Zəfər tarixdir. Tarixin saralmış, üstünü toz basmış, öləziyən vərəqlərində qalibiyyət heç vaxt saralmır. Çünki qanla yazılır və unudulmur.Arxaya boylananda şərəfli keçmişimizin acı həqiqətləri ilə üzləşirik. Qalibiyyətə tamarzı qaldığımız, istilalar taleyini yaşayan məmləkətimizdə işğala etiraz edənlərin acı taleyini yaşamışıq. İşğala və qəsbkarlığa məruz qalan zəngin keçmişimizin səhifələrində uzun illər sərkərdələrimizin qara xəbərlərini eşitmiş, işğal altında keçən günlərimizi saymışıq. Müstəqillik illərində yaşadığımız sarsıntılar milli qürurumuzu zədələmiş, başımızı dik tutmağa imkan verməmişdi. Bir milyondan artıq qaçqın və məcburi köçkünümüz, verdiyimiz itkilər, yaşadığımız məşəqqətlər qara keçmişimizin acı xatirələrini əks etdirən faciələr ensiklopediyası idi. Bu vəziyyət belə davam edə bilməzdi.
Zaman və məkan görkəmli dövlət xadiminin yetişməsinə zəmin hazırlayırdı. 2003-cü il prezident seçkilərində qurtuluşla xilas olan xalqımız ən düzgün seçimini etdi. Xalq siyasi olimpə yüksələn İlham Əliyevi seçməklə Azərbaycanın milli dərdlərinin və problemlərinin həllinə səs verdiyini yaxşı bilirdi.
Prezident kimi ölkənin iqtisadi və siyasi qüdrətini möhkəmləndirən İlham Əliyev Azərbaycanı qüdrətli dövlətlər sırasına yüksəldərək bölgənin lider ölkəsinə çevirdi. Lakin Qarabağ problemi hələ də həllini gözləyirdi. Ali Baş Komandan kimi xalqımızın işğalla heç vaxt barışmayacağını sülh danışıqlarında bəyan edən dövlət başçısı zaman keçdikcə bu sözlərin sadəcə bəyanat olmadığını əməli fəaliyyəti ilə sübut etdi.
Biz məğlub olmuşduq, suveren ərazilərimiz işğal altında idi. İlham Əliyev bizə o inamı verdi ki, tarix məğlubiyyətlə bitmir.
Qalibiyyət uzaqda deyil. Qələbə inamdan doğur, iradə ilə əldə olunur. Böyük xalqımızın çoxəsrlik tarixinin ən böyük sərkərdəsi kimi adı və imzası qəhrəmanlıq salnaməmizlə qoşa çəkiləcək İlham Əliyevə sonsuz inam qələbəmizin təməli oldu.
Məhz bu inamın nəticəsi idi ki, böyük güclərin himayəsi altında olan işğalçı ölkə 44 günlük müharibədə Prezident İlham Əliyevin iradəsi qarşısında diz çökdü, keçilməz sədlər Silahlı Qüvvələrimiz tərəfindən yarıldı. Düşmən gecə saatlarında ağ bayraq qaldıraraq kapitulyasiya sənədinə imza atdı. Cəmi bir gün davam edən antiterror tədbirləri nəticəsində bölgəmiz separatizm və terror yuvasından tamamilə azad olundu. İlham Əliyev düşməni ayağımıza, qələbəni evimizə gətirdi. İlham Əliyev Prezident, Ali Baş Komandan, diplomat və jurnalist kimi bütün cəbhələrdə düşmən və anti-Azərbaycan qüvvələri ilə savaşda idi və bütün savaşlardan qalib kimi ayrıldı. Dünya üçün liderlik, böyüklük və vətənpərvərlik nümunəsi yaratdı. ABŞ Prezidentinin ölkəmizin başçısına xitabən söylədiyi “Siz güclü lidersiniz” ifadəsi də məhz bu tarixi uğurların və liderlik yolunun beynəlxalq səviyyədə etirafı idi.
Qarabağın, xüsusilə Şuşanın işğaldan azad olunması Ali Baş Komandan İlham Əliyevin böyük strateq kimi hərbi-siyasi məharətinin, uzaqgörənliyinin və qətiyyətli rəhbərliyinin təntənəsi idi. Xankəndinin separatizmin alovundan və qanunsuz silahlı birləşmələrin mövcudluğundan təmizlənməsi isə qəhrəman sərkərdənin rəhbərlik etdiyi qəhrəman ordumuzun gücünün, döyüş əzminin və hərbi peşəkarlığının növbəti təntənəsi kimi tarixə yazıldı. Bayrağımızın Xankəndində dalğalanması dövlət suverenliyimizin tam bərpasının, tarixi ədalətin və milli qürurumuzun təntənəsi oldu.
Bu coşqunun, bu təntənənin adı zəfərdir. İllərlə həsrətini çəkdiyimiz, uğrunda mübarizə apardığımız, böyük qurbanlar bahasına qazandığımız zəfər! İndi qalibiyyət bayrağımız başımızın üstündə dalğalanır, qürurumuzun və milli birliyimizin rəmzi kimi gələcəyə uzanan yolumuza işıq saçır. Qələbə ocağımızın başındadır. Xalq kimi başımız dik, alnımız açıqdır. Biz torpaqlarını azad etmiş, suverenliyini tam bərpa etmiş, zəfərini ləyaqətlə qazanmış xalq kimi tarix qarşısında alnıaçıq dayanırıq. Bu gün qürurumuz da, sevincimiz də, gələcəyə inamımız da zəfərimizin ucalığından güc alır.
Xankəndidə dalğalanan Azərbaycan Bayrağı artıq arzu və istək yox, reallıqdır. Otuz ildən artıq xalqımızın qəlbində yaşatdığı müqəddəs arzu gerçəkləşib, üçrəngli bayrağımız doğma torpağımızda öz əbədi yerini tutub. Arzularımızı reallığa çevirən qalib Baş Komandan bizə azərbaycanlı olmağın, bütövlüyün və xalq böyüklüyünün xoşbəxtliyini yaşatdı. Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin liderliyi ilə artıq bölgədə əmin-amanlıq və inkişaf var.
Qələbəni dahilər qazanır, çünki dahilər tarixin özüdür, tarix onların qərarları ilə yazılır. Qarabağ zəfəri ilə Prezident İlham Əliyev dünyanı heyrətə gətirən qalibiyyət epopeyası yazaraq Azərbaycanı tarixinin ən şanlı səhifələrindən birinə qovuşdurdu. Ölkə başçısı böyük lider kimi düşmən ölkəyə, Qarabağın işğalını əbədiləşdirmək istəyən beynəlxalq güclərə qalib gəldi. Prezident İlham Əliyev bu ədalətsiz güclərin qarşısında təkbaşına dayanaraq Azərbaycanın taleyini dəyişdi, dünənki, indiki və gələcək nəsillərə örnək yaratdı. Bu örnəyin adı xalqa bağlılıq, böyüklük və qələbədir.
Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı