PDF Oxu

Siyasət

  • 609

Üçrəngli bayrağımız – milli birliyimizin və qalib dövlətçiliyimizin təntənəsi - ŞƏRH

Üçrəngli bayrağımız – milli birliyimizin və qalib dövlətçiliyimizin təntənəsi - ŞƏRH

Hər bir xalqın tarixində onun milli kimliyini, azadlıq düşüncəsini və dövlətçilik iradəsini ifadə edən müqəddəs rəmzlər mövcuddur. Azərbaycan xalqı üçün bu rəmzlərin ən ucası üçrəngli Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətində xalqımızın milli-mənəvi dünyası, tarixi kökləri, müasir inkişaf arzuları və ümumbəşəri dəyərlərə bağlılığı əks olunur. Bayrağımızın dalğalanması müstəqil dövlətimizin varlığını, xalqımızın birliyini və milli qürurumuzu bütün dünyaya nümayiş etdirir.
Azərbaycan Bayrağının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrindən başlayır. 1918-ci ildə qəbul edilən üçrəngli bayraq xalqımızın müstəqillik ideallarının rəmzi kimi tarixə düşüb. Sovet hakimiyyəti illərində bu müqəddəs rəmz dövlətçilik həyatımızdan uzaqlaşdırılsa da, xalqımızın yaddaşında və milli düşüncəsində yaşamaqda davam edib. Onun yenidən ucaldılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Heydər Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın qaldırılması müstəqillik tariximizin ən mühüm hadisələrindən biri oldu. Həmin vaxt sovet siyasi sisteminin hələ qüvvədə olduğu şəraitdə belə bir qərarın qəbul edilməsi böyük cəsarət, siyasi uzaqgörənlik və milli maraqlara sarsılmaz sədaqət tələb edirdi. Ulu Öndər bununla xalqımıza müstəqilliyin mümkünlüyünə inam aşıladı, milli dövlətçilik ideyasının yenidən dirçəlməsinə güclü təkan verdi.
Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” fikirləri dövlətçilik fəlsəfəmizin mühüm ideoloji əsasını təşkil edir. Bu çağırışın mahiyyətində milli həmrəylik, vətənpərvərlik və ümumi məqsədlər naminə birləşmək dayanır.
Bu gün Ulu Öndərin siyasi irsi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz tarixinin ən böyük nailiyyətlərindən birinə imza atıb. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın birliyini, ordumuzun gücünü və Ali Baş Komandanın qətiyyətli rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi.
Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız artıq yeni bir tarixi mərhələnin rəmzinə çevrilib. Həmin bayrağın hər dalğalanışında şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı, xalqımızın sarsılmaz iradəsi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti yaşayır.
Bakıda Dövlət Bayrağı Meydanının yaradılması da milli dövlətçilik rəmzlərimizə verilən yüksək qiymətin göstəricisidir. Bu möhtəşəm meydan Azərbaycanın müstəqillik əzmini, milli qürurunu və dövlətçilik qüdrətini təcəssüm etdirir. Dövlət Bayrağı Meydanı yalnız paytaxtımızın görkəmli məkanlarından biri deyil, həm də gənc nəslin milli ruhda tərbiyəsi baxımından mühüm mənəvi ünvanıdır.
Prezident İlham Əliyevin “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” fikirləri hər bir azərbaycanlının düşüncəsində xüsusi yer tutur. Həqiqətən də, bayrağımız dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatlarda və mötəbər tədbirlərdə dövlətimizin səsini və nüfuzunu təmsil edir. Onun ucalığı Azərbaycanın müstəqil siyasətinin, beynəlxalq mövqeyinin və milli iradəsinin göstəricisidir.
Bu gün qarşımızda duran mühüm vəzifələrdən biri də dövlətçilik dəyərlərimizi, milli ideologiyamızı və bayrağımıza olan ehtiramımızı gələcək nəsillərə ötürməkdir. Xüsusilə gənclərimiz anlamalıdırlar ki, bayrağa sevgi yalnız qürurverici sözlər söyləməklə məhdudlaşmır. Bu sevgi Vətənə layiqli xidmət etmək, dövlətimizin maraqlarını qorumaq, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və Azərbaycanın inkişafına töhfə verməklə təsdiqlənir.
Üçrəngli bayrağımız xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və müstəqilliyimizin əbədi rəmzidir. Bu bayraq altında birləşən xalqımız daha böyük uğurlara imza atmağa qadirdir. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni nailiyyətlər qazanacaq, üçrəngli bayrağımız dünyanın hər yerində qürurla dalğalanacaq.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər