızın milli iradəsinin, sarsılmaz ruhunun və doğma torpaqlarına bağlılığının təntənəsinə çevrildi. Mürəkkəb relyefə və çətin coğrafi şəraitə malik Şuşanın qəhrəman vətən övladları tərəfindən misilsiz şücaət, cəsarət və peşəkarlıq nümayiş etdirilərək azad olunması hərb tariximizə qızıl hərflərlə yazıldı. Bu Zəfər yalnız mühüm strateji əhəmiyyətə malik şəhərin azad edilməsi deyil, həm də xalqımızın mənəvi dünyasında xüsusi yeri olan mədəniyyət paytaxtımızın öz tarixi sahibinə qaytarılması demək idi. Şuşanın azad edilməsi Azərbaycanın qələbəsini həlledici mərhələyə çatdıraraq Ermənistanın hərbi-siyasi rəhbərliyini kapitulyasiyaya məcbur edən əsas amillərdən birinə çevrildi. Bu tarixi hadisə Azərbaycan xalqının birliyinin, dövlətimizin qüdrətinin və ordumuzun qəhrəmanlığının qarşısında heç bir qüvvənin dayana bilməyəcəyini bir daha nümayiş etdirdi. Bu gün Şuşa azadlığın, milli qürurun və yenilməz Azərbaycan ruhunun rəmzi kimi ölkəmizin tarixində və xalqımızın yaddaşında yaşayır, eyni zamanda, günü-gündən inkişaf edərək yeni görkəm alır. Şəhərin dövlətçilik tariximizdəki müstəsna mövqeyi, milli-mənəvi dəyərlərimizin qorunmasında oynadığı rol və Vətən müharibəsində əldə olunan Zəfərin simvoluna çevrilməsi ona göstərilən ehtiramı daha da artırır. Məhz bu ehtiramın və Şuşanın tarixi-mənəvi əhəmiyyətinin dövlət səviyyəsində təcəssümü olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mayın 8-i Şuşa şəhəri günü kimi təsis edilmişdir. Bu əlamətdar tarix qədim şəhərin Azərbaycan xalqının milli kimliyindəki əvəzsiz yerini bir daha ön plana çıxarır. Şuşanın azad edilməsindən sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin şəhərə çoxsaylı səfərləri, burada həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının azad olunmuş Şuşaya ilk səfəri zamanı şəhərin tarixi məkanlarını ziyarət etməsi, Azərbaycan bayrağını ucaltması və səsləndirdiyi qürur dolu fikirlər xalqımızın yaddaşında silinməz iz buraxdı. Sonrakı səfərlərdə yeni layihələrin təməlinin qoyulması, infrastrukturun yenilənməsi, tarixi-mədəni abidələrin bərpası və sosial obyektlərin istifadəyə verilməsi şəhərin dirçəlişinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərdi. Bütün bunlar dövlətimizin Şuşanın tarixi şöhrətinin qaytarılmasına, onun ölkəmizin mühüm mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilməsinə verdiyi önəmin bariz nümunəsidir. Bununla yanaşı, qədim Azərbaycan torpağında Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması, Dünya Azərbaycanlılarının V Qurultayının, Şuşa Qlobal Media Forumlarının, Cıdır düzündə “Xarıbülbül” festivalının, eləcə də Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi şəhərin beynəlxalq əhəmiyyətini daha da artırmışdır. Bu mühüm tədbirlər Şuşanın yalnız tarixi və mədəniyyət mərkəzi deyil, həm də beynəlxalq siyasi, diplomatik və humanitar dialoq məkanı kimi mövqeyini möhkəmləndirdiyini nümayiş etdirir. Hazırda Şuşada dalğalanan üçrəngli bayrağımız, bərpa edilən tarixi abidələrimiz, yenidən qurulan küçə və meydanlarımız, doğma yurduna qayıdan sakinlərimiz tarixi ədalətin bərpasının canlı təzahürüdür. Əminliklə demək olar ki, Şuşa bundan sonra da Azərbaycanın milli qürurunun, mədəni zənginliyinin və dövlətçilik iradəsinin rəmzi olaraq ölkəmizin həyatında mühüm yer tutacaq. Şəhərin dirçəlişi xalqımızın Zəfər salnaməsinin davamı olmaqla, gələcək nəsillərə ötürülən qəhrəmanlıq, vətənpərvərlik və milli birlik nümunəsinin parlaq təcəssümü kimi tariximizdə özünəməxsus mövqeyini qoruyub saxlayacaq.
İlkin Əliyev
YAP Zərdab rayon təşkilatının sədri