PDF Oxu

Siyasət

  • 1 157

Zəfərə aparan yolda xalqın gücü – arxa cəbhənin böyük dəstəyi - ŞƏRH

Zəfərə aparan yolda xalqın gücü – arxa cəbhənin böyük dəstəyi - ŞƏRH

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər yalnız ön cəbhədə döyüşən qəhrəman Azərbaycan əsgərinin deyil, bütövlükdə xalqımızın birliyinin, həmrəyliyinin və fədakarlığının təntənəsi idi. 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixində hərbi qüdrətin, milli iradənin və xalq-dövlət birliyinin parlaq təcəssümü kimi əbədi yaşayacaq. Bu möhtəşəm qələbənin əldə olunmasında ön cəbhə ilə yanaşı, arxa cəbhənin – bütün Azərbaycan xalqının göstərdiyi dəstək də mühüm rol oynadı.
Vətən müharibəsi başlandığı ilk gündən Azərbaycan cəmiyyətində görünməmiş həmrəylik və səfərbərlik ruhu yarandı. Cəbhədən gələn hər bir xəbər, döyüş meydanında əldə olunan hər bir uğur milyonlarla insanın qəlbində qürur və ümid hissini daha da gücləndirirdi. İnsanlar yaşından, peşəsindən, sosial vəziyyətindən asılı olmayaraq vahid amal ətrafında birləşmişdilər: torpaqlarımızın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası!
Arxa cəbhədə çalışan insanların fəaliyyəti bu mübarizənin ayrılmaz hissəsinə çevrilmişdi. Könüllülər, tibb işçiləri, müəllimlər, dövlət qulluqçuları, sahibkarlar, fermerlər, müxtəlif sahələrdə çalışan əmək adamları öz imkanları daxilində orduya dəstək göstərirdilər. Vətəndaşlar qanvermə aksiyalarına qoşulur, əsgərlər üçün zəruri ləvazimatlar, geyim və ərzaq toplanır, ailələr döyüşçülərin ailələrinə mənəvi və maddi yardım edirdilər. Hər kəs öz əməli ilə Vətən mübarizəsinə töhfə verməyə çalışırdı.
Xüsusilə qadınlarımızın, analarımızın və gənclərimizin fədakarlığı diqqətəlayiq idi. Bir tərəfdən övladlarını Vətənin müdafiəsinə yola salan analar, digər tərəfdən əsgərlərimizə isti geyim, ərzaq və mənəvi dəstək hazırlayan insanlar arxa cəbhənin əsl gücünü nümayiş etdirirdilər. Məktəblilərin yazdığı məktublar, göndərilən sovqatlar, sosial şəbəkələrdə yayılan birlik və ruhlandırıcı çağırışlar əsgərlərimizə mənəvi dayaq olurdu. Bu, bir daha sübut edirdi ki, Vətəni qorumaq yalnız səngərdə silah tutmaqdan ibarət deyil. Vətən sevgisi hər kəsin öz yerində məsuliyyətlə çalışması, ümumi məqsədə xidmət etməsidir.
Qələbəyə aparan yolda informasiya cəbhəsinin də xüsusi əhəmiyyəti vardı. Azərbaycan vətəndaşları ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında fəal iştirak edir, həqiqətlərin beynəlxalq ictimaiyyətə təqdim olunmasına dəstək göstərirdilər. Dezinformasiyalara qarşı mübarizə, milli maraqların müdafiəsi, dövlətimizin mövqeyinin təbliği xalqın informasiya həmrəyliyinin mühüm göstəricisinə çevrilmişdi.
Bütün bu proseslərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və xalqın sarsılmaz dəstəyi vahid gücə çevrildi. Xalq öz rəhbərinə, rəhbər öz xalqına, xalq isə öz ordusuna inanırdı. Bu qarşılıqlı inam və etimad Zəfərin mənəvi dayaqlarından biri oldu. Ali Baş Komandanın müharibə günlərində səsləndirdiyi “Biz birlikdə güclüyük!” çağırışı xalqımızın mübarizə ruhunu ifadə edən tarixi bir şüara çevrildi.
8 Noyabr Zəfəri bizə mühüm bir həqiqəti öyrətdi: güclü dövlət yalnız qüdrətli ordu ilə deyil, həm də milli birliyi, vətəndaş məsuliyyəti və həmrəyliyi ilə güclüdür. Bu Zəfəri qoruyub saxlamaq üçün əldə olunan uğurları gələcək nəsillərə ötürmək, milli-mənəvi dəyərlərimizi yaşatmaq, dövlətçiliyimizə sədaqətlə xidmət etmək, gəncləri vətənpərvərlik ruhunda yetişdirmək və cəmiyyət olaraq birliyimizi daim möhkəmləndirmək hər birimizin vətəndaşlıq borcudur.
Bu gün azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri də həmin birliyin davamıdır. Artıq xalqımızın qarşısında yeni vəzifə dayanır: Zəfəri yalnız tarixi hadisə kimi xatırlamaq deyil, onu güclü, inkişaf edən və suveren Azərbaycanın gələcək uğurlarına çevirmək.
Unutmayaq ki, 44 gün ərzində ön cəbhədə əsgərimiz torpaqlarımızı azad edirdisə, arxa cəbhədə bütöv bir xalq onun yanında dayanmışdı. Səngərdəki qəhrəmanlıqla arxa cəbhədəki fədakarlıq birləşərək tariximizin ən şanlı səhifəsini yazdı. Çünki bu Zəfər bir ordunun qələbəsi olmaqla yanaşı, bir xalqın yenilməz iradəsinin təntənəsi idi!

Elgün Hüseynov
YAP Sədərək rayon təşkilatının fəal üzvü,
Qaraağac kənd ƏPT sədri

Digər xəbərlər