PDF Oxu

Siyasət

  • 508

Şuşa Şəhəri Günü xalqımız tərəfindən böyük sevinclə qeyd edilir

Şuşa Şəhəri Günü xalqımız tərəfindən böyük sevinclə qeyd edilir

Ümummilli Lider Heydər Əliyev qeyd edirdi ki: Biz Azərbaycanın haqq-ədalət işini dünyaya sübut etməli, ölkəmizə qarşı olmuş hərbi təcavüzü dünya ictimaiyyətinə çatdırmalı və beynəlxalq ictimaiyyətin köməyilə Qarabağ məsələsini sülh yolu ilə həll etməliyik.

Xalqımızın dahi Heydər Əliyev şəxsiyyətinə sonsuz sevgisi, cənab İlham Əliyevin liderlik keyfiyyətlərinə inamı 2003-cü ilin prezident seçkilərində qəti sözünü dedi. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev dövlət başçısı kimi şərəfli vəzifənin öhdəsindən inamla gəldi və bu siyasət hazırda uğurla davam etdirilir. Prezidentimiz İlham Əliyevin Azərbaycanın inkişafı, beynəlxalq səviyyədə tanınması uğrunda atdığı addımlar göz qabağındadır. Ölkə başçısı qurultaylarda, beynəlxalq təşkilatlarda dəfələrlə Azərbaycanın tarixi torpaqları haqqında etdiyi xatırlatmalar dövlətimizin mövqeyini gücləndirmişdir.
Dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının müdafiə qüdrətinin artırılması istiqamətində ardıcıl olaraq həyata keçirdiyi davamlı və məqsədyönlü siyasət Qarabağda böyük Qələbəyə aparan yolun ən mühüm hadisələrindəndir. Ordu quruculuğu sahəsində həyata keçirilmiş böyük islahatlar: şəxsi heyət arasında azərbaycançılıq, hərbi-vətənpərvərlik tərbiyəsinin qüvvətləndirilməsi, ordumuzun ən müasir hərbi texnika ilə silahlandırılması, yüksək ixtisaslı, peşəkar zabit korpusunun formalaşdırılması Azərbaycana regionda ən güclü orduya sahib olmaq imkanı qazandırmışdır. Dövlət başçımızın fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin yaradılması və bu qurumun normal iş fəaliyyətinin təşkil edilməsi də Böyük Zəfərin qazanılması yolunda atılmış əhəmiyyətli addımlardan biridir.
2020-ci ilin sentyabr ayının 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Beynəlxalq aləmə ədalətin, haqqın öz gücü hesabına bərpa olmasının mümkünlüyünü nümayiş etdirən xalqımız öz rəhbərinin illərlə yürütdüyü müdrik siyasətin məntiqi nəticəsini gördü. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Əlbəttə, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.
Qəhrəman Azərbaycan orudusu 44 günlük Vətən savaşında ağlagəlməz igidliklər hesabına ermənilərin məğlubedilməz ordu təsəvvürünü yerlə yeksan elədi. Murov dağ yüksəkliyini, Suqovuşanı, Talış kəndini və s. 17 kəndləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayon və şəhər mərkəzlərini düşməndən təmizlədi. Şərqin mədəniyyət mərkəzi, Azərbaycanımızın döyünən ürəyi olan Şuşanı canı-qanı bahasına döyüşə-döyüşə geri aldı. Mənfur Ermənistanın və onun havadarlarının ürəyinə dağ qoydu. Düşməni məğlub olduğunu etirafa, təslimə məcbur etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2020-ci ildə Şuşanın alınması günündə və əslində Vətən müharibəsində qələbəmizin təmin edildiyi vaxtda Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biridir. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Dağlıq Qarabağ münaqişəsinin həllində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir. Çünki ulu öndər Heydər Əliyev deyirdi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur!”
Şuşanın işğaldan azad olunduğu gün Prezidentin Sərəncamı ilə “Zəfər günü” elan edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyi qələbə çaldı. Tarixi Qarabağ zəfəri onu sübuta yetirdi ki, xalqın öz dövlətinə inamı, dövlət, xalq, ordu birliyi hər bir qələbənin başlanğıcı, əsas amalıdır.
2023-cü il iyulun 31-də Prezidentimiz cənab İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur.
Beləliklə, Azərbaycanın şanlı Zəfər tarixinə silinməz möhür vuruldu. Ulu Öndərin, qəhrəman şəhidlərimizin ruhu şaddır bu gün! Zəfərin mübarək, Azərbaycan!

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

Digər xəbərlər