8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində qürur, şərəf və milli birlik rəmzi kimi xüsusi yer tutur. Bu möhtəşəm tarix xalqımızın illərlə həsrətində olduğu Qarabağın azadlığına qovuşduğu, dövlətimizin gücünün, ordumuzun qəhrəmanlığının və xalqımızın sarsılmaz iradəsinin bütün dünyaya nümayiş olunduğu gündür. Zəfər Günü yalnız hərbi qələbənin deyil, həm də milli həmrəyliyin, Vətənə bağlılığın və müstəqil dövlətçilik əzminin təntənəsidir. Bu tarixi qələbə Azərbaycanın gələcək inkişafı üçün yeni üfüqlər açaraq xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı bir salnaməyə çevrilmişdir. Qarabağ münaqişəsi onilliklər ərzində Azərbaycanın ictimai-siyasi həyatına, xalqımızın taleyinə və ölkənin inkişafına ciddi təsir göstərmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin işğal edilməsi, yaşayış məntəqələrinin dağıdılması, tarixi abidələrin məhv olunması və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi xalqımıza ağır faciələr yaşatmışdır. Buna baxmayaraq, Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtmaq ümidini itirməmiş, milli yaddaşında Qarabağ sevgisini daim yaşatmışdır.
Müstəqillik dövründə Azərbaycanın qarşısında duran ən mühüm hədəflərdən biri güclü və qüdrətli dövlət qurmaq, milli təhlükəsizliyi təmin etmək və ərazi bütövlüyünü bərpa etmək idi. Bu məqsədlə ölkədə iqtisadiyyatın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və müasir ordu quruculuğu istiqamətində ardıcıl işlər görüldü. Nəticədə Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə, müasir texnoloji imkanlara və peşəkar hərbi potensiala malik qüvvəyə çevrildi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın hərb və dövlətçilik tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən döyüşlər zamanı Azərbaycan əsgər və zabitləri böyük rəşadət göstərərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində bir sıra şəhər və kəndlərimiz azad edildi, xalqımızın illərlə gözlədiyi tarixi ədalətin bərpası istiqamətində həlledici nəticələr əldə olundu. Bu qələbənin zirvəsi isə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Azərbaycanın mədəniyyət paytaxtı, milli-mənəvi dəyərlərimizin beşiyi olan Şuşanın azadlığı hər bir azərbaycanlının qəlbində xüsusi sevinc və qürur hissi yaratdı. Çətin relyef şəraitində həyata keçirilən hərbi əməliyyatlar Azərbaycan hərbçilərinin cəsarətini, hazırlığını və peşəkarlığını nümayiş etdirdi. Şuşanın azad olunması müharibənin gedişində həlledici əhəmiyyət daşıdı. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və digər ərazilərin Azərbaycana qaytarılması təmin edildi.
Vətən müharibəsinin yaddaşlarda əbədi qalacaq xüsusiyyətlərindən biri də cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olması idi. Cəbhədə döyüşən hərbçilərlə yanaşı, ölkənin hər bir bölgəsində yaşayan insanlar da qələbə naminə öz dəstəklərini nümayiş etdirirdilər. Müxtəlif peşə və sosial təbəqələrdən olan vətəndaşların həmrəyliyi, milli maraqlar ətrafında birləşməsi xalqımızın gücünü bir daha ortaya qoydu. “Dəmir yumruq” ifadəsi isə bu birliyin və qətiyyətin rəmzinə çevrildi. Azərbaycanın qazandığı hərbi uğur 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsi ilə daha da möhkəmləndi. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suveren hüquqları bərpa olundu. Həmin ilin oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltması Azərbaycanın müasir tarixində mühüm hadisə kimi yadda qaldı. Bu hadisə dövlət müstəqilliyinin və milli suverenliyin ərazi baxımından tam təmin olunmasının rəmzi oldu.
Qazanılmış tarixi uğurların gələcək nəsillərin yaddaşında yaşadılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Zəfər Gününün təsis edilməsi, hərbi qulluqçuların orden və medallarla təltif olunması, Bakıda Zəfər paradının keçirilməsi, Hərbi Qənimətlər Parkının və Zəfər parkının yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. Bu təşəbbüslər Azərbaycanın qəhrəmanlıq tarixinin qorunmasına, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə və hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir. Bu gün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma layihələri Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm hissəsidir. Uzun illər dağıntılara məruz qalmış yaşayış məntəqələri yenidən qurulur, müasir infrastruktur yaradılır, yollar, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına köçürülməsi həyata keçirilir. Məqsəd yalnız evlərin və binaların tikilməsi deyil, həmin ərazilərdə dayanıqlı yaşayışın, iqtisadi fəallığın və sosial rifahın təmin edilməsidir. Zəfərin mənəvi dəyərini müəyyən edən ən mühüm amillərdən biri də şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığıdır. Vətənin müdafiəsi uğrunda həyatını itirən igidlərimizin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması, müharibə əlillərinin reabilitasiyası, onların mənzil və məşğulluq məsələlərinin həlli dövlətin əsas sosial prioritetlərindəndir. YAŞAT Fondunun fəaliyyəti də bu istiqamətdə həyata keçirilən dəstək tədbirlərinin mühüm tərkib hissəsidir.
Tarixi Zəfər Azərbaycanın beynəlxalq mövqelərini də yeni mərhələyə yüksəltmişdir. Ölkəmiz regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın inkişafı və uzunmüddətli sülhün təmin olunması istiqamətində təşəbbüslər irəli sürür. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində əhəmiyyətli mərhələ kimi qiymətləndirilir. Davamlı sülhün bərqərar olması üçün qarşılıqlı etimad, dövlətlərin suverenliyinə hörmət və beynəlxalq hüququn prinsiplərinə əməl edilməsi əsas şərtlərdir. 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yalnız keçmişdə qazandığı uğurun deyil, həm də gələcəyə inamının ifadəsidir. Bu gün bizə xatırladır ki, milli birlik, güclü dövlətçilik və Vətənə bağlılıq ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir. Qarabağın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi, Azərbaycan əsgərinin şücaəti və xalqımızın birliyi tariximizin ən qiymətli sərvətlərindən biri olaraq qalacaqdır.
Çinarə Tağızadə
NDU-nun nəzdində Naxçıvan Dövlət Texniki Kollecinin müəllimi,
YAP Naxçıvan şəəhər təşkilatının fəalı