PDF Oxu

Siyasət

  • 593

9 Noyabr – Dövlət Bayrağı Günü: milli müstəqilliyimizin və dövlətçilik ənənələrimizin rəmzi - ŞƏRH

9 Noyabr – Dövlət Bayrağı Günü: milli müstəqilliyimizin və dövlətçilik ənənələrimizin rəmzi - ŞƏRH

9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik ənənələrini və müstəqillik iradəsini təcəssüm etdirən əlamətdar gündür. Üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin, milli kimliyinin və tarixi varlığının rəmzi olmaqla yanaşı, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsini də özündə əks etdirir. Dövlət bayrağına hörmət və ehtiram göstərilməsi hər bir vətəndaşın dövlətinə, Vətəninə və milli dəyərlərinə bağlılığının ifadəsidir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmişdir. 1990-cı il noyabrın 17-də isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız yenidən qaldırılmış və onun dövlət bayrağı kimi qəbul edilməsi barədə tarixi qərar verilmişdir. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması da milli dövlətçilik ənənələrinin bərpası istiqamətində mühüm siyasi addım olmuşdur.
Ümummilli Lider Heydər Əliyev bu tarixi hadisəni belə xatırlamışdır: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq.” Bu təşəbbüs Azərbaycanın müstəqilliyə gedən yolunda mühüm mərhələ olmaqla milli dövlətçilik ideyalarının möhkəmlənməsinə xidmət etmişdir.
Dövlət müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımız Azərbaycanın əsas dövlət atributlarından biri kimi təsdiq edilmişdir. Ulu Öndər bayrağımızın mənəvi və siyasi əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”
Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncama əsasən, noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılışı dövlət rəmzlərimizə göstərilən diqqətin bariz nümunəsi olmuşdur. Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq təşkilatların iqamətgahları qarşısında, diplomatik nümayəndəliklərimizdə və ölkəmizin bütün guşələrində dalğalanaraq dövlətimizin beynəlxalq nüfuzunu və müstəqilliyini təcəssüm etdirir.
Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri milli ideologiyamızın əsas prinsiplərini ifadə edir. Mavi rəng türk mənşəyimizi və milli kimliyimizi, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu əks etdirir. Bu üç rəng xalqımızın tarixi köklərini, milli-mənəvi dəyərlərini və müasir inkişaf yolunu özündə birləşdirir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Qələbə Dövlət Bayrağımızın rəmzi əhəmiyyətini daha da artırmışdır. Torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası nəticəsində üçrəngli bayrağımız bütün ərazilərimizdə ucaldılmışdır. Bu gün Şuşada, Xankəndidə və digər azad edilmiş torpaqlarımızda dalğalanan bayrağımız xalqımızın birliyinin, ordumuzun qüdrətinin və dövlətimizin suverenliyinin təcəssümüdür.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşına müstəqilliyimizin dəyərini, milli həmrəyliyin əhəmiyyətini və dövlət rəmzlərimizin qorunmasının vacibliyini xatırladır. Üçrəngli bayrağımız Azərbaycanın tarixi keçmişini, bugünkü qüdrətini və gələcək inkişaf hədəflərini özündə birləşdirən müqəddəs dövlətçilik rəmzidir. Bu bayraq daim yüksəklərdə dalğalanacaq, xalqımızın milli qürurunu və müstəqillik iradəsini təcəssüm etdirəcəkdir.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər