Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin səsləndirdiyi “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır” fikri dövlətimizin gələcək inkişaf strategiyasını, milli həmrəyliyin əhəmiyyətini və xalqımızın qarşısında dayanan mühüm vəzifələri özündə əks etdirir. Bu fikir hər bir Azərbaycan vətəndaşı üçün mühüm çağırış olmaqla yanaşı, milli birliyin qorunmasının və daha da möhkəmləndirilməsinin vacibliyini ifadə edir.
Azərbaycan tarixinin müxtəlif mərhələlərində milli birlik və həmrəylik xalqımızın ən
böyük güc mənbəyi olub. Xalqımızın vahid amal ətrafında birləşməsi, dövlətçilik ənənələrinə sədaqəti və milli maraqları hər şeydən üstün tutması ölkəmizin müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası cəmiyyətimizin bütövlüyünün, milli həmrəyliyimizin və dövlətçilik düşüncəmizin əsasını təşkil edir. Bu ideoloji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər milli birliyimizin və xalqımızın sarsılmaz iradəsinin parlaq təcəssümü oldu. Azərbaycan xalqı, dövləti və Ordusu
vahid amal ətrafında birləşərək tarixi ədaləti bərpa etdi, ərazi bütövlüyümüzü təmin etdi. Həmin günlərdə nümayiş etdirilən xalq-Prezident-ordu birliyi Azərbaycan dövlətinin nə qədər güclü olduğunu bütün dünyaya göstərdi.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyi,
müstəqil siyasəti, iqtisadi imkanları və artan siyasi nüfuzu ilə seçilir. Ölkəmizin beynəlxalq platformalarda fəal iştirakı, müxtəlif dövlətlərlə qurduğu əməkdaşlıq əlaqələri, enerji təhlükəsizliyinə verdiyi töhfələr və regional təşəbbüsləri Azərbaycanın dünyadakı rolunu daha da artırır. Belə bir şəraitdə milli birliyin qorunması strateji əhəmiyyət daşıyır. Milli birlik yalnız müəyyən tarixi hadisələr zamanı nümayiş etdirilən həmrəylik deyil, gündəlik həyatımızda, ictimai fəaliyyətimizdə və dövlətçilik mövqeyimizdə daim qorunmalı olan dəyərdir. Hər bir vətəndaşın dövlətə bağlılığı, qanunlara hörməti, milli maraqlara sədaqəti və ölkənin inkişafına töhfə vermək istəyi bu birliyin möhkəmlənməsinə xidmət edir.
Yeni dövrün çağırışları Azərbaycan qarşısında daha böyük imkanlar və məsuliyyətlər
yaradır. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış proqramının həyata keçirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi xalqımızın birliyini və dövlətimizin gücünü tələb edir. Əminliklə demək olar ki, Azərbaycanın qarşıdakı illərdə daha böyük uğurlara imza atmasının əsas şərtlərindən biri milli həmrəyliyin qorunmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın dünyada artan mövqeyi milli birliyin daha da
möhkəmləndirilməsini zəruri edir. Çünki güclü dövlətin təməlində güclü xalq, güclü xalqın arxasında isə sarsılmaz milli birlik dayanır. Milli birlik Azərbaycanın dünənki Zəfərinin, bugünkü inkişafının və sabahkı uğurlarının ən etibarlı təminatıdır!
Toğrul Rəhimli
YAP Sədərək rayon təşkilatının əməkdaşı