PDF Oxu

Siyasət

  • 872

Zəfər – dövlətçilik iradəsinin və milli birliyin təntənəsi - ŞƏRH

Zəfər – dövlətçilik iradəsinin və milli birliyin təntənəsi - ŞƏRH

Azərbaycan xalqının tarixində elə günlər var ki, onların mənası yalnız təqvimdəki tarixlə məhdudlaşmır. 8 Noyabr – Zəfər Günü xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və tarixi ədalətin bərpasının təcəssümüdür. Bu möhtəşəm Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu.

Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası müstəqil Azərbaycanın möhkəmlənməsinə, iqtisadi və siyasi potensialının artırılmasına, milli maraqların ardıcıl müdafiəsinə xidmət edirdi. Bu siyasi kurs Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirildi. Ölkənin iqtisadi imkanlarının genişləndirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi, müasir ordu quruculuğu və müdafiə sənayesinin inkişafı gələcək Zəfərin əsaslarını formalaşdırdı.

Prezident İlham Əliyevin vurğuladığı kimi: “Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.” Bu fikirlər Qələbənin təsadüfi deyil, uzunmüddətli və məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu aydın şəkildə ifadə edir.

Otuz ilə yaxın davam edən işğal dövründə bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşmüş, şəhər və kəndlərimiz dağıdılmış, tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuşdu. Beynəlxalq vasitəçilik səylərinə baxmayaraq, münaqişənin həlli istiqamətində real nəticə əldə edilməmiş, status-kvonun qorunmasına çalışılmışdı. Azərbaycan isə bütün bu müddət ərzində öz prinsipial mövqeyindən geri çəkilmədi, beynəlxalq hüquqa əsaslanan haqq mübarizəsini davam etdirdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi xalqımızın milli həmrəyliyini və Azərbaycan Ordusunun döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedərək işğal altındakı əraziləri azad etdi. Noyabrın 8-də Şuşanın azad olunması müharibənin taleyində həlledici dönüş yaratdı. Bu hadisə hərbi-strateji əhəmiyyəti ilə yanaşı, xalqımızın tarixi yaddaşında xüsusi yer tutan mənəvi qələbə idi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər dövlətlə xalqın birliyinin, siyasi iradənin və ordunun gücünün vəhdətindən yarandı. Müharibə günlərində dövlət başçısının xalqa müraciətləri, beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı. Xalqın Ali Baş Komandana inamı, əsgər və zabitlərimizin fədakarlığı, arxa cəbhənin dəstəyi milli birliyi sarsılmaz qüvvəyə çevirdi.

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm siyasi nəticələr yaratdı. Lakin ölkəmizin suverenliyinin tam təmin olunması istiqamətində qarşıda hələ mühüm vəzifələr dayanırdı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində separatizmin mövcudluğuna son qoyuldu və Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması da dövlət sərhədlərinin və təhlükəsizliyin təmin olunması baxımından mühüm addım oldu.

Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, infrastruktur yenilənir, yaşayış məntəqələri yenidən qurulur, Böyük Qayıdış proqramı mərhələli şəkildə həyata keçirilir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş insanlar öz evlərinə qayıdır, Qarabağ və Şərqi Zəngəzur yenidən ölkənin iqtisadi, sosial və mədəni həyatına qovuşur. Dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərdiyi diqqət və qayğı da bu siyasətin mühüm istiqamətlərindəndir.

Zəfər Günü həm də gələcək nəsillər qarşısında böyük məsuliyyət deməkdir. Bu tarix bizə göstərir ki, dövlətin gücü yalnız hərbi imkanlarla deyil, milli birlik, siyasi sabitlik, iqtisadi inkişaf və vətəndaş həmrəyliyi ilə ölçülür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır.”

Bu gün Azərbaycan qalib dövlət kimi regionda yeni reallıqların formalaşmasında fəal iştirak edir, sülh və əməkdaşlıq təşəbbüslərini irəli sürür. Ölkəmizin mövqeyi aydındır: sülh ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı suverenliyə hörmətə əsaslanmalıdır.

8 Noyabr xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz iradəsi ilə qazanılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.”

Zəfər bizim üçün yalnız keçmişin qürurverici səhifəsi deyil, həm də müstəqil Azərbaycanın gələcəyinə inamın, dövlətçilik əzminin və milli məsuliyyətin ifadəsidir.

Aidə İsgəndərli

YAP Gədəbəy rayon təşkilatının gənc fəalı

Digər xəbərlər