Uzun illər beynəlxalq münasibətlər sistemində həllini gözləyən münaqişələrdən biri kimi təqdim olunan Qarabağ problemi Azərbaycan xalqının taleyində dərin izlər buraxmışdır. Onilliklər ərzində davam edən danışıqlar, qəbul edilən qətnamələr və beynəlxalq vasitəçilik səyləri münaqişənin aradan qaldırılması üçün real nəticə vermədi. Beləliklə, Qarabağ münaqişəsi zaman keçdikcə beynəlxalq siyasi leksikonda “dondurulmuş münaqişə” anlayışı ilə xarakterizə olunmağa başladı. Lakin Azərbaycan bu vəziyyətin əbədi davam edə bilməyəcəyini öz qətiyyətli siyasəti ilə nümayiş etdirdi.
Dondurulmuş münaqişə ifadəsi ilk baxışda müharibənin dayanması, sabitliyin qorunması və sülhə yaxınlaşma təsəvvürü yaratsa da, əslində bu anlayışın arxasında ağır humanitar faciələr, doğma yurdlarından didərgin düşmüş yüz minlərlə insanın taleyi və pozulmuş beynəlxalq hüquq normaları dayanırdı. Azərbaycan torpaqlarının işğal altında qalması, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməməsi beynəlxalq münasibətlər sistemində ikili standartların mövcudluğunu göstərirdi. Uzun illər aparılan danışıqlar isə işğalın aradan qaldırılmasına xidmət edən konkret nəticələr ortaya qoymadı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu reallığı dəyişmək üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirdi. Ölkənin iqtisadi və hərbi qüdrətinin artırılması, müasir ordunun formalaşdırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi və milli birliyin gücləndirilməsi gələcək Zəfərin əsasını təşkil etdi. Azərbaycan dövlətinin mövqeyi aydın idi: ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz və işğal faktı ilə barışmaq mümkün deyil.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi illərlə davam edən qeyri-müəyyənliyə son qoydu. Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində torpaqlarımız mərhələli şəkildə işğaldan azad edildi. Şuşanın azad olunması isə müharibənin taleyini həll edən mühüm hadisəyə çevrildi. Noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazıldı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat isə hərbi əməliyyatların dayandırılmasını təmin etdi.
8 Noyabr – Zəfər Günü yalnız hərbi qələbənin qeyd olunduğu tarix deyil. Bu gün, eyni zamanda, beynəlxalq hüququn, milli iradənin və dövlət suverenliyinin təntənəsidir. Azərbaycan sübut etdi ki, illərlə dondurulmuş hesab edilən münaqişələr də siyasi iradə, güclü ordu və qətiyyətli liderlik sayəsində həllini tapa bilər. 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu.
Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Qələbənin yeni mərhələsini təşkil edir. Vaxtilə dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, yaşayış kompleksləri inşa edilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
8 Noyabrın tarixi əhəmiyyəti ondadır ki, Azərbaycan dondurulmuş münaqişənin qurbanı olmaqdan çıxaraq onun həllini təmin edən dövlətə çevrildi. Bu Zəfər gələcək nəsillərə müstəqilliyin, milli birliyin və Vətənə bağlılığın nə qədər böyük güc olduğunu xatırladan əbədi tarixdir. Azərbaycanın qazandığı Qələbə bir daha göstərdi ki, ədalətin bərqərar olması üçün yalnız gözləmək deyil, məqsədyönlü fəaliyyət göstərmək də vacibdir.
Nicat Əsədli
YAP Ordubad rayon təşkilatının əməkdaşı